Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   Oralarda kimlər var: Zəlimxan Yaqub

 

Oralarda kimlər var: Zəlimxan Yaqub

 

    Xalq şairi Zəlimxan Yaqubun danışmaq hızına heç bir qələm sahibi çatdıra bilməz və onun danışığı da yazı tərzinə çox yaxın olduğundan üz-üzə oturmaqdan vaz keçdim. Sualları göndərdim və cavabları aldım.Öz tempinə uyğun suallara cavab verdi. Temp beləydi: sualları alandan bircə gün sonra, yalan danışdım deyəsən bir neçə saat sonra telefon açdı və: sualların məni tərpətdi,qulaq as, ilk üç sualına cavab vermişəm. Ev telefonuyla yenədəöz tempində oxudu cavabları. Qulaq asdım və sonunda dedi: necədi səninçün? Bu SƏNİNÇÜN deyimini o bir az da şirin deyir və hansı ləhcənisə yamsılayıb deyir. Bunlar öz yerində. Və mənim başqa bir qazancım oldu. Zəlimxan bəy, mənə dedi ki, cavablarıma müdaxilə edə bilərsən. Bax, bu oldu çox gözəl bir iş. Doğrudur Zəlimxan o qədər sərrast və o qədər düzümlü danışıb, yazır ki, ona müdaxilə eləmək çox çətindi. Amma yenədə bu azadlığı aldığım üçün sevindim. Və onun dediklərinə müdaxiləm çox olmasa da, var ancaq.  


–Sizə elə gəlmirmi ki, çox templi bir həyat yaşayırsınız, əgər sağlamlığınızı nəzərə alsaq bu, bir az özünəqəsd kimi bir şeydi?

–    Hörmətli Tofiq bəy!

   Çox doğru buyurursunuz. Sizin ifadənizlə desək “çox templi bir həyat” yaşayıram. Sürət məsələsi təkcə məndən yox, təbiətin və cəmiyyətin mahiyyətindən, ruhundan, bətnindən doğur, onun bizi yaşamağa çağıran xüsusiyyətlərindən irəli gəlir. Tufanlar qoynunda çalxanan dənizin uğultusu da, şahə qalxan dalğaların harayı da, yoxuşdan enişə doğru gələn, başını daşdan-daşa çırpan dağ çayının nərəsi də, buludları qoç döyüşünə çıxaran şimşəklərin, ildırımların qulaq batıran vahiməli gurultusu da dünyanın əzəli və əbədi narahatlığından xəbər verirsə, arzular həddindən artıq çox, ömür həddindən artıq gödəkdirsə, təbiətin bizə verdiyi yaşamaq möhləti bir göz qırpımına bənzəyirsə, mən necə tempsiz yaşaya, yaxud tempdən düşə bilərəm. Altmış yaşını keçən, müxtəlif illərdə və müxtəlif dillərdə qırxa qədər kitabı nəşr olunan, millətin və dövlətin tanıdığı və qiymətləndirdiyi bir qələm adamıyamsa, gör mənim çiynimdə nə qədər ağır və şərəfli yük var. Millət yükü, dövlət yükü, şöhrət yükü, sənət yükü, siyasət yükü, ailə qayğıları, xalq qarşısında məsuliyyət, vətən qarşısında cavabdehlik daxildən mənə əmr edir, göstəriş verir. Tempdən düşmək olmaz! Sular axarını, quşlar uçuşunu dayandırmadığı kimi, sən də heç vaxt dayanmamalısan! Ləngimək mənəvi ölüm, dayanmaq həyatla vidalaşmaq deməkdir!

Qarsın bir kəndində yaşayan qoca bir qadın İstanbulda yaşayan məşhur bir yazıçıya – öz doğma oğluna məktub yazır. Məktubda deyilir: “Canım-gözüm oğul, mən qocalmışam, əvvəlki halım yoxdu. Torpağı, təsərrüfatı idarə də bilmirəm. Qayıt kəndimizə, yurduna-yuvana, torpağına, evinə-eşiyinə sahib ol!”

   Yazıçıdan anasına cavab məktubu gəlir: “Gözümün nuru, əziz anam! Mənim burda evim-imarətim, varım-dövlətim, şanım-şöhrətim var. Mənim burda hərəsi bir dünyaya dəyən dostlarım var. Yuxarılarda tale həll edən adamlarla geniş əlaqələrim var. Sənin xətrin əziz olmaq üçün onların hamısından keçib gələrəm. Burda qazandığım nə varsa hər şeydən keçib gələrəm. Ancaq mənim burda kəmfürsət dostlarım da var, onları qoyub gələ bilmərəm. Onlar deməyəcək ki, mən anamın arzusu ilə kəndə qayıtmışam, onlar deyəcək ki, bizdən qorxdu, meydandan çəkildi, başını götürdü qaçdı. Məni bağışla ana, mən burdan gedə bilmərəm.”

Kim harda nə işlə məşğul olursa-olsun mən tempdən düşə bilmərəm, Tofiq bəy!

   Mən içəridən gələn göstərişə hər vaxt canla-başla, böyük səmimiyyətlə əməl etmişəm. Toyda oynamağa da, vayda ağlamağa da, bir yetim başına sığal çəkməyə də, bir xəstənin dadına çatmağa da, şəhid anasının dərdinə şərik olmağa da, saysız dərəcədə çox olan müxtəlif mənalı və müxtəlif məzmunlu məclislərə, tədbirlərə də, uzaq-yaxın səfərlərə də həmişə canla-başla getmişəm. Yaxşılara və yaxşılıqlara itirdiyim vaxta heç vaxt peşman olub təəssüf hissi keçirməmişəm.

Mənim sağlığımdan narahat olur və çox fəal olmağımı “özünə qəsd” adlandırırsan. Bu doğma hissə görə çox sağ olun. Mən həqiqətən də “özünə qəsd” edən və bu qəsddən mənəvi ləzzət almağı bacaran adamam. Bəli! Ömrümdən kəsirəm başqalarının ömrünü uzatmaq üçün, gözümün nurundan kəsirəm özgələrin gözünü işıqlandırmaq üçün, sağlamlığımdan kəsirəm başqasını sağlam görmək üçün. Mənim ömrümün mənasını təşkil edən, gündəlik həyatımın ayrılmaz hissəsi olan toxunduğum bu məsələlərə kimsə ağız büzüb qeyri-təvazökar adlandıra bilər. Kimlərin ki, xarakterində və təbiətində sadaladığım bu insani xüsusiyyətlər yoxdu, onlar heç vaxt məni başa düşməyiblər və başa düşməyəcəklər. Kimlər ki, bu insani keyfiyyətlərə malikdir bu işlər onların gündəlik təbii qayğılarıdır. Bəli, mən özümə qəsd etmişəm və bu qəsd ilə qürur hissi duyuram. Ömür insana bircə dəfə verilir, onu künc-bucaqda yaşamaq olmaz.

 

Qaş-qabağım qara bulud görmədi,     

Qəlbim zülmət, könlüm sükut görmədi.

Evim qıfıl, qapım kilid görmədi,      

Özüm üçün yaşamadım, çox şükür.

