Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   “Mənə atılan daşlar nəinki topuğuma, heç ayaqqabımın altına çatmır”

 

Zəlimxan Yaqub: “Mənə atılan daşlar nəinki topuğuma, heç ayaqqabımın altına çatmır” 

Xalq şairi, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun Milli.Az xəbər portalına müsahibəsi

 

 -  Əvvəlcə 60 illik yubileyiniz və bu günlərdə “Şərəf” ordeni ilə təltif olunmağınız münasibətilə sizi təbrik edirik. 60-dan geri boylananda nələr görünür?

-  Təbriklərə görə çox təşəkkür edirəm. Vallah, bu sualın cavabı o qədər genişdir ki, bilmirəm necə əhatəli cavab verim. Borçalı adlı bir mahalda, Kəpənəkçi adlı bir kənddə, Yapırlı adlı bir nəsildə Yusif müəllimin ailəsini görürəm. doğulduğum evi, həyət-bacanı görürəm, o həyət-bacada yaşadığım ülvi, pak, bakirə, müqəddəs duyğuları görürəm, atamın ruhunu, anamın canının sağlığını görürəm, kökü, tarixi yaddaşı görürəm. O həyətdən boylananda bizə sarı boylanan dağları görürəm, başı qarlı zirvələri, Lök dağını, Ləlvəri, Ağlağanı görürəm, Başkeçid, Qaraxaç yaylaqlarını, Zəlimxanı saçından dırnağınadək təbiət qədər gözəlləşdirən, Zəlimxan eləyən o təbii mənzərələri görürəm. Gözəl məclisləri, ağsaqqal kişiləri, Əmrahın, Kamandarın, Hüseyn Saraclının, Qumru Məmmədin, ustad Borçalı aşıqlarının bir-birindən yaddaqalan, möhtəşəm keçirdiyi məclisləri görürəm, o məclislərin iştirakçısı olmuş Zəlimxanı görürəm. Bir sözlə, bir kəlmə ilə deyiləndirmi, nələri görmürəm? Gördüklərimin heç mindən birini də ifadə edə bilmirəm.

Kəpənəkçidən çıxıb Borçalı ilə bir olanda, Borçalıdan çıxıb Azərbaycanla bir olanda, Azərbaycandan çıxıb Türk dünyası ilə bir olanda, gəzdiyim elləri, obaları, ölkələri, bir-birindən doğma ocaqları, Şərq ölkələrini, Kəbəni, Kərbəlanı, Məkkəni, Bağdadı, Şamı, İstanbulu, Qarsı, türk dünyasını, islam aləmini görürəm.

Yaşadığım 60 il olduqca maraqlı, rəngarəng bir ömür olub. Səyyah kimi, ozan kimi, aşıq kimi, aşiq kimi, dərviş kimi, deputat kimi, dövlət adamı kimi - bunların hamısını özündə cəmləşdirən Zəlimxan kimi gəzmişəm bu dünyanı və heç yerdən seyrçi nəzərlə keçməmişəm. Yaza-yaza, görə-görə, götürə-götürə, müşahidə eləyə-eləyə çox dolu, zəngin bir ömür yaşamışam ki, bu ömür də öz yaradıcılığımda, haqqımda yazılan kitablarda, məqalələrdə əksini tapıb. 10 illik millət vəkilliyi dönəmi, bütün həyatım boyu qələm əlimdə, saz sinəmdə, nəğmə dodağımda, layla ürəyimdə bir ömür yaşamışam. Cibim də, süfrəm də, qapım da açıq olub.

-  Bugünkü Zəlimxan Yaqub olacağına inam hardan idi sizdə?

-  Mən bilirdim ki, mənim ömrüm bahalı ömürdü, bilirdim ki, söz Allahın mənə verdiyi böyük nemətdir, onun qədrini bilmək üçün “Uzaq sahillərə üzmək istəsən, çalış hər dalğayla güləşməyəsən” deyən rəhmətlik Xəlil Rzanın tövsiyəsinə əməl etmək lazımdı. Ona görə də heç bir dedi-qoduya, tərifə, tənqidə, təhqirə əhəmiyyət vermədən irəliyə doğru addımlamalıyam. Qələm əldən, saz sinədən düşməməli, eşq ürəkdən ayrılmamalıdır. Ayaq torpaqda, yumruq havada yerlə-göylə əlləşməlisən... Mən heç vaxt otaqların küncünə çəkilmədim, qısılmadım, bürüşmədim, sınmadım, əzilmədim. Ona görə də Zəlimxan oldum.

