Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   “RUSSONU QƏBİRDƏN ÇIXARTDIM” “RAMİZ RÖVŞƏNİN YAZDIQLARINI AŞIQLAR OXUYA BİLMİR”

  

“RUSSONU QƏBİRDƏN ÇIXARTDIM”

 “RAMİZ RÖVŞƏNİN YAZDIQLARINI AŞIQLAR OXUYA BİLMİR”

  

Kulis.az-ın suallarını Zəlimxan Yaqub cavablandırır.

- Zəlimxan müəllim, neçə yaşınız oldu?

- 63-ü dünən tamamladım.

- Ədəbiyyata gəlişinizi necə xatırlayırsınız, necə yazmağa başladınız?

- Bilirsənmi, mənim əzizim, mənim böyüdüyüm mühit, mənim uşaqlığım, mənim gəncliyim, 18 ilim Borçalıda keçdi. Borçalıda mən dağlara çox gedirdim, gəzməyi çox sevirdim, təbiəti çox sevirdim. Oranın cığırı, izi, yolu, aranı, dağı, daşı, kəkliyi - hamısı mənim təbiətimə hopurdu. Çox gəzən idim mən. Meşələri çox gəzirdim, ağacları çox sevirdim, quşları çox sevirdim. Quşların nəğmələrini çox sevirdim. Öz-özümə aşıq mahnıları oxuyurdum. Heç kəs öyrətməmişdi. Heç kəs öyrətməmişdi, saz çalırdım. Məni yetirən mühit özü çox varlı mühit idi. Orada təbiət həddən çox zəngin idi. Borçalı mahalında çox zəngin folklor var. Çox böyük ustad aşıqlar var, ozanlar var. Ozan səviyyəli şəxsiyyətlər var. Şeir nədi, şair nədi, ədəbiyyat adamı nədi, söz qədri bilmək nədi, onu qiymətləndirən, yüksək tutan, urvatlı, qiymətli adamlar var idi.

Və mən elə bir yerdə böyüdüm ki, orda şairə allah kimi baxırdılar. Bu saat da elə həmin məhəbbət qalır. Yəni orda ucuzlaşma yoxdu. Çünki Borçalı deyilən mühit Azərbaycandan kənarda hələ xam, işlənməmiş materialımızdı. Çox böyük zənginlik var orda. Mənim uşaqlığım və gəncliyim orda keçdi. Anam ədəbiyyatı, xalq mahnılarını gözəl bilən, hətta oxuyan–özümüz üçün- adam idi. Baxmayaraq ki, atam riyaziyyat müəllimi idi, amma çox mütaliə edirdi. Mən şeirə çox meyl edirdim, o nəsri oxuyurdu, şeir oxumurdu.

Anamın laylaları, bayatıları, nağılları, danışdığı söhbətlər, babamın, əmilərimin qaçaq-qoçaqlar haqqında, mərdlər və ərənlər haqında, ərlər haqqında, yaxşı kişilər haqqında, igidlər haqqında söhbətlərinə qulaq asardım. Yəni mənim böyüdüyüm mühit çox zəngin idi, bu gün də çox zəngindi. Oğul istəyir onu kəşf edə. Oranın yaylaqları çox gözəldi, genişliyi çoxdu, bulaqları çoxdu. Məsələn, mən bu yay ora gedəndə sürücümə dedim ki, bütün bulaqları gəzməliyik. O bulaqların hamısını ziyarət eləməliyəm. Bunun heç birində mən dolçayla su götürmədim. Hamısında bulağın gözündə diz çökdüm, su içdim. Çünki uşaqlıqdan o bulaqlarla sirdaş olmuşam.

Yəni məni böyüdən mühit, təbiət çox zəngin oldu. Cığırından, yolundan tutmuş, göyünə qədər hər yerdə zənginlik gördüm, gözəllik gördüm, yaxşı mənada insanın ağlını başından alan divanəlik gördüm. O mühitdə də böyüdük və yaxşı böyüdük. Yaxşı ailədə böyüdüm, yaxşı nəsildə böyüdüm. Bu gün mənimlə bağlı bir yazı çıxıb “525-ci qəzet”də. Bu ilin ədəbi hadisəsi kimi mənim albomum haqqında bir yazı çıxıb. Albomun tərtibatçısı professor Teymur Əhmədov onu 3 ilə hazırlayıb. Orda da dediyim şeylər yazılıb. Mənim şairlik aləminə gəlməyim anamın yetimliyi ilə bağlı olub. 1937-ci ildə anamın atası Qurban kişini menşevik adı ilə sürgün ediblər. Anamın 83 yaşı var, bu gün də yollara baxır ki, atam gələcək. 83 ildi onun həsrəti tükənməyib. Yəni, anamın kədəri, göz yaşları, ağlaya-ağlaya oxuduğu bayatılar, atamın danışdığı əhvalatlar, əmilərimin, babalarımın köhnə kişilərlə bağlı gözəl söhbətləri-hamısı məni bu aləmə gətirdi ki, mən gözümü açanda gördüm yazıram, deyirəm.

- Bəs uşaq vaxtı kitablar təsir etmişdimi sizə?

- Mənə belə gəlir ki, kitabsız heç bir ucalıq, heç bir yüksəliş yoxdu. Mən lap uşaqlıqdan kitab oxuyan olmuşam. Çünki atamı həmişə mütaliə edən görmüşəm; oturanda kitab oxuyurdu, yerinin içində kitab oxuyurdu, yemək yeyəndə kitab oxuyurdu. Mən də onun ailəsində böyüdüm, gözümü açandan özümü kitabın içində gördüm.