     

– Beləbir narahat sual. Eləməhz bu templəyaşamağınızla bağlı olan çəkişmələr. Sizəeləgəlmirmi ki, bəziləri düşünəbilər Zəlimxan Yaqub xəstəliyi iləbir az oyun oynayır. Allahı sevərsiz, bu bir az köntöy sualdır, amma insanlar var da... ağıla pis şeylər dəgəlir.

 

– Narahat olmayın, köntöy sualınıza yaxşı cavab verməyə çalışacağam ki, sizdə mən sarıdan daxili narahatçılıq qalmasın.

Mənim səhhətim və sağlamlığımla bağlı mövzu çəkişmələri ilə məşğul olan insanları mən qınamıram. Onlarda günah yoxdur, onları mən çaşdırmışam. Bakıda, Almaniyada və Türkiyədə müxtəlif illərdə üç dəfə cərrahiyyə əməliyyatı keçirən, sağ böyrəyi çıxarılan, ürəyi yaralanan Zəlimxanı oxucu, tamaşaçı, dinləyici eyni ilə əvvəlki illərdə olduğu kimi yenə səhnədə, məclislərdə, televiziya verilişlərində, ədəbi-bədii gecələrdə gur-gur guruldayan, yumruğu ilə havanı yaran, kürsüləri titrədən, zalları ayağa qaldıran görürsə, əlbəttə mənim xəstəliyimə inanmaz. Yadımdadır, Türkiyədə – Amerikan xəstəxanasında sağ böyrəyim çıxarılandan bir gün sonra müxtəlif televiziya kanalları səhhətimlə bağlı məndən müsahibə alanda çoxu mənim xəstəliyimə inanmırdı. Hətta, yaxından öz gözləri ilə görmək üçün əyilib yarama baxan jurnalistin heyrətli baxışları da gözlərimin önündən getmir. Çünki mən o qədər odlu-alovlu, həyəcanlı danışırdım ki, həkim və jurnalistlər çaşdılar ki, bu nə cür xəstədir, heç bu danışıq xəstə adamın danışığına oxşamır. Yunis İmrədən şeir oxumağım həm özümə təsəlli, həm də çəkilişə gələnlərə bir heyrət mənzərəsi idi.

 

“Ölümdən nə qorxarsan,

Qorxma, əbədi varsan”

     

– demirmi, mənim Yunus babam.

“Xəstəliyimlə oyun oynamaq” məsələsinə bir aydınlıq gətirmək, bu “sirri” açmaq istəyirəm. 

   Əzizim, Tofiq müəllim!

   Məni ailədə lap uşaqlıqdan güclü həyat eşqi ilə böyüdüblər. Bütün ağırlıqlara və çətinliklərə sinə gərmək bacarığı öyrədiblər. Hətta babam Şamil kişinin mənim haqqımda dediyi “Zəlimxanı bütün nəvələrimdən çox istəyirəm. O, yeyəndə doymur, işləyəndə yorulmur, danışanda mızıldamır” deyimi el arasında bir zərbi-məsələ dönüb. Atam harda ağır iş var məni göndərirdi. Yer qazmağa, ot biçməyə, odun gətirməyə, tikan qırmağa, çəpər çəkməyə, daş daşımağa, qum gətirməyə. Anam hərdən bu xüsusiyyətinə görə atama şikayət edərdi ki, sən bu uşağı öldürməmiş bundan əl çəkməyəcəksən. Atamsa deyirdi, mən onu bu gün ağır işlərə öyrətməsəm, çətinliklərə alışdırmasam, o, sabah həyat yollarında axsaya bilər. Qoy indidən kasıblığın, əzabın, əziyyətin sərt üzünü görsün. Bu, bir.

İkincisi, mənim ruhumda bir sarsılmazlıq var. Mənim son otuz ildə ən çox oxuduğum ədəbiyyat böyük sufilərin həyatı ilə bağlı olub. Onların ac qalmağı, çilə çəkməyi. Xəlvətə çəkilməsi, nəfsə imtahan verməsi, Allah eşqi ilə yaşaması, imanı, irfanı və inancı, “Yarəb, bəlayi-eşq ilə qıl aşina məni” deməsi, “Toy-bayramdır bu dünyanın əzabı, ağlı olan ona gətirər tabı” duyğuları ilə püxtələşdirməsi mənə həkimlərin ən bahalı iynə, dərmanından çox kömək eləyib.

Mənsur Həllacın, Fəridədin Əttarın, Həsən Bəsrinin, Mövlananın, Yunus İmrənin, Fəzlullah Nəiminin, İmam Qəzalinin, Nəsiminin, Dadaloğlunun, Qazi Bürhanəddinin, Cahanşah Həqiqinin, Pir Sultan Abdalın ilahi eşqlə yaratdığı mənəviyyat dünyasını az-çox dərk edənlər bilir ki, insan uludu, insan ucadı, insan böyükdü və onun böyüklüyü və ucalığı, həyatdakı mövqeyi, əqidəsi, inamı, mübarizliyi ilə ölçülür. Bu ölçülərə əməl edəndə insan qarın içində üşümür, buzun içində donmur, Həzrəti İbrahim kimi odun içində yanmır, nə qədər ağır dərdlərə düçar olsa da, qəlbindən zikri, dilindən şükrü yerə qoymur və haqqa qovuşanda da əzab çəkmir, ruh bədəndən çıxanda quş kimi qanadlanır, mələk kimi uçub tanrılara yüksəlir.

   44 ildi Bakıda yaşayıram. İnsanlarda bu cür güclü ünsiyyət körpüləri qurmuşam. Bu illər ərzində bircə nəfər tapa bilməzsiniz ki, o desin Zəlimxan filan vaxtı ya maddi vəziyyətindən, ya cismani ağrılarından şikayətləndi, giley-güzar elədi. Mənə nə olub, mənim dərdim yoxdumu, arsızammı, xeyr, Allah eləməsin. Bəs nədir hamı məni həmişə gümrah və sağlam görür. Bu ondan irəli gəlir ki, mən bir ideal kimi qarşıma məqsəd qoymuşam. Özüm-özümə həmişə tapşırmışam dərdini, ağrını nə varsa içərində gizlə. Öz dərdini, ağrılarını heç kəsin çiyninə yük eləmə. Onsuz da hər kəsin dərdi özünə bir dəvədir. “Dərdimi dağa desəm dağ əriyər, şam yanar, şölə çəkər, piltə yanar, yağ əriyər” – deyən kişi gör nələr çəkib. Saib Təbrizi buyurur ki, “Dərd dağı altında ikiqat olduq, amma qarışqa da tapdamadıq biz”. Bəli, insan özünü insani və irfani duyğular üstündə kökləyəndə xoşbəxt olur.” Bir də məni həmişə gümrah, işıqlı, coşqun saxlayan böyük insanların böyük məhəbbəti, Azərbaycan xalqının Zəlimxana olan sevgisidir. Mənim ağlamağa, sızlamağa, şikayət etməyə ixtiyarım, mənəvi haqqım yoxdu.

