Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   Cığır açıb yol ömrü yaşayan sənətkar həyatım və mühitim

Cığır açıb yol ömrü yaşayan sənətkar həyatım və mühitim

Xalq şairi Zəlimxan Yaqubla söhbət

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Zəlimxan Yaqub poeziya aləminə gəldiyi ilk illərdən dərin və hüdudsuz oxucu məhəbbəti ilə qarşılandı. O, gur səsi, ətrafı bir anda nura qərq edən poetik enerjisi ilə şeiri geniş meydanlara, böyük auditoriyalara çıxara bildi. Ədəbi ictimaiyyət onun məzmunca zəngin, formaca dolğun şeirlərini yeni səs və isti söz kimi qəbul etdi. Azərbaycan poeziyasının inciləri səviyyəsinə qalxan neçə-neçə əsərin müəllifi kimi Zəlimxan Yaqub öz zəngin yaradıcılığı ilə milli varlığa, xalq ruhunun tərənnümünə və milli özünüdərkə xidmət etdi, gənc nəslə yüksək vətənpərvərlik ruhu aşıladı.

Zəlimxan Yaqub xalq ruhuna, kökə, saz-söz sənətinə qırılmaz tellərlə bağlı olan bir sənətkardır. Sevimli Xalq şairimiz Bəxtiyar Vahabzadə vaxtilə gənc həmkarı haqqında demişdi: “Zəlimxan şeiri xalq yaradıcılığına, sazın tellərindən süzülüb durulan aşıq poeziyasına söykəndiyi üçün onun dili kələ-kötürlükdən xali, axıcı və şəffafdır. Qafiyələr sərrast, obrazlar aydın və durudur. Onun şeir köhləni ilham qanadlarıyla uçduğuna görə oxucunu öz arxasınca mənzilə rahat çatdırır. Elə buna görə də sətirlərdə yürüdülən fikir və duyğular bulanlıq arx suyuna deyil, büllur dağ çeşməsinə bənzəyir”.

Büllur dağ çeşməsi kimi çağlayan şairimizlə üz-üzə oturmuşam. Onun xatirələri, dövr-zaman haqqında söhbətləri də poeziyası qədər qəlboxşayan və şirindir.

-Mən  uşaqlıqdan arana, yaylağa, dağa, binəyə, yerə-göyə, ulduza-aya, çaya-çeşməyə bağlı olmuşam. Təbiət mənim ikinci anam olub. Bu gün bəyənib xoşladığımız kitabları necə sevə-sevə oxuyuruqsa, mən də uşaqlıqda təbiəti elə sevmişəm. Təbiəti vərəq-vərəq, cığır-cığır, iz-iz öyrənmişəm və öyrəndikcə də sevmişəm. Elə təbiətə vurğunluğum, sevgim də məni xoşbəxt eləyib. İş ondadı ki, mən artıq 9-10 yaşından şeir yazmağa başlamışam. Şeirə-sənətə marağımı görən babam, sonra da atam IV-V siniflərdə oxuyanda məni məclislərə aparırdılar. Uşaq ikən ağır məclislərdə olmuşam. Maraqlıdır ki, bu günə qədər məclis deyilən böyük bir dünyanın fəlsəfəsi, akademiyası, onun dərinliyi açılmayıb. Məclis səni böyüdən mühit insanın formalaşmasında, yetişməsində çox böyük şərtdir.

Uşaqlıq illərində iki adam mənim idealım idi. Biri atamın dayısı Hacımurad müəllim idi. Səməd Vurğuna çox oxşayırdı, mütaliəli və savadlı adam idi. Onun evində olan kitablar, bəlkə də, heç kimdə yox idi. İkinci idealım isə Rəşid müəllim idi. Gürcüstanın Əməkdar müəllimi Rəşid Acalov, ona kəndimizin əlifbası deyirdilər. Onlar tez-tez mənim üstümdə mübahisə edərdilər. Rəşid müəllim deyirdi ki, az yazsın, mənalı yazsın. Hacımurad müəllimsə deyirdi ki, qoy çox yazsın. Yaxşıları onların arasından seçmək asandı. O iki adam, sonra da məktəbimizin bütün müəllimləri, yuxarı sinif şagirdləri öz isti münasibətləri ilə məni yazmağa ruhlandırırdılar.