Amma şübhəsiz bu gün sizin oxuduğunuz kitablar deyildi, dünya ədəbiyyatının nümunələri deyildi. Mən məhəlli xarakterli kitablar oxuyardım. Getdikcə dünyam böyüdü, viktor hüqolar, tolstoylar, dostoyevskilər, heminqiueylər, folknerlər, kimlər-kimlər, bu cür adamları oxuduqca içərim böyüdü. Mənim 25-dən artıq poemalarım var, irihəcmli əsərlərim çoxdu. Bu əsərlər hamısı ondan yarandı ki, mən epik əsərləri çox oxudum. Lirik əsərləri ruhumun oynamağı üçün oxuyurdum, amma epik əsərlər, o hadisələrin genişliyi, qoyulan hadisələrin böyüklüyü, köklü-köməcli məsələlər, ictimaiyyətlə-cəmiyyətlə bağlı böyük məsələlər, insan taleyi ilə bağlı məsələlər, tutaq ki, Jan Valjan özü bir məktəbdi,  öyrənmək gərək. Hüqonun özü bir peyğəmbərdi, Jan Valjan peyğəmbər kimi bir adamdı.

Tolstoyun əsərlərinə fikir verin, dünyanın ən vicdansız adamı gəlir ən gözəl adamı olur, ya əksinə, ən vicdanlı adam gəlir ən vicdansız adam olur. İstər Tolstoy olsun, istər Dostoyevski, istər Hüqo olsun bu qəhrəmanları axırda peyğəmbər kimi böyüdürlər. Doğurdan da baxıb görürsən ki, insan özü peyğəmbərdi. Sadəcə olaraq kim nə cür inkişaf edir, bunun rolu böyükdü.

Dostoyevskinin böyüdüyü mühitlə Tostoyun böyüdüyü mühit arasında çox böyük fərq var. Amma ikisi də dahidi. Dünyanın bütün yazıçıları, bu gün də istər Amerika yazıçısı olsun, istər ispan, haranın yazıçısı olursa-olsun, hamısı deyir, müəllimim Dostoyevskidi, müəllimim Tolstoydu.

- Bəs sizə ilk təsir edən kitab hansı idi? Xatırlaya bilirsinizmi?

- “Gənc Verterin iztirabları”. O kitab məni dəli eləyib.

- Neçə yaşında oxumuşdunuz onu?

- Yeddi-səkkizinci sinifdə oxuyardım. Bir haşiyə çıxım. Astaraya getmişdim. 1983-85-ci illər olardı. Özü də Azərbaycanda nə qədər kitabxanaçılar varsa mənə doğmadılar. Çünki özüm kitabxanaçılıq fakültəsini bitirmişəm. Hər yerdə onlarla qarşılaşıram. Hansı rayona getsəm, kitabxanaya, bir də qəbiristanlığa baş çəkirəm.

Çünki ikisində də həyat var. Ölümün özündə də həyat var, qəbirdə də həyat var. Kitabxanada da bilirsən ki, dahilərlə söhbət edirsən.

Astarada görüşdən sonra dedilər ki, səni bir həftə buraxmayacağıq. Öz-özümə fikirləşdim ki, bir həftə burdayamsa bir işlə məşğul olum. Getdim kitabxanaya, dedim mənə elə bir kitab verin ki, maraqlı olsun, burda qaldığım gecələrdə oxuyum. Mənə Lion Feyxtvangerin “Qəribə adamın müdrikliyi və Jan Jak Russonun ölümü və ölməzliyi” kitabını verdilər. Orda hadisələr belədir. Deməli Russo ölür, onu aparıb kənddə onuncu dərəcəli bir yerdə basdırırlar. On ildən sonra Fransa ictimaiyyəti ayılır ki, dahi bir adam ölüb, bunlarsa onu aparıb künc-bucaqda dəfn ediblər. Bir komissiya təşkil olunur, Russonu qəbirdən çıxarıb gətirib Panteonda dəfn edirlər.

Mən bu əsəri oxudum, amma bitirə bilməmişdim, 3-4 vərəq qalmışdı. Bunu televizorda da danışmışam. Belə hadisələr çox gəlib başıma. Oxuduğum hadisələr gecələr yuxuma girib, iştirakçısı olmuşam. Hə, mehmanxana müdiri gəlib  dedi ki, oğlum bir nəfər var, amma yerimiz yoxdu. Olarmı bu gecə sənin nömrəndə qalsın, sabaha yerləşdirərik? Dedim nə olar, qoy gəlib qalsın.

Mən də yekəqarın adamları görəndə çox pis oluram. Çünki onlar yaman xoruldayan olurlar, xoruldayan adamın da yanında yatmaq çox çətindir. Dedim, ay allah, nə ola yekəqarın olmaya. Gəldi, gördüm çox yekəqarın, yekəpər kişidi. Deyəsən yorğun idi, elə gələn kimi də salamsız-kəlamsız uzanıb yatdı. Bu uzanan kimi başladı xoruldamağa. Gördüm yox, yata bilməyəcəm, götürdüm kitabı, başladım oxumağa. Kitabı oxudum qurtardım və yuxuya getdim.

Əsərdəki hadisələr yuxuma girdi. Komissiya üzvləri ilə bir “polutorka” maşında Parisdən Russonun qəbrini açmağa getdik. Həyatda olan kimi orda da qaynar təbiətli idim, dedim adınızı kişi qoymusuz, amma biriniz də qəbirə düşmürsüz. Özümü guppultuyla qəbirə atdım. Tabutu qaldıranda qapağı qaçdı, Russo mənə baxdı. Başladım çığırmağa. Elə çığıra-çığıra da yuxudan ayıldım. Gördüm qapı divara çırpıldı. İşığı yandırdım. Bütün tərin içindəydim. Kişi də gedib aşağıda deyib ki, orda bir dəli var, məni öldürürdü.