   Mən Almaniyada ürəyimdən əməliyyat olanda əfsanəvi bir mənzərə ilə qarşılaşdım. Dünyanın Azərbaycanlılar yaşayan elə bir bölgəsi, ölkəsi, məmləkəti olmadı ki, ordan telefon zəngləri gəlməsin. 3 telefon, zəngləri çatdıra bilmirdi. Allahın altında nə olaydı, o zənglərdə ifadə olunan fikirləri yazmaq mümkün olaydı. Dünyanın insan sevgisi haqqında bir əfsanəvi kitabı yaranardı. O zənglərin içində Təbrizdən gələn bir telefon zəngini ölənə qədər unutmayacağam. Qoca bir qarı ağlaya-ağlaya Allaha yalvarır, dua edir, göz yaşları axıdırdı. Həmin qadın bir fikir işlətdi. Dedi: – “Ay oğul, nə olaydı, Təbrizlə Bakının arası açıq olaydı, sən ordan sağ-salamat gələndə təbrizlilər Təbrizin güllərini yağış kimi Bakının yollarına yağdıraydılar”.

Sualında bir “Bəziləri” ifadəsi də var. O bəziləri dünən də olub, bu gün də var, sabah da olacaq. Allah şairi şairlərdən, istedadlıları istedadsızlardan qorusun. Cavid Əfəndini sürgünə göndərən də, Müşfiqi, Cavadı qanına qəltan edənlər də, Səməd Vurğunu 50 yaşında xərçəng edənlər də elə o “bəziləridi”. Süleyman Rəhimovdan eşitdiyim bir hadisəni olduğu kimi, yəni dilindən çıxdığı kimi kağıza köçürürəm. “Günlərin birində dənizkənarı parkda gəzirdim. Gördüm Səməd Vurğun yanında da bir nəfər mənə sarı gəlir. Yaxınlaşanda hiss etdim ki, Səmədin halı özündə deyil. Çox fikirləşdi, “Kazbek” siqaretini elə tüstülədi, elə bil parovozdan duman qalxır. Dedim, ay Səməd, sənə nə olub bu hala düşmüsən. Dedi, ay Süleyman, Yazıçılar İttifaqında düşmüşdülər üstümə. Döşə ki, döşəyəsən. Mən çox təmkinlə dözürdüm. Dözürdüm ona görə ki, onların kim olduğunu da, özümün kim olduğumu da yaxşı başa düşürəm. Birdən filankəs şair dedi ki, ayə, ay yoldaşlar, bu Səməd Vurğun şairdimi ki, siz bu qədər vaxt aparıb onun haqqında danışırsınız, orda məni od götürdü, iclası tərk elədim. Budur dövrün iyrənc və acı həqiqətləri, əzizim Tofiq bəy! Səməd Vurğuna o təhqiri rəva görən o adamın indi it dəftərində də adı qalmayıb, amma Səməd Vurğun elə həmin ucalıqdadı. Bu gün konkret olaraq o taleyi biz yaşayırıq. Hayıf ki, cəmiyyətin acı dərslərindən ibrət götürən olmur, çox təəssüflər olsun.

Mənim qardaşım!

   Açıq və səmimi şəkildə etiraf edirəm, mənim Azərbaycanda bir nəfər də olsun düşmənim yoxdur. Ancaq mənim bur düşmənim var, o da min düşmənə əvəzdi. O düşmənin adı Zəlimxan Yaqubdu. Niyə? Niyəsini açmalı olsam bir kitaba sığmaz. Yaxşısı budur ki, qoy bu düşmənçilik məsələsi örtülü qalsın...

 

– Təbii ki, bu sual da qaçılmazdır. Cavan yaşında bir çox dövlət mükafatları aldınız vəbir çox imtiyazlara sahibsiniz. Bunu siz taleyin xoş təsadüfümü sayırsınız, yoxsa bir gərdişdi bu?

 

– Bəli, istənilən bir şair, yazıçı fəxri adlar, mükafatlar alanda istər-istəməz o, öz həmkarları tərəfindən qısqanclıqla qarşılanır. Bu çox təbii hissdir və mən də buna təbii baxıram. Dövlət tərəfindən bir mükafata layiq olan kimi uzaqda yox, sənin ətrafında fırlanan adamlar başlayırlar onu yıxıb sürüməyə, eninə-uzununa hallandırmağa. Ancaq heç kəs o fəxri adların (söhbət halal şöhrətdən gedir) arxasındakı mənzərələri görmür və görmək istəmir. Saysız-hesabsız yuxusuz gecələr, ağır zəhmətlər, həyəcanlar, ehtiraslar, qələbələr, məğlubiyyətlər, məhrumiyyətlər, öyənlər-söyənlər, bəyənənlər-bəyənməyənlər arasında çalxanan bir şair ömrünün narahatlığı nələrə başa gəlir, onu bir şairin özü, bir də şairə bu taleyi verən başının üstündə Allahı bilir!

   Hansı əkinçi torpağını şumladı, toxumunu səpdi, taxılını biçib, xırmanını döyüb, buğdasını yığmaq arzusu ilə yaşamadı. Hansı bağban ağac əkəndə onun barını dərmək həvəsiylə yaşamadı, hansı ailə quran gənclər ata-ana olmaq, övlad görmək eşqinə düşmədi.

   Dünya tarixində elə bir hal olubmu ki, bal tutan barmaq yalamasın. Nə böyük şeydi şairə verilən mükafat. Şairə o mükafatlardan daha böyük imtiyazlar verilməlidir. Gözünün nurunu varaqların işığı aparan, gecələr ömrünü şam kimi əridən, şirin yuxulara həsrət qalan, mənəvi, cismani ağrılar gününü göy əskiyə döndərən sənətkara nə versələr ona ana südü, ata çörəyi qədər halal olmalıdı.

   Zəlimxan Yaqubla bağlı adların, titulların, imtiyazların heç birinin taleyini təsadüfi saymıram, taleyin zəruriyyəti sayıram.

Taleyim belə gətirib ki, mən 1968-ci ildən, yəni Bakıya gələn vaxtdan həmişə göz qabağında olmuşam. Çox sürətli və barlı-bəhrəli yaradıcılıq yolu keçmişəm. Bu illər ərzində həmişə sazım saz, sözüm söz, məclisim məclis, meydanım meydan olub. Həmişə xalqın gözü qabağında olmuşam. Sözün əsl mənasında qəbul eləsəniz də, eləməsəniz də çox az adama qismət olan xalq sevgisi, el məhəbbəti qazanmışam. Mənim qızğın fəaliyyət göstərdiyim illər ərzində Kamran Bağırov, Əbdülrəhman Vəzirov, Ayaz Mütəllibov, Əbülfəz Elçibəy kimi insanlar bu ölkəyə rəhbərlik ediblər. Onların heç biri (Əbülfəz Elçibəyi çıxmaq şərti ilə) ədəbiyyata, sözə bağlı adamlar olmayıblar. Ancaq rəhmətlik Heydər Əliyev adlı bir tarixi şəxsiyyətin, böyük insanın ölkəyə rəhbər gəlməsi ziyalıların – bütün sənət adamlarının taleyinə gur işıq saldı, onların sönməyə doğru gedən ilhamını yenidən alovlandırdı. Və onun sərraf gözləri Zəlimxanı gördü, bildi, tanıdı. Dəfələrlə yanına dəvət elədi, mənə böyük ümidlər, möhtərəm kürsülər bağışladı. Müstəqillikdə kövrək addımlarını atan Azərbaycan dövlətinin möhkəmlənməsi yolunda məni bir ictimai xadimə, gərəkli vətəndaşa çevirdi. İstər-istəməz bir sual meydana çıxır. Nə üçün Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələn kimi başqasını yox, Zəlimxan Yaqubu yanına dəvət elədi. Heydər Əliyev Zəlimxanın qara qaşına, qara gözünə aşiq olmamışdı. O, ictimai rəyi yaxşı öyrənmişdi, çox gözəl bilirdi ki, xalqın sevdiyi-seçdiyi gənc və istedadlı qüvvələr kimlərdi. Kimlərə arxalanmaq olar. Zəlimxan Yaqub Heydər Əliyevə qədər qazandığı uğurlara görə birdən prezidentin diqqətini çəkdi. Burda hansı təsadüfdən söhbət gedə bilər. Bütün bu məsələlər mənim taleyimlə bağlı zərurətdən mayalanıb həqiqətdən su içmişdi.

