Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   "Allahdan nə gəlsə xoş gəlib"

 

"Allahdan nə gəlsə xoş gəlib" 

"Allahdan nə gəlsə xoş gəlib" 
Zəlimxan Yaqub: "Çalışıram ki, heç yerdə ağrımdan danışmayım"
 
 Onun üçün hamı darıxıb. Kükrəyən gur səsi, bayatı, qoşma, gəraylı... dolu sinəsi, ozan, aşıq, dastan dili üçün. Xeyli vaxtdır elindən ayrı düşmüşdü Zəlimxan Yaqub. Qürbət ellərdə doğmalar arasında yəqin darıxırmış buralar üçün. Nasazlıq da bir yandan... Şairlər həqiqətən uzaqgörən olur. Sanki belə bir zamanın gələcəyini duyubmuş şair; 
   
   Nahaq endik o dağların başından, 
   
   Gərək orda qal oğlu qal olaydıq.
   
   Ömrümüzü gül ömrünə döndərib
   
   Zirvədə qar, pətəkdə bal olaydıq.
   
   
   
   Ruh paklaşır, yağan qardan ağ olur,
   
   Can bərkiyir, saf poladdan sağ olur.
   
   Dağ başında vallah adam dağ olur,
   
   Nahaq endik o dağların başından...
   
   Nəhayət, Vətən həsrəti bitdi Zəlimxan Yaqubun və Bakıya dönən şairin ilk açdığı qapılardan biri "Şərq"in qapısı oldu. Qonağımız idi Zəlimxan Yaqub. Ağrı-acının şairin simasında saldığı izlər görünürdü. 
   
   Həmişəki şuxluğunu itirməmişdi, icazə versən, şəlalə kimi çağlayıb daşasıydı. Amma sağlıq durumuna bələd olduğumuzdan onu yormamaq üçün bir qədər ehmallı söhbət apardıq. 
   
   - Zəlimxan müəllim, neçə vaxtdır Vətəndən kənardasınız. Bu müddət ərzində ürəyinizdən nələr keçib, özünüzlə baş-başa qalanda ürəyinizə nələr demisiniz? Hansı hisslər keçirmisiniz?
   
   - Hər zaman sağlam, möhkəm olmuşam. Heç yuxuma da gəlməzdi ki, nə vaxtsa xəstələnərəm... Xəstəlik məni yaxaladı. Ancaq bunun da öhdəsindən gəlirəm. Son dövrlərdə ən çox Səməd Vurğunu, Məmməd Arazı, Əli Kərimi, Xəlil Rza Ulutürkü fikirləşirəm, vaxtında onların nələr çəkdiyini düşünürəm. Onların hər biri çox ağrılı-acılı həyat sürüb. Düzdür, S.Vurğunu, Əli Kərimi görməmişəm. Amma Məmməd Arazdı, Xəlil Rzadı, onlara yaxın olmuşam, onların kəşməkəşli həyat yolu gözümüzün qabağında keçib...
   