Anam yaxşı ailədə tərbiyə almışdı. Şifahi xalq ədəbiyyatını gözəl bilirdi, ozan-aşıq sənətinə dərindən bələd idi. Atam riyaziyyat müəllimi olsa da, saza-sözə bağlı adam idi. Valideynlərimin də diqqəti və ümidli münasibəti məni yaradıcılıqla ciddi məşğul olmağa sövq edirdi.

O illərdə ən çox Səməd Vurğuna və Aşıq Ələsgərə bənzəmək istəyirdim. Səməd Vurğunu dəfələrlə yuxuda görmüşəm, ona şeirlərimi oxumuşam. Aşıq Ələsgər də tez-tez yuxuma girirdi. Bu iki böyük sənətkarı çox dərin məhəbbətlə sevmişəm və təsadüfi deyil ki, onların hər ikisinə çoxlu şeirlər, böyük həcmli əsərlər həsr etmişəm.

-Sizin yaradıcılığınızda torpaq, Vətən sevgisi, Qarabağ dərdi qırmızı xətlə keçir. Ən əvvəl Kəpənəkçiyə ünvanlanmış bu sevgi sonralar bütöv Azərbaycanı, Türk dünyasını və bütün bəşəriyyəti əhatə etdi...

 -Təbiəti sonsuz məhəbbətlə sevməklə, gözəl müəllimlərim olmaqla, əziz-xələf böyüməklə bərabər, mən həm də dərdlə böyümüşəm. Çünki 1937-ci ildə ana babamı sürgün ediblər, anam yetim qalıb.

 

Bir at mindim, başı yox,

Bir çay keçdim, daşı yox

Burda bir qərib ölüb,

Qohumu, qardaşı yox.

 

Anam tez-tez bu bayatını deyər və için-için ağlayardı. Güldən-çiçəkdən, dağdan-dərədən, çaydan-çeşmədən yazan Zəlimxanın qəlbində bu yara da qövr edirdi. Elə oldu ki, Allah bu dərdin üstünə Qarabağ boyda bir dərd də yüklədi. Qarabağ bəlası çox ağır dərddi, çox çəkilməz dərddi. Mənim üçünsə lap ağırdı, niyə? Çünki mən Qarabağı qarış-qarış gəzmişəm. Dostum, Qarabağın ən qiymətli kişilərindən biri olan Zeynal Məmmədovla birlikdə bu gözəl diyarın bütün guşələrini dolaşmışıq. Mənim yazdığım “Səs şikəstəsi” və “O qızın göz yaşları” poemaları, Qarabağla, Xocalı ilə bağlı yazdığım şeirlər bu gün məktəblərdə tədris olunur. Onları mən gözümün yaşı, ürəyimin qanı ilə yazmışam. Heç kim deməyib ki, bunları yazmaq lazımdır. Həmin əsərləri mənə Qarabağ dərdi, düşmənlərin müxənnətliyi yazdırıb. Mən həm də Qarabağ şairiyəm, Qarabağ dərdlərinin şairiyəm:

 

Bu gecə yuxuma girmişdi Şuşa,

Cabbar ağlayırdı, Xan ağlayırdı.

Dönmüşdü qanadı qırılmış quşa,

Qarabağ başa-baş qan ağlayırdı.

 

Mənim üçün Qarabağ akademik Xudu Məmmədov demək idi. Böyük vətəndaş olan Xudu müəllim bənzərsiz insan, əvəzsiz ziyalı idi. Onunla biz çox yaxın dost idik. Dünya şöhrətli bu alimlə səmimi, unudulmaz söhbətlərimiz çox olub. Onunla bağlı iki hadisəni yada salmaq istəyirəm.

Şah İsmayıl Xətainin 500 illiyi ilə bağlı Bakı Dövlət Universitetində tədbir keçirilirdi. Çıxış edənlər müxtəlif məsələlərdən danışır, əsas mövzudan yan keçirdilər. Bir neçə çıxışdan sonra söz Xudu müəllimə verildi. Onun şah cümlələri olduğu üçün sözbəsöz təkrar edirəm: “Deyirlər, dünyanın yeddi möcüzəsi var. Mən deyirəm ki, dünyanın səkkiz möcüzəsi var. Səkkizinci möcüzə Azərbaycan alimlərinin Azərbaycan tarixinə biganəliyi möcüzəsidir!”. Bundan təsirli adamı nə cür silkələmək, sözlə döymək olar? Böyük ziyalı kimi o, kəskin fikrini dedi.