 

–  Sizin şeir dünyanıza mənim çox böyük hörmətim var. Yəni bir an inadınızdan dönmədən,bir çoxunun xoşuna gəlməyən bir yolun yaradıcısı olsanız da, inadınızdan dönmədən irəlilədiniz vəhəqiqətən dəAzərbaycan poeziyasının çox çətin yolunda irəli çıxmağı bacardınız. Təbii ki, burada təb vətalantın çox sıx ilişkisi olduğunu danmaq olmaz. Şeir yolunuzu başqa cür təsəvvür edirsinizmi?

 

– Sualınızın birinci cümləsinə bir az şübhə ilə yanaşıram. Çünki uzun illər ərzində böyüklü-kiçikli bir sıra adamlar haqqında çoxlu sayda məqalələr yazmısan, adlar sıralamısan. Ancaq onların arasında heç vaxt mənim adım olmayıb və heç olmağını istəmirəm də. Olsa da süni və qeyri-səmimi görünərdi. Belələri təkcə sənlə bitmir, bir neçə qələm adamı var ki, onlar da mənə qarşı həmişə ədalətsiz olub, gördüyünü görməməzliyə vurub, ədalət prinsipini pozublar. Özünün tənqidçi, poeziya mütəxəssisi sayıb, ömrü boyu bir coğrafi ərazidən başqa yerə fikir verməyənlər nə qədər özünü yorsa da həyatın öz həqiqətləri var. Hər şeyi zaman həll edir, hansısa tənqidçinin qələmi yox. Ancaq mənim haqqımda Azərbaycanın ədəbi və elmi ictimaiyyətinin ən görkəmli nümayəndələri çoxlu sayda bir-birindən qiymətli məqalələr yazıblar. Bu sahədən heç vaxt korluğum olmayıb.

   Əzizim, Tofiq bəy! Necə dilin gəldi ki, mənim ünvanıma belə bir cümləni işlədə bildin. “Bir çoxunun xoşuna gəlməyən bir yolun yaradıcısı olsanız da” mənim qardaşım, gəl bu fikrinlə bağlı açaq sandığı, tökək pambığı. Əvvəla, görək o “bir çoxu” kimdir və onların xoşuna gəlməyən mənim yolum hansı yoldur?

   ...Bilsinlər ki, mən heç vaxt, heç zaman ticarət psixologiyası ilə yaşamamışam. Çayxana, meyxana səviyyəsində mənim haqqımda əsərlərimi oxumadan havadan söz qapıb dedi-qodu edənlərə Allahdan əfv diləyirəm. Çox yaxşı yadımdadır. Rəhmətlik Xəlil Rza Lefortovo zindanında yatanda ən yaxın qələm dostları onun haqqında nə cür səviyyəsiz, ətürpədən dedi-qodu yayır, şairi ləkələməyə çalışır, şairin zindandan gələn əyilməz şöhrətinə də paxıllıq edirdilər. Elə ki, Təbriz şəhid oldu, yazıq Xəlil Rzanın qulağı dincəldi. Daha xəbislər şəhid qanı ilə zarafat edə bilmədilər. Böyük şairimiz Məmməd Arazın ölməz Səməd Vurğun haqqındakı “Səməd Vurğunla söhbət” şeirini xatırlayıram. O şeir eyni ilə həm də mənim taleyimdi. Elə ki, Zəlimxan ölüb haqqa qovuşacaq, başını torpağa qoyacaq onda mənim pisimə danışanlar rahat nəfəs alıb, hətta sevinc hissi keçirib dincələcəklər. Kürsülər Zəlimxanın uca boyuna, gur səsinə həsrət qalanda, yerim görünəndə Azərbaycan xalqının məhəbbəti öz işini görəcək. Mənim ruhumu kürsülərin üstündə bayraq kimi qaldıracaqlar. Bu mövzuda daha yaxşısını qoy heç vaxt unutmadığım və unuda bilmədiyim M.Araz desin:

 

Səndən sonra

Görüşlərin hərarəti sənsizləşib,

Kürsülərin cəsarəti sənsizləşib,

Ağsaqqallar səxavəti sənsizləşib!

Mən saymıram sənsizləşib daha nələr,

Axı niyə sənsizliyi gizlədilər!...

 

Cidanı çuvalda gizlədə bilməyəcəklər, xalqın məhəbbəti öz işini görəcək!

 