Şillerin “Qaçaqlar”ında Frans Ferdinandın qılınc çəkmə yeri var, “Qaçaq”larda qılınc çəkmişəm, “Koroğlu” dastanında Koroğlu olmuşam, Aşıq Qərib olmuşam. Aşıq Ələsgəri yuxuda görmüşəm, Səməd Vurğunu yuxuda görmüşəm. Oxuduğum kitablar mənim həyatım olub, mənim taleyim olub, mənə yolgöstərən olub, bələdçi olub. Uğurlu yol diləyən yolçu olub. Yəni, kitablar olmasaydı, biz gəlib harasa çıxa bilməzdik. Kitab mənə çox şey verdi. Məndə mütaliə də güclü olub, müşahidə də..

- Ədəbi mühitə gəlməyinizi necə xatırlayırsınız? Yetmişinci illərdə gəlmisiniz də?

- Mən hələ tələbə olmamışdan qabaq Gürcüstanda məşhur şair idim. İlk şeirim meşəbəyiyə həsr olunub, ilk mətbu şeirim isə Şota Rustaveliyə həsr olunub. Şota Rustavelinin yubileyi idi, gürcülər də var idi, azərbaycanlılar da, mən onların qarşısında çıxış elədim. Elə ondan da tanınmağa başladım. Həmin şeir 1966-cı ildə Bolinis rayonunda “Qələbə bayrağı” qəzetində çap olunmuşdu. Ondan sonra rayon mətbuatında, Tiflis mətbuatında müntəzəm çap olunmağa başladım. Yaxşı da qarşılayırdılar. Çünki mən ədəbiyyata gələndə yaxşı gəldim, pəltəkləmədim. Dilim gözəl oldu, ruhum gözəl oldu, təbiətim gözəl oldu. Dünyam geniş oldu. Yaxşı adamlarla əlaqə saxladım. Yaxşı insanlarla ünsiyyətdə oldum. Mən Kəpənikçidən Bolinisə, Bolinisdən Marneula, Marneuldan Tiflisə, Tiflisdən də Bakıya gəldim.

Bakıda da çox gözəl şəxsiyyətlərlə qarşılaşdım. Xudu Məmmədovla dost oldum, Yaşar Qarayevlə dost oldum. Yazıçılarla dostlaşdım, hamısı mənim xətrimi çox istədi. Osman Sarıvəlli, Hüseyn Arif, kim, kim mənə həmişə öz balaları kimi hörmət elədilər. Mən ədəbiyyatda pis üz görmədim. Həmişə şəxsiyyətlərdən, tənqidçilərdən, yazıçılardan da, şairlərdən də, universitetdə müəllimlərdən də, tələbə yoldaşlarımdan da həmişə yaxşılıq gördüm və bir gün də olsun yaradıcılıqdan qalmadım, yazmaqla yaratmaqla, oxumaqla məşğul oldum.

- Neçənci ildə Yazıçılar Birliyinin üzvü olmusuz?

- 1983-cü ildə.

- O vaxt çap olunmaq çətin idi. Əsərlər “Ulduz”, “Azərbaycan” jurnallarında aylarla çap növbəsi gözləyirdi. Sizdə necə oldu?

- Mənim çap olunmağım Əli Fəhmi ilə bağlı oldu. Mənim müəllimim idi. O, çox böyük şərqşünas idi, Quranı əzbər bilirdi, klassik ədəbiyyatı çox gözəl bilirdi. Təzə dərsə gəlmişik, dedilər ki, müəllimimiz Əli Fəhmidir. Çox sevindik. Onun hafizəsi dəhşət idi. Ədəbiyyatı əzbər bilirdi. Mən elə adam görməmişəm. Onların əsilləri İrandan idi. Sabunçuda yaşayırdılar. Bir az da axsayırdı. Auditoriyaya gəldi, bir-bir jurnalda adları oxuyur, tələbələrlə tanış olur. Mənim də soyadım – Yaqubov- əlifba sırası ilə jurnalın axırındadı. Məni ayağa qaldırıb dedi hardan gəlmisən? Mən də bir misra dedim:

Sizi ünvanımdan edirəm halı,

Adım Zəlimxandı, yurdum Borçalı.

Mən bunu deyəndə yerindən qalxdı: “Atam-anam sana savar olsun”. Mən nə bilim “savar” nə deməkdi. Sən demə “atam-anam səni minsin ” deyir (gülür). Dedi, onu bir də de. Mən misranı təkrar etdim. Əli Fəhmi dedi: “Yetim, tənəffüsdə müəllimlər otağına, yanıma gələrsən”. Bir məktub yazıb mənə verdi. Tapşırdı ki, “Ədəbiyyat” qəzetinə gedib şeirlərimi Qabil müəllim verim.

- Şair Qabil?

- Hə. Qabil onda “Ədəbiyyat” qəzetində poeziya şöbəsinin müdiri işləyirdi. Getdim yanına, şeirlərimi oxudum. Dedi, gözəl şeirlərdi. Mən çıxmaq istəyəndə dedi, dayan, birdən elə bilərsən, məndən yaxşı şairsən, elə deyil, yaxşı şair mənəm, sən məndən sonrasan. Belə bir zarafat da elədi. Bir həftə sonra şeirlər çap olundu.

- Bu neçənci ildə oldu?

- Təzə gəlmişdim, ya 1968-ci il idi, ya da 1969-cu il. Bundan sonra mənim ədəbi mühitdə möhkəmlənməyim Hüseyn Ariflə bağlı oldu, Osman Sarıvəlli ilə bağlı oldu. Yazıçılar Birliyinə bir şagird dəftəri şeirlər gətirdim. Osman Sarıvəlli poeziya üzrə məsləhətçi idi. Əvvəl həmin otaqda Səməd Vurğun otururdu. Girdim otağa. Dedi:

- Ay oğul, hardan gəlmisən?

Mən “Borçalıdan” deyəndə sevindi. Dedi, “gəl, ay oğul. O əlindəki nədi?”

 Dedim:

- Şeir gətirmişəm.

