Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   "BU YAŞDA BELƏ XƏSTƏLİK GÖZLƏMİRDİM"

 

"BU YAŞDA BELƏ XƏSTƏLİK GÖZLƏMİRDİM"

 

 

Zəlimxan Yaqub: “Prezident xəstələnməyimdən xəbər tutdu, tapşırıq verdi ki, Zəlimxan nə istəyir, yüksək səviyyədə təşkil olunsun” 
“Dedim İlahi, bu qədər ki gözəllik var bunda, bu gecə məni ilhamlandır...”

Xəbər verdiyimiz kimi sabiq millət vəkili, Azərbaycanın Xalq şairi Zəlimxan Yaqub ağır cərrahiyyə əməliyyatına məruz qalıb. Onun hər iki böyrəyini çıxarıblar. Almaniyada 3 aylıq müalicədən sonra Bakıya dönən şairi evində ziyarət etdik. 

Zəlimxan Yaqub xeyli müddətdən sonra ilk geniş və çox maraqlı müsahibəsini Modern.az saytına verdi. 

- Xeyli müddətdir sizdən nigaran idik. Çoxları da soruşur ki, Zəlimxan Yaqub niyə görünmür. İstərdik ki, bu soğu-suallara elə öz dilinizdən cavab alaq. 

- Zəlimxan Yaqub hardaydı? Cavabım budur ki, Zəlimxan Yaqub həqiqətən ürəklərdə, könüllərdə, dillərdə, məclislərdə, evlərdə... amma, konkret olaraq Almaniyada idi. Çünki, mən birdən-birə, qəfil xəstələndim. Və bu xəstəlik məni məcbur elədi ki, Almaniyaya gedim. 

- Nə vaxtdan oradasınız?

- Ötən ilin dekabrından 10-15 gün əvvələ qədər. 3 ay 5 gün. 

“İndi böyrəksiz yaşayıram” 

- Bundan əvvəl də ürəkdən və böyrəkdən əməliyyat olunmuşdunuz. Bu dəfə Sizi qarşılayan bəla nə oldu?

- Təxminən il yarım əvvəl Türkiyədə böyrəyimin birini götürmüşdülər. Ondan sonra yenə özümü narahat hiss edirdim. Dedilər ki, Almaniyaya getmək lazımdı. Getdim, Almaniyada həkimlər çox çalışdılar qalan böyrəyimi də saxlaya bilmədilər. O da götürüldü. Böyrəyimin ikisi də getdi. İndi böyrəksiz yaşayıram. 

- Adətən, böyrəklə bağlı ortaya çıxan problemlər qeyri-normal həyat tərzi ilə bağlı olur. Ancaq Zəlimxan Yaqub sağlam həyat tərzi keçirmiş bir insandı. Bəs bu bəla Sizi necə haqladı?

- Vallah, heç özüm də bilmirəm. O dediyiniz sağlam həyat tərzi köməyimə çatmadı. Ürəyi başa düşmək olar, millətin dərdləri, insanın özünün qarşılaşdığı problemlər... Ancaq böyrəklərimin belə etibarsızlıq etməsini gözləmirdim. 

- Heç şübhələndiyiniz bir şey yoxdu? Bəlkə, zaman-zaman soyuğa vermisiniz, bəlkə qidalanmadandı?

- Düzdür, mənim həyat tərzim həmişə ağır olub. Ancaq yenə deyirəm haradan qaynaqlandığını bilmədik. Çünki, bu vaxta qədər böyrəkdən şikayətim olmayıb. Qəflətən gəldi tutdu, qabağını ala bilmədilər nə Türkiyədə, nə Almaniyada. 

- İndi nə gözlənilir? Bundan sonra üçün həkimlər nə deyir?

- Gözlənti budur ki, bir il gözləməliyik. Bir il mən dealizdə olmalıyam. Bir ildən sonra Almaniyada, yaxud, Türkiyədə yeni böyrək köçürülməlidir.

- Dediniz ki, 4 aya yaxın Almaniyada oldunuz. Yanınızda yaxınlarınızdan kimlər vardı?

- Həyat yoldaşımla oğlum mənimlə idi. Onlar da mənimlə birlikdə bu vaxtı Almaniyada qaldılar. 

“O zəng olmasaydı, bəlkə mən indi yox idim”

- Yəqin ki, bu müddətdə Sizi arayıb-axtaranlar çox oldu...

- Çox, çox... O tay, bu tay Azərbaycandan, Borçalıdan, Rusiyadan, Türkiyədən, Türk dünyasının hər bir yerindən mənə zənglər oldu, elə indi də olur (Söhbət müddətində də şairin telefonu heç susmadı və heç bir zəng də cavabsız qalmadı). Almaniyada yaşayan soydaşlarımız mənə böyük diqqət göstərdilər. Orada ad günümü yüksək səviyyədə keçirdilər. Özüm də müəyyən tədbirlərdə iştirak edirdim. 20 Yanvar faciəsi, Xocalı soyqırımının ildönümləri ilə bağlı tədbirlərə qatıldım, çıxış etdim. 