   1986-cı il idi.Səməd Vurğunun səksən illiyi Azərbaycanın hər yerində çox böyük təntənə ilə qeyd olunurdu. Xüsusi qatar hazırlanıb. Təşkilat komitəsi dövlət səviyyəsində işlərini tamamlayıb. Bakıdan Qazağa qədər bütün yol qırağı rayonlarda tədbirlər keçirməliyik. Çox böyük nümayəndə heyəti – şairlər, alimlər, rəssamlar, bəstəkarlar, müğənnilər, aşıqlar yola çıxmağa hazırlaşır. Bu məqamda dedilər ki, AZİ-nin rektoru İsmayıl İbrahimov zəng edib ki, bu gün bizim İnstitutda (indiki Neft Akademiyası) S.Vurğunun yubileyidir, siz hamınız gedirsiniz, bəs mən bu yubiley məclisini kimlə keçirəcəyəm. Xeyli söz-söhbətdən sonra qərara aldılar ki, qatarı bir saat gecikdirək, tədbiri də bir saat irəli çəkək. Belə də oldu. AZİ-də tədbir başladı. Rektor məclisi açdı, sözü bir-bir qonaqlara verdi. Söz mənə də çatdı. Mənim çıxışım zalda böyük təlatüm yaratdı, gəlib yerimdə əyləşsəm də alqışlar kəsmədi. Məni ikinci dəfə məcbur səhnəyə qaytardılar. Yenə həmin alqış. Yenə həmin titrəyən salon. Tədbir başa çatandan sonra ordan çıxıb, yaxın olduğu üçün vağzala piyada gedirik. Yolda rəhmətlik Xudu Məmmədov mənə yanaşıb özünəməxsus sakit bir səmimiyyətlə əlimi sıxdı, təbrik elədi və o zaman mənə hələ çox aydın olmayan həyatın acı bir həqiqətini söylədi. “Əzizim Zəlimxan, orda səndən başqa heç kəsi ikinci dəfə kürsüyə dəvət etmədilər. Bu, sənin üçün yaxşı əlamətdir. Ancaq alqışlar səni çaşdırmasın. Ömürlük yadında saxla, sən bu tarixi məclisdəki çıxışınla özünə həm dost, həm də düşmən qazanmaq üçün böyük bir yolun başlanğıcında artıq bu işin himni özün qoydun. Sən bu coşqun çıxışı eləməklə zaldakı min nəfərin yaddan çıxmaz sevgisini, rəyasət heyətində əyləşən bəzi həmkarların nifrətini, həsədini qazandın. İndən belə sənin ömrün zallarla kürsülər arasında dağ çayı kimi çırpınacaq, narahat bir ömür yaşayacaqsan. Ancaq ömürlük qulağından sırğa elə. Qoy səni beş-on nəfərin paxıllığı, həsədi yox, milyonların sevgisi, məhəbbəti, alqışı yaşatsın. Söykəndiyin ağac, arxalandığın dağ xalq olsun, xalqın istedadlılarına ağız büzənlər yox!” Allah sənə rəhmət eləsin, Xudu Məmmədov, nə yaxşı vaxtında sizin şahidliyinizlə belə bir hadisə baş verdi və mən bu qiymətli sözləri, tövsiyələri sizdən eşitdim. O qədər çaxnaşmaların, acı sözün, yaman gözün, pis üzün, köntöy baxışın sınağından salamat çıxmışam ki. Mən qarlı qış fəslində doğulduğum üçün həm təbiətin, həm də cəmiyyətin sərt və amansız üzünü görmüşəm. Qohum töhməti də, dost xəyanəti də, gözləmədiyim yerdə qəfil zərbə də görmüşəm. Yerli-yersiz, haqlı-haqsız bostanıma atılan daşlar da, insafsızcasına təhqirlər, təzyiqlər də görmüşəm, ancaq sarsılmamışam. Çünki özümü yaxşı tanımışam. Müqəddəs Quranımızda deyildiyi kimi: “özünü tanımayan rəbbini tanımaz”. Bütün bu həngamələrin qabağında yıxılmamışam. Ona görə ki, çox böyük şəxsiyyətlərin başına gətirilən çox böyük oyunların şahidi olmuşam. Bu illər ərzində Füzulidən Üzeyir bəyə, Axundovdan Mirzə Cəlilə, Səməd Vurğuna, Rəsul Rzaya qədər kimlər qaldı ləkələməyə can atmasınlar. Belə gərgin və narahat anlarımda dadıma Nazim Hikmətin ölməz misraları çatıb: Sizin divarlarınız, Bizə vız gəliyor, vız! Mənim yolum! Mən poeziyanın müqəddəs yoluna heç kəsi yamsılamadan öz yolumu seçib gəldim. Bu yol ana laylasından, sazdan, bayatıdan, aşıq poeziyasından, süddən-sümükdən, kökdən-yaddaşdan mayalanıb gəldi. Yaradanım yaxşı bilir, Yolum kimlərin yoludu. Dünənin söhbəti deyil, Lap qədimlərin yoludu. Bu yolda qarşıma qəlbinin nuru, könlünün işığı, dilinin duası, xeyirxahlığı dünyaya işıq salan insanlar çıxdı. Elə insanlar ki, hər biri bir əsrin şöhrətinə çevrilən, bir xalqın başını ucaldan tarixi şəxsiyyətlər olub. Mən insan kimi, şair və vətəndaş kimi həyat və yaradıcılıq dərsimi, tərbiyəmi onlardan aldım. Ona görə həyatda, sənətdə nə qədər döyüldüm, çeynəndimsə ömrümdə heç kəsin könlünə toxunan bir hərəkətə yol vermədim. Başqalarını ucalda-ucalda özüm ucaldım. Çox böyük cəsarətlə deyirəm ki, zəngin bir yaradıcılıq yolu keçdim, üzümü dədələrə tutdum. Sazdan, Yunus İmrədən, Ələsgərdən, Mövlanadan, peyğəmbərdən, ilahi sevgidən, dövlətdən, dövlətçilikdən yazdım. Heydər Əliyevdən çox böyük vurğunluqla kitab bağladım, qəm dastanı yaratdım. Şeirim dillər əzbəri oldu, qara sazın yaddaşına köçdüm, ən ciddi siyasət şeiri hansıdırsa, onu da Zəlimxan səmimiyyətilə yazdım. Mənim bədxahlarım məni ləkələmək üçün yapışdılar mənim siyasi yaradıcılığımdan və siyasi fəaliyyətimdən. Ona müxtəlif adlar qoydular, müxtəlif rənglər yaxdılar. Ancaq onların heç biri məni dövlətimə, dövlətçiliyimə, xalqıma məhəbbətdən ayrı sala bilmədilər. Şekspirin bir fikrini özümə örnək seçdim. “Bütün tənqidlərin və təriflərin yanından ağayana keçib şahanə addımlayan kəslərə Allahın özü də qibtə edir.” Bir az böyük çıxsa da, bu yolu tutdum. Kiməsə xoş gəlmək üçün başqasının səsinə yox, öz ürəyimin səsinə qulaq asdım. Nəticədə gördüm ki, düz eləmişəm. Bütün dedi-qodular keçəcək, dedi-qodu eləyənlər də bu dünyadan köçüb gedəcək. Yaddaşlara köçən yaxşı əsərlər və yaxşı əməllər nəsillərə yadigar qalacaq. Bu çətin, özü də olduqca çətin yollarda necə oldu ki, önə çıxa bildim. Çox sadə bir cavabı var bu sualın. Zəhmətə Allah dedim, Allahı zəhmətimdə tapdım. Gecə-gündüz fasiləsiz mütaliə və yaradıcılıq eşqi ilə alışıb yandım. Heç vaxt boş şeylərə çənə vermədim. Ələsgər demiş: “Oxudum, öyrəndim, oldu öz malım.” Şeir-sənət yolumu başqa cür təsəvvür edə bilmirəm. Məni mühit belə yetirib. Nəyəmsə oyam. Nə sənətdə, nə də həyatda əllaməçilklə məşğul olmamışam. Heç ona ehtiyacım da olmayıb. Mən öz yaradıcılığında sazla sözü, şifahi ədəbiyyatla yazılı ədəbiyyatı birləşdirən şairlərin cərgəsində dayanıram. Vaqif, Vidadi, Səməd Vurğun, Osman Sarıvəlli, Hüseyn Arif hardadırsa, mən də orda, onların yanındayam. Mən ancaq tarixin arxivinə verilən, saralmış qəzetlərin səhifələrində yox, xalqın yaddaşında qalacağam. Mən asfalt üstündə gəzənlərin, məni burunlayanların yox, torpaq üstə gəzənlərin, təbiətin özü kimi təbii olanların şairiyəm! Bax, mən şeir yolumu başqa cür yox, belə təsəvvür edirəm. Vay o yola ki, onun sevən və sevdirən yolçuları olmaya! Mənim yolum da var, yolçularım da! Lələ mənim, Kərəm mənim, kül mənəm, Kül içində baş qaldıran gül mənəm. Sevgi adlı şah evində qul mənəm, Şahdan gəlib şaha gedən yoldayam. İrihəcmli şeir yaradıcılığınız, yəni poemalarınız bəllidir. Burada bir haşiyə: Səməd Vurğun kimi dram əsərləri yazmağa meyliniz olubmu və ya planınız varmı? Təbii ki, siz şeirlərinizlə də Azərbaycan ədəbiyyatında qalmağa layiq bir yaradıcısınız, bunu danmaq olmaz. – S.Vurğun kimi dram əsərləri yazmağa meylim olmayıb, planım da yoxdur. Ancaq neçə illərdi ruhumda bir romanın dünyaya gəlmək arzusu var, sağlıq olsun. Yaşayarıq, yazarıq, oxuyarıq!