Osman Sarıvəlli dedi:

- O dəftərindəki şeirlərindən başında varmı?

Mən:

- O şeirlərin hamısı yaddaşımdadı, bunu elə-belə gətirmişəm baxasınız.

O da dedi ki, birini oxu. Mən də bu şeiri oxudum:

 

Dünən bulaq üstə qızın, gəlinin,

Toy-nişan barədə sözü düşübdü.

Deyirlər təzə bəy olmaq istəyir,

Aranın yaylağa gözü düşübdü.

 

Çəmənlər torpağa döşəyib xalı,

Nişana hazırdı, əmliyi, balı.

Əlləri həsrətdən qalıb uzalı,

Elçi-dərələrin özü düşübdü.

 

Sığmayıb bu sevgi, misraya, bəndə,

Yayılıb sədası şəhərə, kəndə.

Vətən torpağını toylu görəndə,

Sinəmə sənətin közü düşübdü.

Mən bu şeiri oxudum. Amma dizlərim əsirdi. Dünənin uşağı iki böyük şairin qabağında şeir oxuyur. Hüseyn Arif dedi ki, Osman qağa, mən bu uşağı götürüb gedirəm. Osman Sərvəlli dedi ki, dayan, ikinci bəndi bir də oxu. Oxudum. Dedi ki, a bala, heç sənin atan - dədən, əmin - dayın əmliklə bal sözünü bir yerdə işlədiblərmi? “Nişana hazırdı kərəsi, balı” denən. Balla, əmlik kəlməsi işlənməz, kərə işlənər. Söz var, sözün dayısı oğludu, qohumudu. Elə yaz ki, söz həmişə gözəl olsun. Dilini həmişə gözəl öyrət.

Sonra Hüseyn Arif məni götürdü, o zaman Dram Teatrının yanında yerləşən “Fərhad” restoranına getdik. Hüseyn Arif oranı bəyənmədi, evlərinə getdik. Yoldaşı Məleykə bacıya dedi ki, ay Məleykə, bir şair oğlan tapıb gətirmişəm, bu gündən sonra sənə oğul olacaq. Məleykə bacı bizə bir yaxşı süfrə hazırladı. Konyak da vurduq. Şənbə günü məndən şeirləri götürdü, ikinci gün “Gənclər” qəzetində “Qığılcımdan od törəyər” başlığı ilə mənim şeirlərim çap olundu. “Uğurlu yol”u da Hüseyn Arif yazmışdı. Mənim ədəbi mühitə gəlməyib Hüseyn Arifin uğurlu yolu ilə bağlıdı, Qabilin verdiyi şeirləri ilə bağlıdı, Əli Fəhminin imzası ilə bağlıdı. Yəni, xeyirxah adamların xeyirxah niyyəti ilə bağlıdı. Mən də sonralar bütün ömrüm boyu çalışdım ki, gənclərlə yaxşı münasibətdə olaq, gənclərlə xeyirxah münasibətdə olaq, gənclərin hər cür cığallığına dözək, gənclərin ərkəsöyünlüyünə dözək. Gəncləri elə yolla aparaq ki, onlar ağsaqqallara hörmət eləsinlər. Ağsaqqal hörmət etmək gənclərin borcudu, gənclərə də qayğı göstərmək ağsaqqalların borcudu.

- Hüseyn Arifi necə xatırlayırsınız? Onun lətifələr kitabı da çap olunmuşdu, yenidən latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunub. Onun haqqında çoxlu lətifələr var. Hüseyn Arifi ən yaxından tanıyan adamlardan biri kimi onu necə xatırlayırsınız?

- Hüseyn Ariflə mən çox yaxın olmuşam. Məni qədər ona yaxın ikinci adam olmayıb. 10-15 il bir yerdə olmuşuq. Hüseyn Arif çox təbii bir adam idi. Kitablarda yazılanlar onun heç 50 faizi də deyil. Danışıqda çox şey itir. Onun haqqında hamısı yazılmayıb. Hüseyn Arif danışanda, Hüseyn Arif ağlayanda, Hüseyn Arif güləndə, Hüseyn Arif söhbət edəndə bir dünya olurdu. Onunla onca dəqiqə söhbət edəndə onun nə qədər böyük şair olduğunu görürdün, özünü də şair hesab edirdin. Amma elə şairlər var ki, beş saat söhbət edirsən, nə onun şairliyindən bir şey başa düşürsən, nə də sənin şairliyindən bir şey qalır. O, elə təbii idi, elə gözəl adam idi, təbiəti o qədər gözəl bilirdi, təbiətin dilini o qədər gözəl bilirdi, quşları adından, gülləri adı ilə, qayaları, daşları adı ilə, aranı, yaylağı, dağı bilən adam idi.

Mənlə bağlı “Zəlimxan ədəbi düşüncədə” adlı iki cildlik kitab çap olunub. Üçüncü cild də çapa hazırlanır. Bir də başqa kitab var, orda mənim haqqımda yazılanlar toplanıb. Orda mənə aid yazılanların hamısı yaxşıdı, bütün yazanların hamısına hörmətim var, amma Hüseyn Arifin yazdığına heç kəs çatmır. Balaca bir şey yazıb: “Bir gün meşəyə getmişdim. Meşəbəyi yeyib-içəndən sonra dedi, sənə bir şey göstərəcəm. Meşəbəyi bir səs çıxartdı, bütün marallar yığıldı başına. Sonra ağacdan bir alma üzdü, uzatdı maralların birinə. Maral başını uzadıb almanı aldı və yedi. Yenə  alma dərdi. Almanı dişlədi, marala uzatdı. Maral fınxırdı, ildırım sürəti ilə aralandı, digər marallar da dalıyca götürüldü. Məlum oldu ki, maral nəfsi təmiz nəfsdi. Özgənin dişi, dili, dodağı dəyən heç nəyi qəbul eləmir, gərək özü yesin. Zəlimxanın ilhamı da belədi. Təmizdi, durudu, gözəldi”.