   Tək qalanda Tanrı ilə söhbət edir, Allahla danışıram. Yaşım artıq 60-ı keçib, 70-ə doğru gedir. Bu yaş dövründə də insanlar ən çox Tanrı ilə söhbət edir. Ömür boyu elədiyin səhvlər, günahlar, yaxşılıqlar, savab işlər barədə düşünürsən. Ömrünü saf-çürük edirsən. Almaniyada, Gürcüstanda, Türkiyədə, Azərbaycanda müalicə keçmişəm. Və gördüm ki, Azərbaycan başqa bir nemətdir. Azərbaycan çox müqəddəsdir. İnsanı, daşı-torpağı, yeri-göyü, ulduzu, çayı-bulağı ilə Azərbaycan başqa bir aləmdir. Həmişə bu torpağın şəxsiyyətləri ilə öyünmüşəm. Kimlər ki, mətbuatda bir-birini söyür, acılayır, bir-biri haqqında pis fikir yaradır. Onlar haqqında düşünürəm ki, bunlar nə istəyir? Axı ömrümüz həddindən artıq qısadır. Bu qısa, az ömürdə yaxşı işlər görmək, həmişə yaxşını görmək lazımdır. Ona görə də mətbuatda bir-birini söyənləri, didənləri görəndə çox ağrıyıram. Düşünürəm ki, insan niyə belədir. Axı niyə biz Allahın bizə verdiyi gödək ömrün qədrini bilmirik?! İnsan ölümündən sonrasını da fikirləşməlidir. Özündən sonra yaxşı iz buraxmaq üçün yaxşı yaşamalıdır. Mən belə fikirləşirəm. Bəlkə səhv, bəlkə düz, bilmirəm. Elə bilirəm ki, Zəlimxan Yaqub ömrünü yaxşı yaşayıb. Bundan sonra Allah nə qədər ömür verib, onu bilmirəm. Amma indiyə qədər yaşadığı ömürdə bir yazıçı, şair, dövlət adamı olaraq, heç kimə pislik etmədim. Heç kəs deyə bilməz ki, Zəlimxan filan yerdə filankəslə pis danışdı. Elə bir şey heç vaxt olmayıb. Həmişə insanı böyütməklə məşğul olmuşam. Çünki yaxşı adamlar yazan, danışan adamın, onlarla oturan adamın özü də yaxşı olur. Pisin yoldaşı da pis olur. Ən çox Nobel mükafatı olan yazıçıları, onların həyatını oxuyuram. Necə olub ki, onlar böyüyüb, yaxşı adam olublar. Kim nə yazırsa, elə özü odur. O mənada mən "Peyğəmbər"i, Heydər Əliyev haqqında yazanda da həmişə insanı böyük görək istəmişəm. Böyük görmək istədiyim insanların hamısı böyükdür də. Bu gün mən öz komama çəkilmişəm. Xalq məndən, mən xalqdan ötrü darıxmışam. 
   
   - Bəs səhhətiniz necədir? Müalicə davam edir? 
   
   - Səhhətimin öhdəsindən gəlirəm. Allah heç kəsə ağrı, çətinlik verməsin. Ağrı pis şeydir. Yenə də dözürəm...
   
   "Yarım bilməz, Lələm bilməz,
   
   İçim bilər, aləm bilməz,
   
   Mən çəkəni qələm bilməz,
   
   Nə çəkdimsə, mən bilmişəm..."
   
   - Almaniyaya nə vaxt qayıtmalısınız? 
   
   - Bu yaxınlarda gəlmişəm. Bir də yanvarda gedəcəm. Orda məni müayinə edirlər. Həkimlər belə bir qənaətə gəlib ki, çox sağlam adamam. Bütün mənalarda. Həyatdı da. Böyrəklərim də belə oldu... Amma inan ki, heç ağrı vermədi. Xəbərsiz gəldi. Amma çox pis gəldi. Çox zalım gəldi. Mənə çox ağrı, əzab verdi. Yenə də dözdüm. Çünki mənim ürəyim bütün ağrılara dözməyə qadir ürəkdir.
   
   - Son dövrlər mətbuatda çıxan şeirlər yenidir, yoxsa əvvəlcədən yazılanlardır?
   