 

– Səməd Vurğundan söz düşmüşkən. Başqa bir sual ağlıma gəldi.Siz hələXalq şairi adını almazdan öncəyanlışmı, yoxsa xoş bir zarafatlamı yoxsa məhz eləlayiqdiniz deyəsizi Xalq şairi olaraq təqdim ediblər Salyanda keçirilən böyük bir tənətənli məclisdə.

 

– 2004-cü ilin axırları idi. Bakıdan bir neçə ziyalı Salyan şəhərinə sovet dövrünün çox məşhur təsərrüfat adamı, el ağsaqqalı, Sosialist Əməyi Qəhrəmanı Qüdrət Səmədovun anadan olmasının 100 illik yubileyinə dəvət edilmişdik. Tərkibdə xalq şairimiz Vaqif Səmədoğlu da var idi. Məclis Sarvan mədəniyyət evində təşkil olunmuşdu. Çox böyük bir izdiham var idi. Vaqif Səmədoğlu, sevimli ağsaqqal alimimiz İmamverdi Əbilov və mən rəyasət heyətində əyləşmişdik. O məclisdə çox maraqlı çıxışlar, söhbətlər oldu. Qüdrət Səmədovla bağlı ən yaddaqalan çıxışı Vaqif Səmədoğlu elədi. Günlərin birində Səməd Vurğunun əziz dostu Qüdrət Səmədov böyük şairi görmək üçün Yazıçılar İttifaqına gəlir. Məlum olur ki, içəridə çox qanqaraldan bir iclas gedir. Qüdrət müəllim Yazıçılar ittifaqının katibəsi Kübra xanımdan xahiş edir ki, Səməd Vurğunu eşiyə çağırsın. Kübra xanımın içəri girməyi ilə Səməd Vurğunun bayıra çıxmağı bir olur. İki dost qucaqlaşır. Səməd Vurğun Qüdrət Səmədovu iclas zalına dəvət edir. Qüdrət Səmədov getmək istəməyəndə şair onu məcbur içəri aparır. Rəyasət heyətində M.İbrahimov, S.Vurğun, Qüdrət Səmədov və başqaları əyləşir. Birdən Səməd Vurğun astadan Qüdrət Səmədovun qulağına deyir ki, Qüdrət, mən ölüm bu köpəkuşağına söy. Qüdrət müəllim heyrətlə, astadan deyir ki, ay Səməd, nə bura Salyanın düzüdü, nə də burda əyləşənlər Sarvanın kolxozçuları. Hamısı yazıçı, şairdi. Bu məqamda Kübra xanım Səməd Vurğunu telefona çağırır. Fürsəti fövtə verməyən M.İbrahimov özünəməxsus tərzdə – “Qüdrət, Səməd sənə nə deyirdi” deyəndə, Qüdrət Səmədov hündürdən gur səsə deyir: Mirzə müəllim, Səməd Vurğun köpəkoğlu mən köpəkoğluna deyirdi ki, siz köpəkoğluna söyüm”. Məclisdə gülüş qopur, yazıçıların bir az əhval-ruhiyyəsi düzəlir. İkinci epizod mənimlə bağlıdır. Aparıcı mənə söz verəndə çox təntənəli bir təqdimat verdi: Türk dünyasının xalq şairi Zəlimxan Yaquba söz verilir. Onda mən hələ rəsmi Xalq şairi adına layiq görülməmişdim. Çıxışım çox böyük coşquyla qarşılandı. Alqışlar kəsməmiş zaldan bir ağsaqqal ayağa durub çox böyük həvəslə – bugünkü çıxışına görə mən ona Salyanın xalq şairi adını verirəm, – dedi. Bu təklif də yaxşı mənada səs-küylə qarşılandı. Biz Bakıya qayıdandan bir neçə gün sonra mənə Azərbaycanın Xalq şairi fəxri adı verildi. Təbrik teleqramları, şəxsi təbriklər dalğası başladı. Kim mənim əlimi sıxıb fəxri adımı təbrik edəndə, xüsusən Salyanlı dostlarım məni təbrik edəndə gülə-gülə deyirdim ki, Salyan səfəri mənə düşdü. Əgər Salyanda mənə xalq şairi adı verməsəydilər mənim Azərbaycanda xalq şairi olmağım çətin olardı. Bu da bir görüşlə bağlı turşməzə söhbətdi, qatdım bu yazının gözünə. Səxavətli olduğunuzu hamı deyir, amma açığını deyim ki, mən sizin səxavətli olduğunuzu yalnız eşitmişəm və son illərdə çıxan bir kitabımı almaq cəhdinizi görməmişəm və heç maraqlanmamısınız da ki, nə var, nə yox. Bir haşiyə çıxım: bir dəfə sevimli Rəşad Məcidə dedim ki, əfəndim, sən elə bilirsən mənim maddi sıxıntım yoxdu və hər dəfə kitabımı sənə verəndə alıb sakitcə stolun üstünə qoyursan. Onun nə dediyini açıqlamıram. Çünki, şirin bir söz idi, amma həqiqət deyildi. – Mən səxavətimi nümayiş etdirmək üçün sərgiyə qoyan deyiləm. Sağ əlin verdiyini sol əl bilməməlidir. Bilsə onda o xeyirxahlıq yox, bədxahlıq olur. Kimin nə vaxt, harda maddi və mənəvi problemi yaranırsa gücüm çatan dairədə mən ona maddi və mənəvi dəstək olmağa can atıram. Bu, mənim dəyişməz, əbədi xarakterimdi. Sənin kitabını alıb-almamaq da səxavət deyil, kitabsız, filansız kimsə sənə qayğı göstərirsə o səxavətdir. Arxasında böyük insanlıq gizlənən səxavət. Qaldı Rəşad Məcidin sənin kitabını sakitcə bir kənara qoyma məsələsinə, sizin maddi sıxıntınıza, onu Rəşad Məcid bilər, sən bilərsən, mən sizin daxili işinizə qarışa bilmərəm. Allah qoysa, yeni şeir kitabın nə vaxt çıxsa göndərərsən mənə və səxavətimin və ya xəsisliyimin şahidi olarsan.


– Çox-çox illər öncəsizin mənim eviməgəldiyinizi yeri düşəndəfəxrlədostlara danışıram. Sizdən beləbir şey soruşum: deyəbilərsinizmi, mən harda yaşayıram? Bir az da başqa dostlara not olsun.

