YAŞAMAQ İSTƏYİRƏM!
Zəlimxan Yaqub: “Allah bir möcüzə göstərsə, yəqin qəbirdə də yazaram”
"Qırılar qanadı eşqin, həvəsin,
Tükənər sevinci ruhun, nəfəsin.
İlahi! Dağını yıxma heç kəsin,
Dözmürəm bu dağın yıxılmağına..."
Yenə üzüm doğmalaradır. Əllərim Allahda, ona gedən yolun ağına düşmüşəm. Beynimi düşüncələr dağıdır: "Qarşıma bu dəfə necə çıxacaq, görəsən?, "Çoxmu arıqlayıb?"... Danışa biləcəkmi dərdi çəkmirəm, çünki buna şübhəm yoxdur. Mənə elə gəlir ki, o, susduğu gün öləcək.
SÖZün susduğu harda görünüb?!
Ölümsüzlə söhbətə gedirəm. Qağama, şair Zəlimxan Yaquba...
Hədiyyə də götürürəm. Çanaqqala zəfərinə həsr olunmuş ədəbi müsabiqədə Fəxri Fərmana layiq görülən əsərinin dərc olunduğu "Çanaqqala. Milli ruh" kitabını və mükafatını...
Əslində...
Dünyanın ən böyük mükafatı onu bu dəfə də sappasağlam görmək istəyidi....
- Qağa, səhhətin necədir?
- Yaxşıyam.
- Nə deyək oxuculara?
- De ki, yaxşıdır. De ki, yaradıcılığında, işində-gücündədir. Yazır hələ. Onlara de, mən, Allah bir möcüzə göstərsə, yəqin qəbirdə də yazaram.
- Ay qağa, səni kimdir göndərən? Hələ de görüm, sən niyə sevgi şeirləri yazmırsan? Yoxsa Eşq yoxdumu daha?
- Var, olacaq.
- Olacaqmı?
- Sevgi həmişə var. Olub, olacaq. Sevgi də sevgidir də.
(Susur. Deyəsən narahatdır. Əllərini tuturam...)
- Qağa, nədən narahatsan? Varmı bir rahatsızlığın?
- Ancaq səhhətimdən. Yaşamaq istəyirəm. Bilirsənmi, dünya əzabıyla, əziyyətiylə, pisliyiylə, məşəqqətiylə gözəldir.
(İçimin cızıltısı qulağıma gəlir. Udqunuram. Əgər elə bir hökmüm olsa, öz ömrümdən ömür verərəm ona... İlahi, bu adam yaşamaq istəyir və mən bunu sadəcə, dinləyə bilirəm!)
- Bə niyə bu cavanlar belə gileylənirlər? Yaşamağımı bacarmırlar yoxsa? Kimi dindirirsən hamı həyatından narazıdır...
- Kim yaşamaqdan gileylənirsə, onun ağlı yoxdur. Vaxtın elə yeridir ki, bir saatın, bir dəqiqənin özü belə ömür üçün qənimətdir. Yaşamaq lazımdır.
(Mövzunu dəyişdirmək cəhdim alınır deyəsən...)
- Ölkəmizdə yaxşı işlər baş verir ay qa, Qarabağ qazisi qızıl medal qazandı...
- Hə, onu düz deyirsən. Bu Avropa Oyunlarıyla bağlı dövlətimiz də, Prezidentimiz də, xalqımız da çox böyük işlər gördülər. Azərbaycan kimi bir ölkənin ikinci yerə çıxması çox böyük hadisədir, nailiyyətdir. Rusiya böyük dövlətdir, sən onun yanında çox balacasan, amma mənəvi cəhətdən güclüsən. Bu qədər az vaxt ərzində bizim gördüyümüz işlər, Bakının bu qədər gözəlləşməsi, dəyişməsi, ucalması balaca məsələ deyil. Bu iş Azərbaycanı dünyaya təqdim elədi. Azərbaycan bir daha özünü təsdiqlədi və dediyini elədi. Biz də Heydər Əliyev sarayında gözəl bir gecə keçirdik "Gəncliyin səsi" adlı. Bütün aşıqları yığdıq ora. Bunun özü elə Avropa Oyunlarına dəstəkiydi.
- Avropa Oyunlarını dünyaya mesaj hesab eləmək olarmı?
- Bəli. Azərbaycan "mən dövlətəm", "mən xalqam" deyə səsləndi dünyaya. Mən millətəm və öz sözümü dünyaya deməyə qadirəm!
- Türkçülük mesajı da vardı... Üçrəngli bayraqla al-qırmızı bayraq yanaşı dalğalandı. Özü də mənə elə gəlir təkcə əllərdə deyildi, həm də ürəklərdəydi. Dünya bunu da mesaj olaraq qəbul elədimi?
- Şübhəsiz. Bilirsən, türkçülük mesajı balaca söz deyil, çox böyük sözdür. Onunla bağlı saatlarla danışmaq olar. Türkiyənin bir dövlət kimi, Azərbaycanın bir dövlət kimi nüfuzunun artması hamımızın ucalmağıdır. Biz fəxr edirik ki, bizim Türkiyə kimi arxamızda dayağımız var. Və Türkiyənin də Azərbaycan kimi arxası, dayağı var.
(Gözümə masanın üstündəki saralmış bir məktub sataşır. Onu söhbətimiz əsnasında şairin özü gətirib oraya qoymuşdu və deyəsən, sözlü adama oxşayırdı).
- Yaradıcılıqda nə var nə yox? Bu məktub nədir belə? Deyəsən, arxivdəndir...
- Yox. Onu bilmirəm kim yazıb. Yazıçılar İttifaqına veriblər. Bu məktubu yazan qadını tanımıram, amma məni yaman silkələdi. Basqaldaydım, gecənin bir aləmi elə bil kimsə məni yuxudan oyatdı. Qalxıb bu poemanı yazdım.
(Əlyazmanı başdan-ayağa oxuduqdan sonra məlum olur ki, Şuşada balası qalan bir ananın faciəsidir bu. Sadəcə, Zəlimxanın yazmağını istəyib. O da yazıb. Yazıb ki...
"Şuşada balam qaldı..."
Şair yeni poemasından ayrılmaq istəmir. Əlyazmanı özündə saxlayır. Sadəcə, məktubun şəklini çəkə bilirəm).
- Şairin əlləri Saz tuta bilirmi?
- Sazla aramızda... Küsülüyük biz, barışammırıq hələ.
Mən yaradıcılığa başlayandan bu günə qədər yaradıcılıq həmişə yüksək səviyyədə olub məndə. Hər yerdə, dünyanın harasına getmişəm, harda olmuşam, ürəyimcə olan şeirlər yazmışam...
Söhbətimiz burda qırılır. O yorulub, amma demək istədikləri var. Əllərindən öpüb getməyə hazırlaşıram. "Mənə sözün varmı" - deyə qapıya yönələndə "var" deyir. Bir az əvvəl imzaladığı yeni kitabı haqqında yazı yazmağımı istəyir. "Gücüm çatmaz, nə həddimə" - deyə israr eləsəm də, mümkün olmur. Şairin boynumda qoyduğu bu yükün qüruru ilə ayrılıram ordan. Çiçəklər də gözümə bir başqa görünür sanki. Yadıma anamın bura gələndə yoldakı telefon zəngi düşür:
"Söhbətinizə bir yovşan ətri götür məndən. Və Zəlimxana de ki, yovşan ətrini yovşanı tanıyanlar bilər ancaq..."
Nigar İsfəndiyarqızı
Kaspi qəzeti,
4-6 iyul 2015
|