Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   BORÇALI AŞIQLARININ III QURULTAYINA

 

BORÇALI AŞIQLARININ III QURULTAYINA

 

Hörmətli Qurultay iştirakçıları! Xalqımızın min illərlə formalaşan ozan-aşıq sənətini həmişə diri və duru saxlayan ozanlarımız!

Azərbaycan aşıq sənətində Borçalı aşıq məktəbinin özünəməxsus yeri var. Bu məktəbin xalq içində, el arasında Lələ, Dədə, Ozan, Ustad, tərbiyəçi adını çox böyük şərəflə da­şı­mış, bu adlara şərəf və nüfuz gətirmiş Şair Ağacan, Nəbi Faxralı, Sadıq Sultanov, Xındı Məmməd, Əmrah Gülməmmədov, Hüseyn Saraçlı, Kamandar Əfəndiyev və digərləri kimi ustad aşıqlarımızın sənət yolu bu gün gənclər tərəfindən uğurla davam etdirilir.

Bu gün Oğuz xandan oxuya-oxuya Oğuzlaşan, Dədə Qor­qud­dan oxuya-oxuya Dədə­lə­şən, Koroğludan oxuya-oxuya Koroğ­lu­laşan böyük sənətkarlar ordusu yetişməli, Borçalı aşıq məktəbinin çoxəsrlik tarixi ənənəsi yaşadılmalıdır. Bunu bizdən Vətənin, millətin, iki müstəqil qardaş  ölkənin tələb edir. Aşıqlarımız qəh­rəmanlığa, döyüşə, mübarizəyə, ədəbə, mərifətə, mədə­niy­yətə çağı­ran, milli birliyimizə, Azərbaycanla Gürcüstanın dostluğunun daha da möhkəmlənməsinə  kömək edən böyük sənət möcü­zə­ləri yaratmalıdırlar.

Bu gün bizim bu böyük sənət qarşısında vəzifəmiz ondan iba­rətdir ki, folklorumuza, şifahi xalq ədəbiyyatımıza, sazımıza, sö­zü­müzə sahib ol­­mağı bacaraq. Bunun üçün gəlişigözəl söz de­məklə məsələ həll olunmur. Ozan-aşıq birliyinin fəaliyyəti ilə bağlı yeni bir ruhla işə baş­lamalıyıq. Milli şüurumuzu, milli tə­fək­­kürümüzü, dilimizin saflığını, ozan yara­dı­cı­lı­ğımızı, musiqi folklorumuzu göz bəbəyi kimi  qorumaq və bərpa etmək, itirilmiş mənəvi dəyərlərimizi geri qaytarmaq hər birimizin ən böyük və­tən­daşlıq vəzifəmizdir.

 Hörmətli Qurultay iştirakçıları! Səhhətimlə əlaqədar olaraq sizinlə bir yerdə olmasam da, təkcə Gürcüstanda yaşayan soydaşlarımız üçün deyil, bütövlükdə Azərbaycan xalqının, Azərbaycan mədəniyyətinin tarixi taleyi və tərcümeyi-halı üçün bu günkü qurultayı böyük əhəmiy­yətə malik olan bir hadisə kimi qiymətləndirirəm. Ona görə tarixi hadisə deyirəm ki, neçə min illik yaddaşa, kökə, tarixə, zənginliyə malik olan ozan-aşıq sə­nəti ilə bağlı son illərdə sözün böyük mənasında döv­lət səviyyəsində mühüm tədbirlər həyata keçi­rilir. Azərbaycan Prezidenti İlham Əliyev cənablarının çoxşaxəli və sə­mərəli fəaliyyəti, çox hörmətli millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bütün sahələrdə olduğu kimi, musiqi mə­də­niy­yətimizə, muğamlarımıza və saza olan böyük qayğısı sayəsində 2009-cu ildə aşıq sənəti YUNESKO-nun qeyri-maddi mədənə irs üzrə siyahısına daxil edildi. Və mən inanıram ki, bu Qurultay da Borçalıda aşıq sənətinin bundan sonrakı inkişafında mühüm əhəmiyyət kəsb edəcək, keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı olacaqdır. Azərbaycan Aşıqlar Birliyi Borçalı aşıqlarına daim qayğı və diqqət göstərib və bu iş bundan sonra da uğurla davam etdiriləcəkdir.

Bir daha Qurultayın işinə uğurlar diləyir və üzümü sənətkarlarımıza tutub deyi­rəm:

Sazınız susmasın, telləriniz paslanmasın, simləriniz qırılmasın, təzənəniz sınmasın, barmaqlarınız pərdələrdən ayrılmasın! Oxu­yun bu mil­lət üçün, oxuyun bu təbiət üçün, oxuyun sənət üçün, oxu­yun əbədiyyət üçün!!!

 

Zəlimxan Yaqub,

Azərbaycan Aşıqlar Birliyinin sədri,

Xalq şairi.

18.03.2012

  Geri