 

– Sizin harda yaşamağınız mənim üçün o qədər də önəmli deyil. Məni məişət suallarına endirmə, önəmli olan odur ki, siz mənim xatirələrimdə, yaddaşımda və qəlbimdəsiniz. Ancaq sizin bir cümlənizdə çox ciddi bir məqam var ki, onu diqqətdən kənarda qoymaq olmaz. O bizim yaralı yerimizdir. Bu, bizim ziyalıların ünsiyyət məsələsidir. Təəssüflər olsun ki, bu gün yazıçı və şairlərimizin, qələm dostlarımızın arasında bir mənəvi uçurum, mənəvi boşluq yaranıb. Bu dövrün, zamanın, ziyalıların və ziyalılığın faciəsidir. Ağıllı, təcrübəli, səviyyəli ziyalılar arasında mənəvi bağlılıq, ruh qohumluğu yoxdursa, əqli qidalanma, müzakirə və mübahisə, təhlil və təqdimat yoxdursa, bu, ədəbiyyatı da, ədəbi prosesi də ölümə doğru aparır. Vay o ziyalının halına ki, o dünyadan gedəndə onun haqqında acılı-şirinli xatirələr dillərdə dolaşıb onu yaşatmayacaq. Xatirə də boş-boşuna yaranmır. Məclislərdən, görüşlərdən, söhbətlərdən, səfərlərdən yaranır. Bu gün ən çox itkiyə məruz qalan bizim ünsiyyətimizdir, o boşluğu doldura bilməsək yazıçılar, şairlər yaradıcı ziyalıdan daha çox robota oxşayacaq. Hərəkət var, ruhu yoxdur. Demək həyat yoxdur.

– Cavanlarla sıx münasibətləriniz var, bilirəm. Bu, hansı qatdan gəlir? Gələcək onlarındımı deyə, yoxsa içdən gələn bir yaxşılıqdımı bu?

–  Mənim cavanlarla münasibətlərimin sıx olmağı məndən əvvəlki ədəbi nəslin mənə göstərdiyi qayğının mənəvi davamıdır. Bu, kiməsə xoş gəlmək üçün deyilmiş gəlişigözəl söz deyil. Qayğı görən insan qayğı göstərə bilməsə, demək onun adamlıqda payı yoxdur. Gənclik ömrün ən həssas, ən kövrək, ən çox qayğı tələb edən dövrüdür. Heç söz deməsən də bircə köntöy baxışla onun ürəyinə xal salmaq olar və yaxud əksinə bir isti baxışla, bir xoş təbəssümlə onun ürəyinə elə işıq salmaq olar ki, o, gələcəyin ən barlı ağacına, ən dadlı meyvəsinə çevrilə bilər. Gənclər kimlərdi? Tələbələr, yeni yaradıcılığa başlayanlar, böyük arzularla yaşayıb, uzaq uçuşlara hazırlaşanlar. Əgər sən ona qayğı göstərməsən, onun qanadları bərkiməyəcək. Bərkimədisə uça bilməyəcək. Qayğı birbaşa uçuş deməkdir. Uğur və qələbə yeni yaradıcılıq məhsulları deməkdir. Gənclik həm də sevmək, sevilmək deməkdir. Onların ümidlərini qırmaq, sevgisinə biganə qalmaq birbaşa nadanlıq deməkdir. Nisbətən yaşlı nəslin gəncliyə qayğı və sayğı göstərməyi münbit torpağa düşən sağlam toxuma bənzəyir. Əgər onun suyunu vaxtı-vaxtında versən, işığını, havasını bol eləsən, o, gələcəyin bərəkətinə və məhəbbətinə çevriləcək. Mən gəncəm, bilirəm istiqbalım var, Hələ bədr olmamış bir hilalım var. – deyən Müşfiq güllələnmə yox, qayğı görsəydi bu böyük istedadın sayəsində görün ədəbiyyatımız nələr qazanardı. Kar da, kor da bilir ki, gələcək gəncliyindir. Qış öz yerini bahara verdiyi kimi ağsaqqal da öz yerini yaratmaq eşqiylə alışıb yanan gəncliyə verməlidir. Və bu təbii prosesdən kim qaçırsa, o, öz keçmişini və gələcəyini itirir. Gəncliyin üzünə qayğı qapıları taybatay açılmalıdır. Bu mənim içimdən gələn, ruhumdan, qanımdan süzülüb gələn həqiqət və məhəbbət duyğularıdır. Qoy sənin göstərdiyin qayğı sayəsində gənclər dünyanın yaxşı üzünü görsün yaxşı olsun, pis üzünü görüb pis olmasın. Hər arzusu daşa dəymiş gəncin taleyində bir yaşlı adamın günahı və biganəliyi var. Gənclik yaşıllıqdır. Onun rəngi vaxtsız solursa biz günahkarıq. Gəncliyi ürəkli və böyrəkli yetişdirsək bu, Allaha da xoş gedər, onun bəndəsinə də.

–Yazılarınızı əlləyazırsınız, yoxsa bilgisayarla?

– Yazıları nəylə yazmaq əsas deyil, necə yazmaq əsasdır. Sualın cavabına gəlincə yazılarımı bilgisayarla yox, əllə yazıram. Bəşəriyyət tarixində yazı yazmaq üsulu üç mərhələdən keçdi. Lələkdən qələmə, qələmdən bilgisayara. Mənim aləmimdə əllə yazmaqla bilgisayarda yazmağın yer-göy, zəmin-asiman qədər fərqi var. Fərq ondan ibarətdir ki, əllə yazanda daha böyük ixtiyar sahibi olursan. Sərbəst və rahat işləyirsən. Ancaq bilgisayar elə bil adamı robotlaşdırır, dəmirləşdirir, texnikləşdirir ki, bu da canlı və emosional olmur. Soyuq olur buz kimi. O adamın ürəyini isidə bilmir, ancaq beynini işlədir. Yaradıcılıq üçün də beyindən daha çox ürək öz işini görməlidir.

–Sizin nəslin İLK İNSANI haqqında nəkimi təsəvvürünüz var?