   - Son deyəndə ki, xəstələndiyim dövrdə yazdığım şeirlərin bir hissəsidi. Hələ çap olunmayanları da var. "Başkeçid lövhələri" adlı bir əsərim var. Dünyanı çox gəzmişəm. Amma Borçalıda Başkeçid deyilən bir yer var ki, ora başdan-ayağa möcüzədir. Onun otu, kəkotusu, daşı-kəsəyi, gülü-qanqalı da möcüzədir. Bu yaxınlarda gedib orada bir ay qaldım. Bu müddət ərzində Başkeçidin çox hissəsini gəzdim. Oranın hər yeri başqa bir aləmdir. Orada bir genişlik, təbiətin səxavəti var. İnsanın səxavəti var. Mən orada inanılmaz şeylər gördüm. Başkeçidi bir az gedəndə dedim ki, harda bulaq var, orada saxlayaq, su içim. Fərqi yoxdur, harda olum, hər bulağı öpməli, sevməliyəm. Biz bulağın birinə yaxınlaşanda, bizdən o tərəfdə 10-15 nəfər söhbət edirdi. Birdən üzü bulağa sarı bir qoca qarı ərini çağırdı ki, "Zəlimxan" deyirdin, gəl, görüş, gəlibdi. Məni görmürdü. Üzü o tərəfə idi. Bulağa yaxınlaşıb, dedim ay ana, xoş gördük, məni görmədən hardan bildin gələn mənəm? Dedi, bala, səsindən tanıdım. Ərim gecə-gündüz "Zəlimxan" deyirdi. Çağırdım ki, səninlə görüşsün. Oradakı adamlar da yaxınlaşdılar. Orda bir yığıncaq təşkil etdik, görüş keçirdik. Sonradan Başkeçiddə belə görüşlərimiz çox oldu. Hara getsəm, harda olsam, ora məni görməyə gəlirdilər. Xalqımız böyükdür. Öz şairinə yüksək qiymət verməyi bacaran xalqdır. Ancaq şairinə, yoldan keçənə yox da... Həmişə xalqla, millətlə bir yerdə olmuşam. İndi xəstəyəm. Amma yenə də çalışıram ki, gənclərin xeyir işlərindən qalmayım. Əlimdən gəldiyi qədər orada gümrah olum. Çalışıram ki, heç bir yerdə ağrımdan danışmayım. Çünki ömürlə, ağrı ilə alver eləmək olmaz. Allah deyir ki, şöhrəti, hörməti, el məhəbbətini, xalq sevgisini verdim. Dünyada yaxşı nə var, vaxtında hamısını vermişəm. İndi də ağrı, əzab göndərirəm. Onları daşıdığın kimi bunu da daşı. Mən də səssiz, sədasız daşıyıram. Deyirlər mərd Allahdan, namərd yoldaşdan görər. Burada heç kəsi günahlandırmaq olmaz. Allahdan gələni qəbul eləməlisən.
   
   "Görüş sevincindi, həsrət ahındı,
   
   Sevənlər sevgili bir dərgahındı.
   
   Zəlimxan, mən kiməm, hökm Allahındı,
   
   Dəli olmağıma bir addım qalıb..."
   
   - Zəlimxan müəllim, düzdü, xəstəlik, ağrı tanınmışa, kasıba, varlıya baxmır. Amma ümumən Azərbaycanın tarixində iz qoymuş görkəmli şəxslərin ağır həyat sürmələri həm də sadə insanlara bir nümunə hesab edilə bilərmi?
   
   - Xalqımızın gözəl bir bayatısı var:
   
   Çəkənə ver, 
   
   Qəlyanı çəkənə ver
   
   Mən dərdi çəkəmmirəm
   
   Məndən al, çəkənə ver.
   
   Doğru vurğulayırsınız. O insanlar xalq üçün bir nümunədir. Onlar da ağrıları çəkiblər. Məmməd Arazı hər gün görürdük. Nə qədər əzablar çəkirdi. Amma beyni çox ayıq idi. Hər zaman işləyirdi. Ürəyi çox sağlam idi. Yəni insan ağrılar qarşısında əyilib-sınmamalıdır, möhkəm olmalıdır. Həyat mübarizədir. Xəlil Rza boşuna deməyib:
   
   Doğransan da parça-parça, 
   
   tikə-tikə, 
   
   rizə-rizə
   
   Mübarizə, Mübarizə, 
   
   Mübarizə, Mübarizə!
   