İkinci hadisə Dağlıq Qarabağ davasını körükləyən hadisələrdən biri - Topxana meşəsinin qırılması ilə bağlı filarmoniyada keçirilən tədbirdə oldu. Yenə Xudu müəllimə söz veriləndə o, tufan qopartdı, aləm qarışdı bir-birinə. Yenə əvvəlki təmtəraqlı, boşboğaz çıxışlara kəskin münasibətini bildirdi. Dedi: “Ay qardaşlar, biriniz deyirsiniz ki, Londondan xalçanı gətirək, biriniz deyirsiniz ki, Gürcüstandan Gəncənin qədim qapısını alaq. Başqa biriniz deyirsiniz ki, əlifbanı dəyişək. Siz Qarabağ adında yanan o nəhəng ocağı söndürmüsünüzmü ki, belə xülyalara düşmüsünüz?”.

Mən Qarabağ dərdi ilə yanıb-qovrulan adamları çox eşitmişəm. Onların arasında rəhmətlik Şahmar Əkbərzadəyə, Xudu Məmmədova hədsiz minnətdaram. Zeynal Məmmədov Qarabağın şah kişisi, həm də Qarabağın canlı ensiklopediyası idi. Məhz onun köməyi və tövsiyələri sayəsində Qarabağa həsr olunmuş əsərlərim belə dolğun və məzmunlu çıxmışdır. Buna görə də Zeynal müəllimə çox minnətdaram.

Türk dünyasına gəlincə isə gənclik illərində yazmışdım ki, əzəl-axır dünya türkün olacaq. Bu gün həmin qənaətim daha da artıb. Çünki dünya çalxalanır. Qərb hər an Şərqi aşağılayır. Hətta onun peyğəmbərinə sataşır, onu lağa qoyur. Müsəlman dövlətlərini bir-biri ilə müharibəyə sövq edir. Bu gün ayıq-sayıq olan bir dövlət varsa o da Türkiyə dövlətidir. O, təkcə öz millətini yox, bütün müsəlman dünyasını qorumağa çalışır. Əminəm ki, onun buna gücü çatacaq. Çünki türk milləti həmişə ədalətə güvənib, haqqa bel bağlayıb.

...Yavuz Sultan Səlim Misirə səfər edərkən qoşun ucu-bucağı görünməyən alma bağlarından keçib gedir. Bağlardan bir xeyli uzaqlaşandan sonra əmr verir ki, qoşun düşərgə salıb dincəlsin. Yavərinə onun üçün bir alma tapmağı tapşırır. Qoşunu ələk-vələk eləyirlər, ancaq bir alma tapa bilmirlər. Onda Sultan Səlim deyir ki, gör mən necə böyük millətin övladıyam, yarım gün alma bağlarının arası ilə yol getmişik, ancaq bir əsgər ordan bir alma qırmayıb.

Bəli, türklər getdikləri ölkələrə mədəniyyət, böyüklük, həqiqət aparıb. Heç kimin loxmasına toxunmayıb, hər yerdə ədaləti bərpa edib, ədalətin tərəfində olub. Buna görə əzəl-axır dünya onun olacaq.

 

Qovuşacaq bölünənlər, bölgələr,

Nurlanacaq qaranlıqlar, kölgələr,

Diriləcək Oğuz xanlar, Bilgələr.

Türkə səcdə, türkə təzim olacaq,

Bu gün-sabah dünya bizim olacaq.

 

- Siz həm də həmişə Haqqa sığınmısınız, böyük Yaradana bağlı adam olmusunuz...

-Şair olan, əlində qələm, önündə dəftər olan adam həmişə Haqqa, Allaha bağlı olmalıdır. Onun payı göylərdən gəlməlidir... Böyük yazıçımız, rəhmətlik İsa Muğanna deyərdi ki, sən Allahdan gələn sədaları eşidib qəbul etməlisən. Mən ömrüm boyu göylər aləmi ilə bağlı olmuşam. Mənim dəftərlərimə, əlyazmalarıma baxsanız, kiçik bir düzəliş də görməzsiniz. Düzəlişlərin hamısı içəridə olurdu və vərəqlərə tərtəmiz düzülürdü. Mənim yazdığım əsərlərin hamısı, həqiqətən, xalqın dupduru varlığından su içib. Xalqsa Allah deməkdir, Allah Xalq deməkdir, Xaliq deməkdir.