- Bəs elə bir zəng vardımı, onu gözləyirdiniz?

- Bəli vardı və mən o zəngləri aldım. O zəng olmasaydı, bəlkə mən indi yox idim. Bilirsən, demək bir az yaxşı çıxmır, məni çox istəyirlər. Gələn zənglərin hamısı məni diriltmək üçün idi. Elə adamlar zəng edirdi ki... Dünya sevgi, məhəbbətlə doludur. 

- Bu qədər əməliyyat, müalicə, xarici ölkədə qalmaq xərc-borc tələb edir. Bunları necə yoluna qoydunuz?

- Mənə dedilər ki, müalicə üçün ən yaxşı yer Almaniyadır. Bilirsiniz, alman həkimlər ölü adamı dirildirlər. Mən də dostların tövsiyyəsini nəzərə aldım. Xeyirxah dostlar çoxdu axı. Onların sözü ilə getdim Almaniyaya. 

- Yəni, dövlət xəbər tutdu, Sizin vəziyyətinizdən?

- Mən özüm məlumat verdim. Mötərəm Prezident də sağ olsun, mənim xəstələnməyimdən xəbər tutub, tapşırıq verdi ki, Zəlimxan nə etmək istəyir, hara getmək istəyir, hər nə lazımdı yüksək səviyyədə təşkil olunsun. Həqiqətən də, hər şeyi yüksək səviyyədə təşkil etdilər. 4 ay, 4 ay sənə zarafat gəlməsin. Özü də Avropa kimi bir yerdə. 

“Onu bu yaşda gözləmirdim”

- Maraqlıdır, hər zaman coşub-daşan, hər gün yeni bir şeir yazan Zəlimxan Yaqub o ağrılarla çarpışdığı müddətdə də nələrsə yazdımı?

- Əlbəttə, yazdım. Çox şeylər yazdım. Bütün ağrıların dadını bildim, gördüm ağrımaq nədi, yara nədi. Həkim nədi, dərman nədi, hamısını gördüm, bildim. Amma bununla belə yaradıcılıqdan da qalmadım. Mənim xarakterim belədr ki, harda oluram-olum mütləq qələm əlimdədir. 

- Bu dəfə yazdıqlarınızın mövzusu yəqin ki, daha çox Sizi haqlamış bu bəla ilə bağlıdır, eləmi?

- Hə, daha çox onunla bağlıdır. 

- Necə hesab edirsiniz, 60 yaşında belə ağır problemin Sizi yaxalamağı tez olmadı ki?

- Tez oldu, gözləmirdim. Bu yaşda qəti gözləmirdim. Çünki, mən həmişə sağlam olmuşam, inanmazdım ki, bu yaşımda sağlamlığımda belə agır problemlə üzləşə bilərəm. Düzdü, həyatda əzab-əziyyətim çox olub, ancaq fiziki baxımdan sağlam olmuşam.

- Son yazdığınız şeirlərdən birini deyə bilərsinizmi?

- Yox, demək istəmirəm. Qaydaya salandan sonra hamısını, ondac deyəcəm. Onu deyə bilərəm ki, “Şərq-Qərb” Nəşriyyatı mənim bütün əsərlərimi 13 cilddə nəşr edir. Artıq 3 cildi çap olunub. Son yazdıqlarım isə burda olmayacaq. Çünki, Almaniya dəftəri ayrı bir məsələdi. Ayrı-ayrı şeirlərdi. Onları bir kitab kimi verəcəm. Sağlıq olsun. 

- Belə ağır xəstəlik adamın üstünə gələndə, nədənsə uşaqlığını, böyüyüb-başa çatdığı mühiti xatırlayır. 

- Maraqlı bir şey deyim. Mən orada qaldığım 3 ay 5 gündə uşaqlıqda gəzdiyim yerləri təzədən görürdüm. Gəzdiyim hər yeri görürdüm. Borçalını, Kəlbəcəri, Azərbaycanı... İnsan 60-ı keçəndən sonra, xüsusən xəstələnəndə çox yerləri görmək istəyir. İlk şeiri harda yazmışam, elə bil həftədə bir dəfə o ağacın altına gedirdim.

- Saza-sözə bağlı olan Zəlimxan Yaqubun Almaniyada dilində asta-asta zümzümə etdiyi hava hansı idi?

- Ən çox “Qaraçı”, “Dilqəmi”, “Dübeyti” idi. Amma orda da saz vardı (gülür).

- Elə onu soruşmaq istəyirdik, özünüzlə saz aparmışdınız?

- Yox özümlə saz aparmamışdım, amma oraya bir dostum aparıb, o sazı çalırdıq. Saz da yaxşı saz idi. Onu vaxtilə İslam Ələsgər – Aşıq Ələsgərin nəvəsi dostumuz Nizaməddin bəyə hədiyyə edib. 

- Rəhmətlik kəlbəcərli şair Ənvər Rzanın bir şeiri var - “Balaca Ənvər”. Doğulduğu yerə gedərkən kiçik bir uşaqla qarşılaşır və onun simasında öz uşaqlığını görür. Maraqlıdır, Siz indiyədək balaca Zəlimxanla görüşmüsünüzmü?