   Gərək mübariz olasan. Əlini, qolunu yanına salmaq heç Allaha da xoş getməz. Bax, bu dəqiqə iki böyrəyi olmayan bir adamla danışırsınız. Amma elə bilirəm ki, bədənimdə heç bir əskikliyim yoxdu. Sizinlə əvvəlki kimi danışıram. 
   
   Bilirsiniz, xalq sevgisi hər adama qismət olmur. Amma Allah bunu mənə bəxş edib. Küçədə gedirsən, hamı qabağını kəsir: "Allah sənə şükür, şairi sağ-salamat gördük". Bəlkə bu sözləri min dəfə eşitmişəm. 
   
   Hətta Almaniyada bir görüş keçirdilər. Bir türk çıxışında dedi ki, Zəlimxan bəyin görüşünə hamınız xoş gəlmisiniz. Amma başqa tədbirlərə də belə gəlin. Bir azərbaycanlı da ayağa durub dedi ki, a kişi, biz elə Zəlimxan burda olduğu üçün gəlmişik. Almaniyada heç qəribsəmədim. O qədər azərbaycanlı məni görməyə gəlirdi ki, elə bilirdim Azərbaycandayam. Dünyanın harasına getsəm, Zəlimxan Yaquba sevgi görürəm. Bu hörmət də xalqdan gəlir. 
   
   İnsan gərək özünü heç vaxt xalqdan, cəmiyyətdən ayırmasın. Hər zaman nəşriyyata gələndə, "Şərq"ə dəyməmiş getmirəm. Çünki bura bütövlükdə mənim psixologiyama uyğundur. Elə bilirəm ki, burda olanda öz evimdəyəm. Bura mənim ana yurdum, ata ocağımdır. Çünki burda mənə qarşı bir doğmalıq, sevgi var. Çünki burda türk nəfəsi, Şərq havası var. Burada dedi-qodu, təhqir yoxdur. Çünki burda insana insan kimi dəyər verirlər.
   
   Ən çox sevdiyim adamlardan biri İsa Hüseynovdur. İsa Hüseynov mənim üçün bir ziyarətgahdır. Bu cür insanların qədrini vaxtında bilmək lazımdır. İnsan böyük varlıqdır. İnsan Allahın yerdəki şəklidir. Allahda nələr varsa, onlar insanda da var. Sadəcə onu görmək, duymaq lazımdır. Gözəgörünməzin gözə görünən nümayəndəsinə hörmət eləmək lazımdır. Kim Allahı görmək istəyirsə, birinci insanı dərk etməlidir. Həmişə ən pis adamı da yaxşı görmək istəmişəm. Pis adam yoxdur. İnsanın necə olması, sənin onu necə görmək istədiyindən asılıdır. Bir baxışınla sən yaxşını pis, pisi yaxşı görə bilirsən. Bu sənin özündən asılıdır. 
   
   İnsan, o, müqqəddəs bir kainatdır,
   
   O saf qəlbi pozan yalnız həyatdır. 
   
   Böyük şair Səməd Vurğun elə-belə deməyib bunu. Həyatdakı çətinliklərə qarşı gəlmək üçün insan böyük olmalıdır. İnsanlardan o qədər yaxşılıq görmüşəm ki, 10 ömrüm olsa, min kitab da yazsam, qaytara bilmərəm. İnsan çəkdiyi əziyyətlə böyükdür. Ağrılarla, dərdlə böyükdür. Həmişə Allahın verdiyini yüksək səviyyədə qəbul eləməlisən. Mən də belə adamam. Bu xəstəliyi mənə Allah verib, bəndə yox. Allahdan nə gəlsə, xoş gəlib. Səni məclislərdə başa çəkəndə Allah yaxşı idi, indi sən ağrıyırsan pisdi?! Elə şey yoxdur. Allah həmişə böyükdür. 
   
    
Şairin ürək sözlərini qələmə aldı: Məlahət, Şəymən
  Geri