Mən həmişə xalqa bağlı adam olmuşam. O da məni həmişə Haqqa bağlayıb. Haqqa bağlı olmaq da torpağa, vətənə, millətə bağlı olmaqdı, əzəli varlığa bağlı olmaqdı. Mənim yazdıqlarımın hamısı ona görə dillər əzbəri olub, yayılıb ki, orda həqiqət var, Haqqın nəfəsi var, Allahın qüdrəti var, ilahi yaradıcılıq var. Bunların hamısı birləşəndə insanın böyüklüyünü, şəxsiyyətin kamilliyini yaradır, insanın dünyaya baxışını formalaşdırır. Mən də həmişə Allahla, həqiqətlə olmuşam.

“Peyğəmbər” poemasını yazarkən 300-dən artıq əsər oxumuşam, iki dəfə Məkkə ziyarətinə getmişəm. Birinci dəfə ulu öndərimiz Heydər Əliyevlə birgə səfərimiz çox böyük tarix idi. İkinci dəfə getdim ki, bəzi şeyləri bir də təsdiqləyim. İki Məkkə görüşü, sonra zəngin dini ədəbiyyatla yaxından tanışlıq, “Quran”ı, “İncil”i, “Zabur”u, “Tövrat”ı, onlar haqqında yazılmış əsərləri oxumaq sonda “Peyğəmbər” poemasını ərsəyə gətirdi. “Peyğəmbər” mənim şah əsərimdir. Bu böyüklükdə əsəri yazmaq üçün çox oxumaq, çox bilmək, çox düşünmək lazım idi.

 

Zərrəni bir dünya daşı zər eylər,

Yerlərə, göylərə şad xəbər eylər,

Yetim bir uşağı peyğəmbər eylər,

Yarsıza yar olar, Allah istəsə!

Elə bu əsərlə vurar möhrünü,

Zəlimxan var olar, Allah istəsə!

 

-Azərbaycan dövlətçiliyinin bərpası, möhkəmləndirilməsi və müstəqilliyimizin qorunması sizin ən böyük arzularınızdan olub. O çətin günlərdə bu arzuların reallaşması yollarını necə təsəvvür edirdiniz?

-Əlbəttə, azərbaycanlılar bir xalq kimi çox çətin yollardan keçiblər. İstiqlalımıza, müstəqilliyimizə hazır gəlməyiblər. Müstəqilliyimizin beşiyi başında böyük siyasətçilərimizlə bərabər, söz-sənət adamlarımız dayanıblar.

Böyük şairlərimiz Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz - bir az əvvəllərə də getmək olar - istiqlal, müstəqillik dövrünü yetişdirən bu şairlərimiz olub. Onlar istiqlal sözünün, müstəqil Azərbaycan sözünün qədir-qiymətini biliblər. Bu mənada Məmməd Araz deyirdi:

 

Söz gərək ox keçməz qayadan keçə,

Yoxdursa sözünün kəsəri yazma,

Özünü söymə, söyülmə,

Özgədən məhəbbət əsəri yazma.

 

Geniş mənada bizim istiqlal şairlərimizin sözü, yaradıcılığı ilə bizim müstəqilliyimiz yetişdi, yəni meydanlarda, ürəklərdə, evlərdə, ailələrdə müstəqillik məfkurəsi başladı böyüməyə. Biz müstəqilliyə qovuşduğumuza görə birinci növbədə bu ilahi neməti yaradanlara, yetişdirənlərə, onun beşiyi başında dayanan ulu öndərimiz Heydər Əliyevə - onun böyüklüyünə və dahiliyinə, onun dövlətçilik məktəbinə minnətdar olmalıyıq. Və onun qayğısından böyüyüb ucalan sözə, şeirə, ədəbiyyata minnətdarıq ki, bugünkü müstəqil Azərbaycan dövlətini yaratdılar. Əgər bugünkü Azərbaycan dünyanın aparıcı dövlətlərindən birinə çevrilibsə, dünya bizim ölkə ilə hesablaşırsa, bizim iqtisadi inkişafımız dünya ölkələrinin nəzərindədirsə, bu, Heydər Əliyevin müəyyənləşdirdiyi düzgün strategiyanın qələbəsidir. Möhtərəm Prezidentimiz İlham Əliyevin bu strategiyanı uğurla və yaradıcılıqla davam və inkişaf etdirməsinin bəhrəsidir. Bu gün bütün dünya Azərbaycanla hesablaşır, çünki dünya bu saat iqtisadiyyat, neft üstündədi, hansı dövlət varlıdı, hansı dövlətin iqtisadiyyatı güclüdür, onun sözü keçir. Biz də şükürlər olsun ki, müstəqilliyimizi, istiqlalımızı qoruya-qoruya iqtisadiyyatımızı da möhkəmləndirə bildik. Bu da bizim dövləti böyük, nüfuzlu dövlətlər cərgəsinə çıxardı. Ona görə də biz dövlətimizə və Prezidentimizə minnətdar olmalıyıq.