- Maraqlıdı, həmişə televiziya ekranlarından, radio dalğalarından, mətbuat səhifələrindən, müxtəlif tədbirlərdən, xeyir-şər məclislərindən, səfərlərdən, bir sözlə, hər yerdən səsi gələn Zəlimxan Yaqub bu qədər kitabı yazmaq üçün tələb olunan vaxtı haradan tapdı?

- Çox maraqlı sualdı. Bəli, mən həmişə öz içimdə bir hərbi nəzarət rejimi yaratmışam. Heç vaxt ilhamıma, yaradıcılıq eşqimə xəyanət eləməmişəm. Tükənməz yaradıcılıq eşqi, ciddi məsuliyyətlə keçdiyim 40 illik yaradıcılıq mərhələsi məni 40 kitaba qovuşdurub. Ulu öndərimiz Heydər Əliyevin təqdim etdiyi “Şöhrət” ordeninə, möhtərəm prezidentimiz İlham Əliyevin verdiyi “Xalq şairi” adına və nəhayət, 60 illik yubiley münasibətilə yenə də cənab İlham Əliyevin təqdim etdiyi son mükafat “Şərəf” ordeninə qovuşdurub. Bu “Şərəf” ordeni mənim şərəfli ömrümü daha da şərəfli elədi. Ona görə yox ki, dövlət mənə “Şərəf” ordeni verib. Ona görə ki, dövlətin diqqəti ilə millətin məhəbbəti üst-üstə düşüb. Mənim mükafatlarıma ağız büzən, artıq-əskik söz deyən olmadı. Əksinə, çoxları dedi hələ bundan da artığına layiqdir. Bütün bunlara görə birinci Allahıma, onun mənə verdiyi istedada, yaddaşıma, nitqimə, natiqliyimə, şux yerişimə, şax dayanmağıma, aydın danışığıma, kəskin zəkama və bütövlükdə bir şair kimi mənə diqqət göstərən dövlətimə, millətimə minnətdaram. O cümlədən atama və anama da minnətdaram ki, məni evdən çıxarıb dünyanın Zəlimxanı eləyiblər.

-  Bəs 20 il bundan əvvəl bu gününüzü necə görürdünüz?

-  Mən tam səmimiyyətlə deyirəm, bu günləri ovcumun içi kimi görürdüm. Gələcəkdə nə olacaq, onu da ovcumun içi kimi görürəm. Ona görə ki, heç bir zaman haqq-ədalətin, halal əməyin itmədiyinə içimdə böyük bir inam olub. Məhəmməd Peyğəmbərlə bağlı, Aşıq Ələsgərlə, sazla, Aşıq Hüseyn Saraclı ilə, Heydər Əliyevlə bağlı böyük əsərlərim var, bunların hər birini yazanda tərtəmiz yuyunmuşam, yerə diz çöküb, Allaha əl açıb yalvarmışam ki, girişdiyim bu işdə mənə kömək elə. Sidqi-dildən ağladığım məqamlar da olub. Allah da istədiyimi verib. Allah istedadı çox adama verir, lakin nəyəsə nail olmaq üçün mütləq zəhmət çəkməlisən.

-  Bir neçə dəfə cərrahiyyə əməliyyatı keçirmisiz, ancaq maşallah, əvvləki şuxluğunuz yerindədir. Bunun sirri nədədir?

-  60 yaşımda mənim bədənimdə 3 dəfə cərrahiyyə əməliyyatı gedib. Amma bundan sonra 30 dəfə də cərrahiyyə əməliyyatı olunduğumun şahidi olsanız, bilin ki, yenə bu təravət, bu danışıq Zəlimxanda olacaq. Çünki mənim ruhum çox güclüdü, bu ruh da xalqın sevgisindən, elin məhəbbətindən gəlir.

-  Bir dəfə müsahibə verərkən “sizin bostanınıza niyə tez-tezdaş atırlar” sualının cavbında bildirmişdiz ki, “bostanda nəsə var ki, daş atırlar, olmasa atmazlar”. İndi bostana bələdik, daşlar necə, atılırmı yenə?