Bu bir romandı, bir hekayətdi, bir əhvalatdı, bir həyatdı. Bax, Hüseyn Arif həddindən artıq təbii adam idi. O ağlayanda da təbii idi, güləndə də təbii idi, danışanda da də təbii idi. Onun sünilikdən zəhləsi gedirdi. Nə deyirdisə hamısı təbii idi. Hüseyn Arif haqqında yazılanlar onun heç ondan biri də deyil. Bir də görürdün ağlaya-ağlaya qaqqıltı ilə gülür. Başa düşə bilmirdin, ağlamaq nədi, gülmək nədi. Allah heç kimə vaxtsız itkilər verməsin. Oğlu ölən atalar çox görmüşük. Hüseyn Arif dəhşət idi. Arif (oğlunun adı Arif idi-red.) deyəndə bürüşürdü, yumaq olurdu, bir də açılırdı. Arifə görə o dünyadan getdi, yoxsa yaşayacaqdı, çox yaşayacaqdı.

- Avtomobil qəzasında öldü deyəsən. Neçə yaşı vardı?

- Dəqiq bilmirəm, 21 ya 25 yaşında avtomobil qəzasında həlak oldu.

- İsmayıl Şıxlını necə xatırlayırsınız?

- İsmayıl Şıxlı çox gözəl şəxsiyyət idi. Amma onunla çox yaxın olmamışıq. O, vəzifədə idi. Yazıçılar İttifaqının birinci katibi idi. Atam vəfat edəndə “qırx”ını Bakıda verdim. Onda yazıçılarla birgə o da gəlmişdi. Mənim vəziyyətim çox pis idi. O məni yanına çağırdı. Dedi ki, bala, sən dünənin uşağısan, amma sənin atanın yasına mən gəlmişəm, bu yazıçılar gəlib. Sənin atan xoşbəxt ölüb. Bəs biz nə edək, bizim atamız yoxdu, biz də yetimik. Ona görə də sən bunu özünə dərd eləmə. Sən fəxr elə ki, belə bir oğul kimi yetişibsən. İsmayıl Şıxlı şəxsiyyət kimi çox güclü adam idi, xeyirxah adam idi, düz adam idi, təmiz adam idi, kristal adam idi. Onu həmişə gözəl duyğularla xatırlayıram.

 

- O dövrdə ədəbiyyatda Səməd Vurğunla Rəsul Rza davamçıları arasında estetik olaraq belə bir mübarizə vardı. Sizi daha çox Səməd Vurğun tərəfə yaxın bilirlər. O konfliktlər necə idi?

- Düzdü, iki qüvvə bir-biri ilə toqquşurdu. Amma mən heç vaxt, heç kimin yanında nə Səməd Vurğunu aşağılamamışam, nə Rəsul Rzanı. İkisi də xalqın böyük şairləridi. Onlara həmişə böyük hörmətim olub. Xalqın böyük şairlərini gərək qiymətləndirəsən. Onlar çətinliklərlə, zülm-zillətlə böyüyüblər. Onların zəhmətini, şəxsiyyətini qiymətləndirməlisən. Mənə elə gəlir ki, ədəbiyyatda heç kəsi aşağılamaq olmaz. Hərənin öz zəhməti müqabilində ona qiymət vermək lazımdı.

- Rəsul Rzanı görmüşdünüz?

- Bir dəfə görmüşəm. Mən gənc olanda o vəfat eləyib.

- Siz bu mübarizələrə qarışmamısınız. Bəs doğurdan onların ardıclıları arasında belə qəti mübarizə var idi?

- Yox o qədər də kəskin deyildi. Bəzən açıq müstəviyə də çıxıb, amma çox vaxt üstüörtülü gedib. Biri desin “mən Səməd Vurğun yolunun yolçusuyam”, o biri desin “mən Rəsul Rza yolunun yolçusuyam” belə şey olmayıb. Hamı öz yolu ilə gedib və bilib hara gedib.

- Vaqif Nəsib müsahibəsində demişdi ki, mən Rəsul Rzanın tərəfində idim, onun yanında da işləyirdim. Hüseyn Arif də mənə deyirdi ki, sən söyüd ağacısan. Səni sancmışıq Rəsul Rzanın çəpərinə ki, onu dağıdasan. Doğurdan agent kimi işləyən adamlar var idi?

- Vallah, mən o işlərin heç birində olmamışam. Mən kənarda olmuşam. Heç bir mübahisəyə qoşulmamışam, bilmişəm ki, bu mübahisələrin, dedi-qoduların ömrü yoxdu, gödəkdi, ancaq qalan yaradıcılıqdı, halal yazılardı, halal əməkdi. Ona görə mən heç vaxt o şeylərə qarışmamışam, fikir verməmişəm. Elə şeylər vaxt alır, həddindən artıq vaxt aparır. Ömrü lazımlı şeylərə sərf eləmək lazımdı.

- İlk kitabınız nə vaxt çap olundu?

- 80-ci ildə, otuz yaşım olanda. “Könlümün səsi” adlı kitab idi.

- Ön sözü kim yazmışdı?

- Ön söz yazılmadı. Əvvəlcə dedilər yazılacaq, amma yazılmadı. Mən istəyirdim kitabda ön söz getsin. Məşhur şair idim. Amma kitabım çıxmamışdı. Ona görə istəyirdim kitab ön sözlə çıxsın. “Azərnəşr”ə gəldim. Baş redaktor, rəhmətlik Əzizə Əhmədova dedi ki, ilk söz getməyəcək. Qanı qara pillələri düşəndə Əli Vəliyevə rast gəldim. Onunla aram çox yaxşı idi. Dedi ki, nə olub. Dedim ki, kitabda ilk söz verməyəcəklər. Mənə “aşağıda gözlə” deyib yarım saatdan sonra gəldi. Dedi: “Yoldaş Yaqubov (həmişə mənə belə müraciət edirdi) bağışla, sənin xahişini yerinə yetirə bilmədik. Mərkəzi Komitənin qəti qərarı var, ilk kitablarda giriş sözü olmayacaq.”