- Ədəbi tənqid Zəlimxan Yaqubu sazla şerin ruhunu, mayasını birləşdirən şair kimi də yüksək qiymətləndirir. Sizin üçün ozan-aşıq, saz sənəti nə deməkdir?

-Böyük dostum, istiqlal şairimiz Xəlil Rza yazmışdı:

 

Zaman bu kəsiri bitirməliydi,

Vaqifi bu günə gətirməliydi,

Sazla şeirimizi öpüşdürməyə,

Bir şair Zəlimxan yetirməliydi.

 

Mənim ruhum, mayam sazla bağlı olub. Sözdən saza yox, sazdan sözə gəlmişəm. Ustad aşıqların məclisində çox olmuşam. Onların sazlarına əlimi toxunduranda elə bil cənnəti görüb gəlirdim. Demək istəyirəm ki, saz mənim üçün sözdü, ədəbiyyatdı, mətləbdi, keçmişdi, ozanlıqdı, demək, həm də Dədə Qorqudluqdu. Kimdə ozanlıq varsa, o, bir parça Dədə Qorquddu. Dədə Qorquddan Dədə Şəmşirə qədər, bu gün yaşayan ustad aşıqlarımızın yaradıcılığını əzbər bilirəm. Onları sevmişəm, əzizləmişəm. Onlar da ruhumla, yaradıcılığımla bir ilhamlı Zəlimxan yetiriblər.

Fəxr edirəm ki, mən “Saz” poemasının müəllifiyəm. O poemanın da araya-ərsəyə gəlməsinə görə böyük alimimiz Xudu Məmmədova minnətdaram. Ötən əsrin 80-ci illəri idi. Zeynal müəllim rəhmətlik bizi - Xudu müəllimi, Şahmarı və məni Ağdama qonaq çağırmışdı. İsti yay günü idi, talvarın altında oturmuşduq. Xudu müəllim dedi: “Zeynal müəllim, burda saz tapmaq olarmı?” Bir azdan məclisə saz gətirdilər. Mən onu götürüb çalmağa başladım. Özümdən asılı olmayaraq bir hava qurtarmamış o birini başlayırdım. Pəstən oxuyur, şeirlər deyirdim. Xudu müəllim əlini çənəsinə söykəyərək məftunluqla qulaq asırdı. Sazı çiynimdən çıxarıb yerə qoyanda soruşdu: “Zəlimxan, sən saz haqqında poema yazmısan?” “Xudu müəllim, poema yox, şeirlər yazmışam”. Dedi: “Mən ictimai sifariş verirəm, saz haqqında əsər yazmalısan. Bu, xalqın sifarişidir. Bəxtiyar Vahabzadə ”Muğam" poemasını yazandan sonra saz haqqında da yazmaq istəyirdi. Dedim, Bəxtiyar, sən saz haqqında yazma, çünki onu bilmirsən. Saz haqqında da yazan tapılar. İndi mən görürəm ki, saz haqqında əsərin müəllifini tapmışam, o adam sənsən..."

Gəldim Bakıya, Yasamalda yaşayırdım, gecəqonduda. Bir gün qapımız döyüldü. Çıxdım ki, Xudu müəllimdi, üç nəfərlə gəlib. Keçdik içəri, Xudu müəllim oturmamış soruşdu: “Dediyimi yazmısanmı?” Elə bil yuxudan ayıldım və özümü möhkəm qınadım ki, bu böyüklükdə nəhəng kişinin xalq, millət adından verdiyi tapşırığı yerinə yetirməmişəm. Xudu müəllimi yola salandan sonra saz havaları yazılmış kasetləri maqnitafona qoyub takrar-təkrar qulaq asdım. Bir də dəqiqləşdirmək istədim ki, “Yanıq Kərəmi”, “Baş sarıtel”, “Dilqəmi” nə deyir, “Ruhani”, “Mansırı”, “Sultanı” nədən danışır...