-  Çox gözəl və məzmunlu, ürəyimdən xəbər verən bir sual verdiyinizə görə sağ olun. Bilirsiz, bu “bostana daş atmaq” məsələsinə geniş baxmaq lazımdı. İnsanın gərək dünyagörüşü olsun. Məhəmməd Peyğəmbəri insanlar daş-qalaq ediblər, Cavidi Sibirdə çürüdüblər, Əhməd Cavadı, Müşfiqi güllələdiblər. Yəni bu, dünən də olub, bu gün də var, sabah da olacaq, belə şeydən çəkinmək lazım deyil. Məsəl var, “Qurddan qorxan qoyun saxlaya bilməz”. Sən heç nəyə baxma, irəli get. Sən böyüdükcə, o daşların da sayı azalacaq, səninlə hesablaşmağa başlayacaqlar. Bəli, əvvəl 5 daş atırdılarsa, indi 1 daş atırlar. Hələ o 1 daşı da atandan sonra öz-özünə deyir “day adamın vicdanı, Allahı olar, “köpəyoğlu” yaradır da”. Axırıncı daşı da əlindən yerə salır, atmır. Sən elə hünər sahibi olmalısan ki, o daş atanları xəcalət çəkməyə məcbur eləməlisən və onlar elə başa düşməlidir ki, sənin bostanına atdıqları daş öz başlarına düşür. Mənim nüfuzum elədir ki, daşlar atılırsa da nəinki mənim topuğuma, heç ayaqqabımın altına çatmır. Bəzən səbirsiz dostlarım mənə deyirlər, Ay Zəlimxan müəllim, filan yerdə niyə sənin haqqında filan şey yazıblar? Deyirəm a kişi, dəyməyin, qoy yazsınlar. Var ki yazırlar, olmasa nə yazacaqlar? Belə bir söz var, deyir “qurban olum düşmənə, qoymur məni düşməyə”. Dərindən düşünəndə belə daşların sənə xeyri var, səni möhkəmləndirir.

- Özünüzü ən çox şair hesab edirsiniz, yoxsa aşıq?

- Bu sual da maraqlı sualdı, sizə hansı xoş gəlirsə, onu da qəbul edin. Amma mən özümü həm çox gözəl şair, həm də çox gözəl aşıq hesab edirəm. İndi keçib yaradıcılıq guşəmə, sizin eşqinizə bir hava çalacam, görəcəksiniz kimdi Zəlimxan. Xəstə Qasımın bir sözü var, deyir “əgər bir simi tərpədən varsa, o da bizim dəstədəndi”. Bu aşıqlıq dünyası, saz aləmi mənə olduqca əzizdir, müqəddəsdir. Mən yaxşı bilirəm ki, mənim saz qanadım olmasaydı, bu gün xalq üçün Zəlimxan Yaqub olmayacaqdım. Birinci məni saz doğub, sonra söz yaradıb. Mən sazdan gəlmişəm. Mən birinci növbədə anama, anamın laylası qədər müqəddəs olan sazıma, sonra isə sözə minnətdaram.

- Amma sizdən fərqli olaraq bu gün saza dodaq büzənlər, rişxənd edənlər var...

-  Vaxt vardı, Zəlimxana da dodaq büzürdülər, deyirdilər dünyanın o başından gəlib nə meydan sulayır burada? Şəhər psixologiyası məni qəbul etmirdi, ona görə ki, mən sazdan gəlirdim. Hələ Allahınıza şükür eləyin ki, saz bu gün şəhərdə özünə bu qədər yer eləyib. 30 il bundan əvvələ qədər Bakı mənim deyildi, rusun, erməninin, cuhudun idi və onların nəsilləri, ənənələri qalmışdı. Son 3-5 ilə qədər saz ancaq kəndin idi, bu gün isə həm də şəhərindi. Görəcəksiniz, bu gün saza lağ eləyənlər, 1 il sonra onun başına hərlənəcəklər. Yəni Zəlimxan gələndə, ona necə müqavimət vardısa, indi saz da gələndə ona o cür müqavimət var.

- Sizcə, kimlərdən gəlir bu müqavimət?

- Qeyri-türk olanlardan, antitürk, antimilli olanlardan! Onlar bizim dilimizin şirinliyini, sazımızın havacatını yeyə bilmirlər, istəmirlər. Ona görə də bu gün Zəlimxan həm şair kimi, həm aşıq kimi, həm Aşıqlar Birliyinin sədri kimi yumruğunu qaldırıb havaya, mübarizə aparır. Bilirsiz, yüz illərlə muğamat burada meydan oxuyub, saz isə dünən gəlib Bakıya. Hələ sazın burada yaşı çox cavandı. Allah qoysa, o püxtələşəndə, həddi-büluğa çatanda görəcəksiniz Zəlimxan kimi necə nərə çəkir!