Özümdən incik düşdüm. Daha kitabın dalıyca düşmədim. Məni Osman Sarıvəlli yolumdan döndərdi. Dedi ki, get maraqlan. Bu dəfə yenə “Azərnəşr”dən düşəndə Süleyman Rəhimova rast gəldim. Görüşdük. Oğlum deyirdi mənə həmişə. Ona dedim ki, Süleyman müəllim, ilk kitabım çıxasıdı, deyirlər bir çap vərəqindən artıq olmaz. Dedi ki, narahat olma, burda dur gəlirəm. Yuxarı çıxdı, yarım saat sonra düşdü. Getdik evlərinə. Yoldaşına dedi ki, bizə konyak ver. Süfrə açıldı, konyak gəldi, dovğa gəldi. Konyakı süzdü. Dedi: “Bunu içək, sonra danışarıq.” Konyakı içdik, dovğadan yedik, otağa getdi. Mətbuat komitəsinin katibi Marat Allahverdiyevə zəng vurdu. Dedi: “Marat, yanına bir od parçası göndərirəm, o ədəbiyyatımızın gələcəyidi, onunla məşğul ol.” Dəstəyi qoyandan sonra gəldi dedi ki, konyakını içdinmi, dovğanı yedinmi, qarnın bərkidimi, di get, Marat səni gözləyir.

Getdim gördüm gözləmə zalında çoxlu adam var. Amma Marat müəllim tapşırıq verib deyə heç kimi buraxmırlar, məni gözləyirlər. Sən demə, Marat müəllim Süleyman Rəhimovun zənginə görə o adamları qapıda saxlatdırıb, məni gözləyir. İçəri keçdim.

O mənə çox quru dedi ki, eşidirəm. Mən də gördüm o söhbətə körpü salmadı, birbaşa mətləbə keçdi. Ona görə də quru-quru cavab verdim ki, mənim ilk kitabım çıxır. Əzizə Əhmədova isə deyir ki, bir çap vərəqindən artıq olmaz, mən də razılaşmıram. Dedi ki, dilinin altına qənd qoy, şirin danış. Cavab verdim ki, dilinin altına qəndi mən yox, cəmiyyət qoymalıdı ki, mən şirin danışım. Arxam bərkdi axı. Süleyman Rəhimov tapşırmışdı. Ona görə belə dedim. Daha heç nə demədi, birbaşa Əzizə xanımı yığıb dedi ki, Zəlimxan Yaqublunun əlyazmasında nə var hamısını ver, ordan heç bir şey çıxartma.

İki çap vərəqinə yaxın şeirim oldu. Qonorarı alanda o xahişlə çıxan hissənin pulunu ayırıb zərfə qoydum. Kitabı götürüb Süleyman Rəhimovgilə gəldim. Qapıdaca görüşdük. Kitabı göstərərək dedim kitabım çıxıb. Gülə-gülə dedi ki, bu kitab deyil. Əgər şeirdisə,  5 çap vərəqi olanda kitab olur, nəsrdirsə gərək 20 çap vərəqi olsun. (gülür). Rəhmətlik öz arşını il ölçürdü. Zərfi uzatdım, dedim: “Süleyman müəllim bu pul sizə çatacaq.” Möhkəmdən güldü, pulu götürdü, ayağa durdu, kitab rəfinə yaxınlaşıb bir kitabın arasından pul götürdü, mənim pulumun üstünə qoyub gətirdi mənə verdi. Dedi: “Bu da mənim şirinliyim xərcləyərsən.”

- Bəs ön sözü kimin yazmağını istəyirdiniz?

- Ya Osman Sarıvəlli, ya Hüseyn Arif. İkisindən birinin yazmasını istəyirdim. O kitab haqqında sonra Osman Sarıvəlli də, Hüseyn Arif də yazdı.

- O dövrdə tənqidin kəskin olmasından şikayətlənirlər. Misal üçün Anar atasının haqqında yazılan tənqidi məqalələri kitab halında çap etdirib. Musa Yaqub da deyir ki, mənimlə bağlı kəskin tənqid olub. Amma sizin haqqınızda tənqidi yazılar olmayıb. 

- Mənlə bağlı yüzlərlə məqalə yazılıb. Onun içində bircə dənə tənqidi məqalə var. O da Qulu Xəlilovun yazısıdı. Adı “Zəlimxan Yaquba açıq məktub”du.

- Nə vaxt olub?

- Birinci kitabım çıxanda yazmışdı. Hər yerdən məktublar gəlirdi ki, sən Zəlimxan Yaqubu niyə tənqid eləyirsən.

- O məqalədə nə yazılmışdı?

 

- Yaxşı məqalə idi. Amma tənqidinin əsas canı bu idi ki, sənin poeziyanda kolxoz yoxdu, fabrik yoxdu, zavod yoxdu, pambıq yoxdu, sünbül yoxdu, traktor yoxdu, müasir həyat yoxdu, ictimai həyat yoxdu. Mən də güldən-çiçəkdən, dağdan-daşdan, bulaqdan-təbiətdən yazırdım. Qulu Xəlilovun tənqidi o dövrün ruhuna əsaslanırdı. Yəni əslində orda elə də ciddi tənqid yox idi. Qulu Xəlilovun bu məqaləsindən sonra mənə yüzlərlə məktub gəldi.

- Bəs niyə görə başqaları sizin haqqınızda tənqid yazmırdılar?