Bir ay müddətində “Saz” poemasını bitirdim. Xudu müəllimə zəng vurub tapşırığını yerinə yetirdiyimi dedim. Məni təbrik etdi və əsəri birlikdə oxumaq üçün Zeynal müəllimi də götürüb görkəmli filosofumuz Camal Mustafayevin evinə getdik. Zeynal müəllim qabağına bir qalaq kağız qoydu ki, qeydlərini yazsın. Mən poemanı fəsil-fəsil əzbərdən dedim. Fikir verirdim, Zeynal müəllim bir qeyd belə yazmadı, poemanı qurtarandan sonra durub alnımdan öpdü və qabağına yığdığı kağızları cırdı: “Mənin gücüm ancaq bu kağızları cırmağa çatır...”

Poemanın xeyir-duasını alandan sonra onu Azərbaycan radiosuna verdim. O vaxt “Yazıçı” nəşriyyatında işləyirdim. Poema radioda səslənən günün səhəri məni Azərbaycan KP MK-nın ideoloji katibi Həsən Həsənovun yanına çağırdılar. Həsən müəllim dedi: “Səni “Saz” poeması ilə bağlı çağırmışam. Dünən radioda dinlədim, çox xoşuma gəldi”. Dedim ki, poemanı əzbər bilirəm, hansı hissəsini istəsəniz deyə bilərəm. Dedi: “Yanıq Kərəmi” fəslini söylə. Mən fəsli bitirəndə eynəyini çıxarıb gözlərinin yaşını sildi. Dedi, sən şah əsərini yaratmısan. Götürüb Az.TV-yə zəng vurdu. Elşad Quliyev yerində olmadı, müavini Fuad Tarverdiyevlə danışdı. Fuad müəllim dedi ki, “Saz” poemasını yazdırmışıq, ancaq operatorlar səhvən lenti pozublar. Həsən müəllim tapşırıq verdi ki, Zəlimxanın iştirakı ilə poemanı bir də yazın və onu radionun “Qızıl Fond”una daxil edin. Poema Rasim Balayevin , Səməndər Rzayevin, Məhluqə Sadıqovanın və Mikayıl Mirzənin iştirakı ilə təkrar yazıldı və “Qızıl Fond”a daxil edildi.

-Ata-ananıza həsr etdiyiniz şeirlərdə sizə bəslənilən ümidlərdən çox yazmısınız. Necə bilirsiniz, həmin ümidləri doğrulda bilmisinizmi?

-Mən uşaq yaşlarımdan boynuma ağır yük düşdüyünü anlayırdım. Açıq deməsəm də ürəyimdə müəllim atama, evdar anama söz verdim ki, sizin ümidlərinizi mütləq doğruldacam. Mənim əsas ümidim, güvənc yerim də söz idi, ədəbiyyat idi, Aşıq Ələsgər, Səməd Vurğun idi... Şükür Allaha ki, indi mən sənin qarşında Xalq şairi kimi əyləşmişəm. Ona görə də bu fikirdəyəm ki, ata-anamın ümidlərini doğrultmuşam. Bu gün 65 yaşlı Zəlimxan Yaqub vəd verdiklərinin hamısını yerinə yetirib.

Təklikdə olanda ən çox təbiəti fikirləşirəm. Mən bulaq vurğunuyam, bulaq ölüsüyəm. O dibində daşları sananan duru bulaqlar, ümumən təbiət haqqında, yolu, cığırı, izi, göy otu, çiçəyi, qayası, mamırı barədə fikirləşirəm. Özümü onda günahlandırıram ki, daha çox işlər görə bilərdim. Ondan qürur hissi keçirirəm ki, mən bu gün xalqın sevdiyi şairlərdən, söz adamlarından biriyəm. Bunun üçün mənə doğru yol göstərən müəllimlərimə - Bəxtiyar Vahabzadəyə, Hüseyn Arifə, Xəlil Rzaya, Məmməd Araza, Söhrab Tahirə və Nəriman Həsənzadəyə minnətdaram. Adlarını çəkdiyim bu gözəl şairlərimizin əsərlərini dərindən öyrəndim, onların yaradıcılıqlarına vuruldum və onları sevə-sevə özüm də sevildim, ümumxalq sevgisi, məhəbbəti qazandım. Mənə elə gəlir ki, şair üçün, hər bir yaradıcı adam üçün bundan böyük xoşbəxtlik yoxdur.

Müsahibəni apardı:
Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

  Geri