- Balaca Zəlimxan nəvəmdi. Ayrı o qədər Zəlimxan var kı. Amma uşaqlığımı nəvəm Zəlimxanda görürəm. Çox ağıllı, düşüncəli, dərrakəli uşaqdı.

- Adətən, sənətkar ailələrində davamçılar olur. Şairlik isə fərdi, ilahi istedaddır, ailədə davamçınız varmı?

- Nəvələrimin hamısında var. 6 nəvəmin hamısının ürəyi doludur. Amma dediyim kimi mən elə şair Zəlimxanı da o nəvəm Zəlimxanda görürəm. O ayrı şeydi... Mən öz sənətimə vurğun adamam. Məndəki bu hafizə, bu qədər şairləri, klassikləri əzbərdən bilmək də ordan qaynaqlanır. Elə-belə havadan danışmıram, dediyim hər şeyin əsası var. İndi Qarabağ-Qarabağ deyirlər, amma çoxu bilmir ki, Qarabağ hardadır. Mən o torpaqlarda böyük şəxsiyyətlərlə birlikdə gəzmişəm. 

- Dünyanı gəzmisiz, ancaq yəqin ki, bu qədər müddətdə Vətəndan kənarda olmamısınız. Bu 3 ayda necə gördünüz Azərbaycanı?

- Ordan Azərbaycan çox maraqlı görünür. Həm müsbət tərəfdən, həm mənfi tərəfdən. Ümumiyyətlə, Azərbaycan maraqlı ölkədi. Amma yaxşı, pis cəhətlərini deməyəcəm. 

“Çin gözəli başqa şeyidi...”

- Çinə gedəndə “Çin gözəli” şeirini yazmışdınız. İndi “Alman gözəli” şeiri ortaya çıxmadı ki?

- Alman gözəlləri də vardı, amma Çin gözəli başqa şeydi... Başqa bir səfər idi və Çin gözəli həqiqətən Çin gözəli idi. Çin səfəri özü çox maraqlı idi, amma Almaniya səfəri maraqlı deyildi, xəstəliklə bağlı getmişdim. 

- Amma deyirlər almanlarda gözəl tapmaq müşkül məsələdi...

- Var, niyə ki... O qədər gözəl var. Doludu. Bəzən məni qınaqırlar, mən çox yerdə gözəl görmüşəm, ancaq Çində gördüklərim başqa şeyidi. Bu məsələ uzun illər mənə sirr kimi qaldı. Necə oldu “Çin qızı” şeiri yazıldı? Onu sizə açıqlayım. Elə bilirəm, prezidentə verilən ziyafətdə o qızları xüsusi seçib yığmışdılar ora. Mən Tamerlan Qarayevlə bir masada idim. Çin qızları qulluq edirdilər, şərab paylayırdılar. Birinə dedim ki, “zalım balası bura özün haqda bir şey yaz da”. Sonra gördüm ki, bunun əlifbası da ayrıdı. Nə dilini bilirik, nə əlifbasını oxuyuruq. Amma dedim İlahi, bu qədər ki, gözəllik var bu gecə məni ilhamlandır, bir şeir yazım. “Çin qızı” şeiri o gecə yazıldı, mən onu sabah oxudum. Dünya dolu gözəldi, onu görən göz lazımdı. 

- Amma deyəsən kənd gözəli itib-gedir? 

- Kənd gözəli daha gözəldi, təbiətin özü qədər gözəldi. Amma şəhərdə vəziyyət tamam başqadı. 

“Həmişəki Zəlimxan deyiləm” 

- Hər zaman çağlayan bir insan indi özünü böyrəklərsiz necə hiss edir?

- Yoruluram. İndi həmişəki Zəlimxan deyiləm, özümü bir az qoruyuram. Həkimlərin rejiminə əməl etmək çətindi. Amma başqa yolu da yoxdu, gərək əməl edəsən. Həftədə 3 dəfə dealizə gedirəm. 

- İnşallah tezliklə bu ağrı-acılar arxada qalar. Siz xalqımıza lazımlı insansınız. Sonda, xalqımıza, zəlimxansevərlərə sözünüz, vədiniz?

- Novruz bayramı münasibətilə hamını təbrik edirəm. Bu bayramda hamı bir-birə sarı gəlir. Mən bir az gec gəlmək istəyirdim, amma bu bayrama görə tez gəldim ki, bayramda evdə olaq. Məndən də nigaran olmasınlar. Bir də görəcəklər ki, Zəlimxan çıxdı meydana. Özü də ayrı cür çıxdı. Bunu görəcəklər. Mən bu xalqdan, bu eldən, siz cavanlardan ayrı dura bilmərəm. Həmişə sizinləyəm. 

- Ancaq Zəlimxan Yaqubla görüşüb onun yazdığı sonuncu şeirlərdən bir bənd eşitməmək insafsızlıq olar...

- Bir bənd deyərəm:

Bütün ağrıların dadını bildim,
Bütün dərmanların adını bildim,
Bütün insanları süzdüm, ələdim,
... 

Nə isə... 

  Geri