- Mənə elə gəlir ki, heç kəs yazmağa ürək eləmirdi. Çünki məni həmişə belə şeylərdən kənar görürdülər. Mən könül bulandıran, xəyal küsdürən, dil gödək eləyən, başı qapazlı edən şeylərdən mən həmişə uzaq olurdum. Heç bir cərəyana qoşulmurdum. Mən deyirdim, allah verən nədirsə o yolla da gedəcəyəm. O yolla da gedirdim. Bu gün də sizin qarşınızda oturan Zəlimxan Yaqub allah nəyi veribsə onunla gedib. Bax indi Avropa ədəbiyyatını oxuyuram, Nobel mükafatçılarını oxuyuram. Hamısı gözəldi. Amma mənim öz yolum var, 63 yaşımda öz yolumu qoyum başqa yolla gedim? Öz yolunla gedəndə gözəl olur. Bəxtiyar Vahabzadənin bir şeiri var:

Təzə yol deyib də qışqırmayın siz,

Sənət aləmində yol birmi, yüzmü.

Əsl sənətkarı yolsuz, cığırsız

heç gördünüzmü

Yaz ürək deyəni, könül deyəni

Yol özü dolanıb tapacaq səni

Levə nə deyirsən, o qoca loğman

Özgə bulağından qətrə içmədi.

Fövqəlbəşər oldu, ancaq heç zaman

Mujik paltarını heç dəyişmədi.

Doğurdan da, gərək həmişə özün olasan, içərin olsun, içərin.

- Siz elə o vaxtdan Aşıqlar Birliyinin də üzvü idiniz?

- Yox, mən heç vaxt Aşıqlar Birliyinin üzvü olmamışam.

- Hüseyn Arif Aşıqlar Birliyinin sədri olanda siz üzvü deyildiniz?

- Yox, deyildim.

- Cəmiyyətdə sizin belə bir imiciniz formalaşıb ki, həddən çox şeir bilirsiniz. Maraqlıdır, nə qədər şeir bilirsiniz?

- Dəqiq bilmirəm. Çox sevdiyimiz nə qədər Azərbaycan şairi varsa hamısının şeirlərini bilirəm.

- Səməd Vurğundan nə qədər şeir bilirsiniz?

- Konkret deyə bilmərəm, amma çox bilirəm. Səməd Vurğunun gözəl dili məni ovsunlamışdı. Ələsgərin dili, Səməd Vurğunun dili məni çox tez püxtələşdirdi. Yoxsa, mən kələ-kötür yazardım, köntöy yazardım. Saz, Ələsgər, Səməd Vurğun - bu üç varlıq həmişə məni gözəl saxladı, dilimi gözəl saxladı. Bəlkə də mənim özümü təmiz saxlamağım bu adamların tərbiyəsi ilə bağlı olub. Heç kəsin qiymətini aşağı salmaq lazım deyil. Hərənin öz qiyməti var.

- Yəqin əzbərləmirsiniz şeirləri?

- Yox əzbərləsəm o texniki bir şey olar və heç kəsə təsir eləməz. Bu ürəkdən gəlir. Azərbaycan xalqının dilində əzbər olan şairləri  mən də əzbər bilirəm. O şairlər ki xalqın yaddaşına köçüb onları əzbər bilirəm. O qədər zir-zibil var ki, kimdi onları əzbər bilən.

- Rəsul Rzadan şeir əzbər bilirsiz?

- Bilirəm.

- Yəni əzbərləmək heca ilə bağlı deyil?

- Yox. Yaxşı şeirdisə bilirəm. Baxmıram hecadı, əruzdu, sərbəstdi.

- Füzulidən də ?

- Füzulidən bilməmək günahdı. Füzuli sözün sehrbazıdı. Sözün başına elə oyun açır ki, özün də məəttəl qalırsan ki, sözü belə demək olar?

- Şair kimi sizə təsir edən üçlüyü deyə bilərsiz?

- Ələsgərdi, Səməd Vurğundu, Şəhriyardı. 

- Bəs Füzuli niyə yox?

-Füzuli çox yuxarıdadı.

- Səməd Vurğundan da yuxarıdadı?

- Çox yuxarıdadı. Səməd Vurğunun Füzuliyə yazdığı şeiri var. Füzuli şeirimizin peyğəmbəridi. Məmməd Araz demişkən, Füzulidən danışanda gərək ayağa qalxasan. Füzulini heç kimlə müqayisə eləmək olmaz.

- Nizami Cəfərov deyir ki, Zəlimxan Yaqub şair kimi daha xəlqidir, nəinki Ramiz Rövşən. Ramiz Rövşən ustad kimi Səməd Vurğunu yox, Füzulini qəbul edir. Sizin Ramiz Rövşənə münasibətiniz necədir, hansı şeirlərini sevirsiniz?

- Ramiz Rövşən sözün əsl mənasında böyük şairdi. Ədəbi mühitin barmaqla saydığı adamlardan biri də Ramiz Rövşəndi. Onun yaradıcılığına da, təbiətinə də, şəxsiyyətinə də böyük hörmətim var.

- Hansı şerini daha çox sevirsiniz?

- Ramizin yaxşı şeirləri çoxdu.

- Gəraylılar yazıb, onları necə qiymətləndirirsiniz?

- Düzdü, Ramizin gəraylıları da şeirin gəraylı formasıdı, amma aşıqların oxuduqları gəraylılar deyil.

- Aşıq onları oxuyar?

- Demək olar ki, oxumurlar.

- Niyə oxumurlar?

- Ramiz gəraylının daha çox texniki tərəfindən istifadə edir, daha intellektualdı. Aşıq Abbasın, Aşıq Ələsgərin şeirlərində xəlqilik var, amma intellekt yoxdu. Ramizdə intellekt var, intellekt qara saza getmir. Amma ikisi də gözəldi, bu da gözəldi, o da gözəldi.

- Ramiz Rövşənin gəraylılarından əzbər bilirsiniz?

- Bildiklərim var.