– Təxminən 20 ilin söhbətidi, Borçalıya gedirdim. Ağstafada qatardan düşəndə xarakteri, gözəlliyi, poeziya dəlisi olmağı indi də gözlərimin önündən getməyən istiqanlı bir oğlan çox böyük sevinclə məni Borçalıya, doğma kəndimiz Kəpənəkçiyə aparmaq təklifini qəbul etdi. Yolda gözəl söhbətlər edir, şeirlər oxuyurduq. Borçalının Lejvədinli kəndinin içindən keçəndə maşını yolun kənarına çəkib mənə bir maraqlı xatirə danışdı. “Zəlimxan müəllim, 2 il bundan əvvəl yenə sizin kimi bir hörmətli qonaq aparırdım Borçalıya. İndi maşını saxladığım yerdə maşının dal təkəri buraxdı. Mən təkərlə məşğul olmağa başladım. Məndə uşaqlıqdan belə bir vərdiş var. Fiziki iş görəndə tələsmədən, sərin-sərin özüm üçün dodaqaltı qımqıma, zümzümə edə-edə, fışqırıq çala-çala işləyirəm. Burda da həm beləcə təkərlə məşğul olur, həm də fışqırığımdan qalmırdım. Yolun kənarında təxminən 70-80 yaşlarında qoca bir kişi mənə çox diqqətlə baxırdı. Mən maşını tərpətmək istəyəndə həmin bu qoca kişi əl elədi, mən maşını saxladım. Kişi birbaşa adı həmişə mənim üçün əziz olan ata babamın adını çəkib, “a bala, sən filankəsin nəvəsi deyilsən ki”, sualını verdi. Heyrətimdən damarda qanım dondu. Bir kəlmə belə kəsməmişik, bu hardan bildi ki, mən kimin nəvəsiyəm. Gözüm bərələ qalmışdı. Dilim tutar-tutmaz, nədən bildin, əmi – sualını verdim? Dedi, ay oğul, sənin babanla 30 il çoban yoldaşı, yaxın dost olmuşuq. Sən fışqırıq çalanda o kişinin qımqıması, zümzüməsi, fışqırığı gəlib durdu gözümün qabağında. Elə bildim o kişi dirilib, özü də sənə çox oxşayırdı, elə bil yarı almasınız. Belə-belə işlər, Tofiq bəy! Dünyada kişilər olub. Ruhu sağlam, yaddaşı möhkəm, hafizəsi kəskin, fəhmi yerində, fışqırıqdan insanın kimliyini müəyyən edib. Mən də arxaya boylanıb öz nəsil-şəcərəmi varaqlayanda, mənim nəslimin hardan, kimdən başladığını xatırlayanda çox çətinlik çəkmişəm. Gəlimli-gedimli, son ucu ölümlü dünyada hamının kökü, əsli-nəsli, nəcabəti, gövdəsi, budağı, çiçəyi, meyvəsi var. Köklə meyvənin arasında ilahi bir bağlılıq olduğu kimi, insanlar arasında Adəmdən, Həvvadan, Habildən, Qabildən başlamış bu günə qədər bir bağlılıq var. Elə bir bağlılıq ki, təbiət və cəmiyyət bu bağlılığın, bu ahəngin üstündə dövr edib dolanır. Bir yaramaz adamdan söhbət düşəndə el arasında deyirlər: “filankəsin kökü yoxdur, köksüz adamdır” və yaxud əksinə, kamil şəxsiyyət kimi cəmiyyətdə boy göstərən adamlar haqqında deyirlər: “Filankəsin kökü var, köklü-köməşli adamdır”. İstər-istəməz bu yerdə yaradıcılığını yaddaşımda gəzdirdiyim, əsərlərinin heyranı olduğum Yunus Əmrədən bir bənd şeiri xatırlayıram: Bir göl idim, qıldı ərənlər nəzər, Dəniz oldum hər yana irmaq ilə. Məni görən bir pula saymaz idi, İndi görən göstərir barmaq ilə. Bəli, mən sadə bir kənd müəllimini oğluydum. Hamı kimi doğuldum, iməklədim, yeridim, yüyürdüm, böyüdüm. Belə bir söz var: istedadlı, Allah vergisi olan adamlar haqqında deyirlər: nəsildə 7 dırnaqdan birində istedad özünü bildirir. İndi fikir ver bu deyimin hikmətinə. Nəsil-şəcərəmi sizə təqdim edirəm. 7-ci babamdan mənə qədər bilinənlər: yuxarıdan aşağıya – Nəbi, Allahverdi, Qurban, Yusif, Şamil, Yusif, Zəlimxan! Bu şəcərənin 7-ci nümayəndəsi mənəm, bu nəslin 7-ci dırnağı mənəm. Məndən də oğullarıma, nəvələrimə gəlsək bu, 9 nəsil eləyir. Bu doqquz nəsil də təxminən beş yüz ili əhatə edir. Ümumiyyətlə, mən öz nəslimin ilk insanını necə təsəvvür edirəm. Təxminən elmi düşüncənin gücünə yox, ilahi fəhmin gücünə deyə bilərəm ki, mənim nəslimin ilk insanı və yaxud ilk insanları fiziki və mənəvi cəhətdən çox güclü, bədən, boy-buxun cəhətdən çox hündür və enlikürəkli, pəhləvan cüssəli, gur səsli, gər nəfəsli, möhkəm iradəli, döyüşkən, eyni zamanda sazlı-sözlü, nəğməli, haylı-haraylı olublar. Aranlı-yaylaqlı, dağlı-binəli, elli-elatlı, qaynayıb qarışan, xeyrə-şərə yarayan, düşmən gözü tökən, dost qədri bilən insanlar olublar. Əgər elə olmasaydı 7-ci dırnağın yetirdiyi Zəlimxan Yaqub olmazdı. Yaxşı mənada inadkarlıq, zəhmət, yaradıcılıq, səbir, uzağa baxma, sabahı görmə, özünə qarşı tələbkarlıq, məsuliyyət hissi heç şübhəsiz ki, nəsil-şəcərəmdən mənə keçən, məndə özünü göstərən keyfiyyətlərdir.

- İnsan və yaradıcı olaraq isti və yaxın bir planet kimisiniz. Sizdən çox şeyləri soruşmaq olar. Mənim yerimdə olsaydınız nə soruşardınız? Allah amanında gözəl insan və gözəl şair!!!

– Məni planet adlandırdığınız üçün sizə təşəkkür edirəm. Sizin yerinizə mən olsaydım Zəlimxan Yaqubdan soruşardım ki, şair dost, 18 il səni yağ içində böyrək kimi saxlayan doğma Kəpənəkçi kəndi, Borçalı mahalı üçün darıxmırsan ki, 44 ildi Bakıdasan, bu illər ərzində əksər şeirlərinin baş qəhrəmanı olan Borçalı mahalının həsrətinə necə dözdün? Sən ki, sağlam və möhkəm adam idin, ürəyi, böyrəyi niyə bada verdin? Səni itirən dostlarının sayı çoxdu, yoxsa sən itirdiyin dostların? Sazını sındırsalar, qələmini qırsalar yaşaya bilərsənmi? 30 il Müşfiqdən çox yaşamısan, 10 il Səməd Vurğundan, 105 il ömür sürən Ələsgər eşqinə düşməmisən ki? Sizin evinizdə adını və soyadını verdiyin balaca bir Zəlimxan Yaqub yaşayır. Onu gələcəkdə hansı yolda, hansı sənətdə görmək istəyirsən? Yaponiyanı vuran sunami bir gün bizim mənəviyyatımızı vursa əlacı, köməyi, xilas yolunu kimdə və nədə axtaracaqsan? Qarabağda müharibə başlasa torpaq yolunda şəhid olmaq eşqinə düşərsənmi? Mən Tofiq Abdin sizin evə qonaq gəlsəm məni hansı saz havası ilə qarşılayacaqsan? Mənə maraqlı və cığal suallarınla geniş söhbətə imkan yaratdığın üçün xüsusi təşəkkür edirəm. Sağlıqla qal, turşməzə dost, əziz insan!!! 09.04.2011

 

  P.S. Bu son yazı çapa hazırlananda Xalq şairi Zəlimxan Yaqubun evinə telefon açdım. Ailəsinin verdiyi bilgilərə görə Almaniyada neçə günlərdi müalicə olunan sevimli şairimiz həftəsonu Vətənə qayıdır. Ona can sağlığı və yaradıcılıq uğurları arzulayırıq.

 

Müsahibəni hazırladı: Tofiq ABDİN

  Geri