-  Aşıqlar Birliyindən söz düşmüşkən, qurumun rəhbəri kimi bir az da bu barədə danışın zəhmət olmasa; işlər nə yerdədir, yeniliklər varmı, Birliyə qəbul qaydaları necədir?

- 2008-ci ilin avqust ayında çağırılmış Aşıqların 5-ci Qurultayından 1 il sonra bizim yer problemimiz oldu. Sonra İçərişəhərdə bizə çox gözəl yer ayırdılar. Düzdür, bir az balacadır, ancaq nə iş istəsən görə bilərsən. Orada texniki təchizatla bağlı işləri qaydaya salmışıq. Qarşıda böyük yaradıcılıq planlarımız var. Qəbul məsələsinə gəlincə, birliyə üzv olmaq istəyənlər gəlir, münsiflər heyəti var, baxırıq eninə-uzununa, səsinə-avazına, əgər layiqdirsə, qəbul edirik, layiq deyilsə, deyirik qardaş, get məşğul ol, məsləhət olanda gələrsən. Amma ustad aşıqları sorğu-sual eləmirik, sadəcə şəklini gətirir, biletini hazırlayıb veririk. Aşıqların say məsələsi isə hələ müəyyən deyil, respublikanın bütün zonalarından siyahılar daxil olur və hazırda bu barədə dəqiqləşmə aparırıq.

Bu gün Aşıqlar Birliyinin qarşısında çox böyük bir vəzifə durur. Dünyanın çox mötəbər bir təşkilatı olan YUNESKO tərəfindən təsdiq olunan aşıq sənəti, Aşıqlar Birliyinin fəaliyyəti ilə öz böyüklüyünü təsdiq eləməlidir. Buna nail olacağımıza qəti şübhəmiz yoxdur, çünki bizə dövlət dəstəyi var, xalq məhəbbəti var, bizə cənab prezident İlham Əliyevin, Mehriban xanım Əliyevanın qayğısı var. Hamısına minnətdaram.

-  Ana dilində danışa bilməyənlər var, hətta rəsmi qurumlarda, dövlət idarələrində. Mən bir jurnalist kimi dəfələrlə rastlaşdığım haldır, rəsmi qurumlara zəng edib münasibət almaq istəyirəm, qarşı tərəf ana dilində danışa bilmir...

-  Ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyev dil haqqında fərman imzalayıb. Azərbaycan parlamenti dil haqqında qanun qəbul edib. Birinci növbədə, dövlətçilik baxımından hər bir vətəndaşın borcudur ki, həm prezidentin fərmanına, həm parlamentin qanununa əməl etsin. Ancaq qeyrətli vətəndaş üçün prezidentin fərmanından da, parlamentin verdiyi qanundan da irəli onun öz vicdanı olmalıdır. Əgər mən Azərbaycan xalqının oğluyamsa, Azərbaycan dilində danışmalıyam. İstəyirsən get 77 dil bil, kimdir sənə bir söz deyən? Amma öz dilində danışmağı bacarmırsansa, bu, çox böyük bədbəxtlikdi. Üstəlik, ana dilini öyrənmək də istəmirsənsə, bu ikiqat faciədir! Səni dünyaya gətirən ana hansı dildə danışırsa, sən də o dildə danışmalısan. Hər bir ziyalı zəhmət çəkib öz ana dilində elə şirin danışmalıdır ki, başqalarını da cəzb etməlidir. Mən heç vaxt demirəm ki, mənim dilimi sevin, elə danışıram ki, başqa millətlər eşidərkən dilimi sevməyə bilmirlər.

- Oğul-uşaq necədi?

- Şükür Allaha, hamısı yaxşıdı, 4 övladım, 6 nəvəm var. Nəvəmin biri öz adaşımdı.

- Müsahibədən razı qaldınızmı?

-  Bəli, amma təəssüf edirəm ki, mən bu gün həddindən artıq yorğun olduğum üçün sizinlə əsl Zəlimxan kimi danışa bilmədim. 5 saat davam edən bir tədbirdən yenicə gəlmişdim, siz də yaman yerdə yaxaladınız məni. Zəlimxanlığımı yaxşı göstərə bilmədim sizə (gülür).

 

Əvəz Qurbanlı

10 Fevral 2010. Milli.Az

  Geri