- Bəs Əli Kərimi necə qiymətləndirirsiniz?

- Əli Kərimin elə şeirləri var ki, o şeirlər tarixdə əbədi yaşaması üçün bəs edir. Füzuli haqqında yazdığı şeirdi, Babək haqqında yazdığı şeirdi, “İki sevgi”di, “Qaytar ana borcunu” və bir çox şeriləri var ki, onun tarixdə qalması üçün bəs edir. Onu zaman-zaman oxuyacaqlar.

- İndiki ədəbi mühiti, ədəbi gəncliyi necə qiymətləndirirsiniz?

- Bütün zamanlarda gənclik mühitində bir qarmaqarışıqlıq olub. Getdikcə o çalxalanmalar durulmağa doğru gedib və hərə özünə bir yol seçib. Həmişə olduğu kimi indi də gənclikdə dəliqanlılıq, çılğınlıq olduğu kimi bir çaşqınlıq da var. Amma mən istərdim ki, o çaşqınlıq uzun sürməsin. Gənclər öz yolunu tez tapsın. Öz gözəl yolu nədisə, o yolla getsin. Onun-bunun sözünə aldanmasın, öz ürəyinin səsinə qulaq assın. Gənclik ömrün çiçəkli fəslidi. Gənclikdə nə qədər çiçək açsan, payızda o qədər bar verəcəksən.

Gənclik gərək çoxlu mütaliə eləsin, yaxşı əsərlər oxusun. Məsələn, aşıq ədəbiyyatından, folklordan bildiyim yüzlərlə, minlərlə şeirlərin bəlkə də on faizini indiki gənclik bilmir. Bu çox pis şeydi, qorxulu şeydi. Avropa ədəbiyyatını oxuyursan çox yaxşı, Amerika ədəbiyyatını oxuyursan çox yaxşı, Nobel mükafatçılarının əsərlərini oxuyursan çox yaxşı, amma sənin kökün hanı, hardan gəlirsən, nədən mayalanıbsan, sən doğulanda dükandan alınan “malış”la böyüyübsən, yoxsa ana südüylə böyüyübsən, bunları bilməlisən. Buna görə də gənclik gərək öz xalqının tarixini yaxşı bilsin, ədəbiyyatını yaxşı bilsin. Marksın Engelsə bir məktubu var. Yazır ki, mənə pul göndər, filan kitabı almalıyam. Pulum yoxdu. Deyirlər filan əsər pis əsərdi. Oxuyum, görüm, zəifliyi nədədi. Gərək gənclik də məsələni belə qoysun ki, oxuyum görüm onun zəif cəhəti nədi, müsbət cəhəti nədi.

- Daha çox poeziyadan danışdıq. Azərbaycan nəsrində ən çox sevdiyiniz əsərlər hansılardı?

- Bizim indiki nəsildən fərqimiz o idi ki, biz seçmə üsul ilə oxumurduq. Nə əsərlər var idisə, Azərbaycan ədəbiyyatından kimlər tanınırdısa hamısını oxuyurdum. Süleyman Rəhimovdan, Sabit Rəhmandan, Əli Vəliyevdən üzü bu yana İsa Hüseynov, Anar, Elçin, Əkrəm Əylisli hamısını oxumuşam.

- Belə bir şərti bölgü var; ədəbiyyatdan gələnlər, həyatdan gələnlər. Siz özünüzü hansına aid edirsiniz?

- Mən həyatdan gəlmişəm. Çünki sənin yazdığın, mənim yazdığım, bax bu kitabxanada gördüyün, yüzlərlə, minlərlə kitablar, bunlar hamısı təbiətdən götürülmədi. Bunlar hamısı təbiətin əks-sədasıdı. Yazıçılar onları kitab edib verib bizə, biz də oxumuşuq. Mən xoşbəxtəm ki, həyatdan ədəbiyyata gəlmişəm. Həyatdan gəlmək daha gözəldi, daha uzun ömürlüdü, daha keyfiyyətlidi. Təbiətin özü kimi ədəbidi, bulaqların özü kim əbədidi, dağların özü kimi əbədidi. Ona görə təbiətdən gələn əsərlərin ömrü daha uzun olur.

- Mövlud Süleymanlını necə qiymətləndirirsiniz?

- Mövlud Süleymanlı müasir Azərbaycan ədəbiyyatında mənim çox sevdiyim yazıçılardan biridir. Onun istər təbiətdən, istər cəmiyyətdən götürdüyü o yolların hamısında bir təbiilik var. O sözün namusunu qoruyan yazıçıdı. Onun yaradıcılığında kişilik və qədimlik xüsusi qabardılır və istər-istəməz oxucunu yaxşı mənada havalandırır. Mövlud mənim üçün əziz yazıçıdı, gözəl insandı, onun yaratdıqlarının hamısını oxumuşam və fəxr edirəm ki, bizim belə bir yazıçımız var.

- Azərbaycan ədəbiyyatında ən çox sevdiyiniz roman hansı olub?

- İsa Hüseynovun bütün əsərləri mənim üçün ideal olaraq qalır. İsa Hüseynov nadir adamdı. O, hər adamın tərəzisində oturan deyil. Onun öz tərəzisi, öz dünyası var. Ona hər şey edildi. Dövlət tərəfindən nə lazımdısa edildi. Amma bununla belə o yetəri qiymətini hala bilmədi. Bütövlükdə açılıb oxuculara tam çatmayıb.

- Bu nə ilə əlaqədar oldu?

- Ədəbiyyatda olan xoşagəlməz cəhətlərlə bağlıdı. Onu açmadılar, açılmağa qoymadılar. Dərinə getməyəcəyəm.

- Yəni kimsə qabağına kötük itələdi, o mənada?

- Bəli, bəli.

Qan TURALI

Mirmehdi AĞAOĞLU

Qismət RÜSTƏMOV

  Geri