Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

    Xalq yazıçısı Elçinə açıq məktub

 

 
Xalq yazıçısı Elçinə açıq məktub
 
 

    Hörmətli Elçin müəllim!
 
    Mən sizin son dövrlərdə fərqli məkanlarda, müxtəlif zamanlarda yazıb-yaratdığınız “Nağıllar silsiləsi”ndən olan bir-birindən maraqlı hekayələrinizi çox böyük həvəslə oxudum.
    Ömrümüzün kövrək və körpə çağlarında, məsum uşaqlıq zamanlarında nənə-babalarımızdan eşitdiyimiz nağılları hansı maraq və sevgi ilə dinləyir, səbirsizliklə o nağılların sonluğunu gözləyirdiksə həmin maraqla da mən bu əsərlərin sonuna çatdım və təəssüfləndim ki, nağıllar nə tez qurtardı. Gərək o nağıllar qurtarmayaydı. Göydən üç alma düşməyəydi. Arzularımız və xəyallarımız, duyğularımız, düşüncələrimiz kimi sonsuz olaydı.
Əslinə qalsa dünyamız başdan-başa nağıllarla doludu. Hər insan ömrü bir nağıldı. Sirli, sehrli, ovsunlu, ağ atlı oğlanlı, Məlikməmmədli, üç almalı, uçan xalçalı, yeddibaşlı əjdahalı, təpəgözlü, ana marallı, işıq gələnli, it hürənli bir nağıl.
    Ancaq sizin nağıllarınız öz forma və məzmunu, ətri, rəngi, təravəti, məna çalarları, qaldırdığı problemləri, toxunduğu ciddi məsələləri, milli və bəşəri mahiyyəti etibarı ilə, təbiəti insanlaşdıran saf və incə müşahidələri ilə, cəmiyyətin ağrı-acılarını təbii şəkildə təbiətin fonunda vermək baxımından tamamilə yeni, müasir və olduqca düşündürücüdür, çox hörmətli Elçin müəllim!
    Bu hekayələrin hamısında baş qəhrəman cəmiyyət və insandır. Qoca palıdda da, söyüd çubuğu ilə oleandrın münasibətində də, qara qarğanın niyyətində də, qaysı ağacına vurulan calaqda da, köhnə tarla təzə tarın taleyində və təbiətində də, Muxtar kişidə də, göy göyərçində də, Arzunun nağılında da, şeyxin gülməli və ağlamalı taleyində də, üzmək istəyən ağ qovağın faciəsində də, böyürtkənin göz yaşlarında da, deyingən zoğal ağacının dedi-qodusunda da, qu quşunun axmaqlığında da – insan bu obrazların hamısında kənara yox, öz içinə, öz taleyinə, tutduğu günahlara, elədiyi xətalara, bağışlanmaz günahlara, buraxılan səhvlərə sarı boylanıb özünü təhlil edə-edə yenidən doğulmaq, yenidən səhvsiz və qüsursuz yaşamaq eşqinə düşüb, təzələnmək, yeniləşmək istəyir.
    “Qoca palıdın nağılı” mənə necə doğma və şirin gəldi, ilahi! Qoca palıd cəmiyyətdə böyük nüfuza və şöhrətə malik olan, ancaq həm şöhrətində, həm nüfuzunda, həm uzunömürlülüyündə, uca boyunda, əyilməz qamətində saysız ağrılar, acılar yaşadan, tufanların çaxnaşmasına, şimşəklərin zədəsinə dözən, bir zamanlar cəmiyyətə aşağıdan yuxarı boylanan, ayağı yer tutub, şöhrət meydanına sahib olanda yenə cəmiyyətə yuxarıdan aşağı baxan, bəzən yaşadığı ömürdən ləzzət alan, bəzən bütün şöhrətlərin boş və çürük olduğunu dərk edən, axırda üç yüz illik şöhrətinin yerində nəhəng bir kötük qalan, şeytan əməli olan mişarın dişləri gövdəsinə işləyəndə “Dayanın!”, “Kəsməyin!” – deməyi özünə sığışdırmasında insanın həm özünə, həm də Qoca palıda yazığı və rəhmi gəlir, əzizim Elçin müəllim!
Elçin müəllim!
    Mən Qoca palıdı bizim Kəpənəkçi kəndində də görmüşdüm. Doxsana yaxın yaşı var idi. Çox hörmətli, çox sözbilən, dünyagörmüş bir kişi idi. Adına Qara Uğurlu deyərdilər. Doxsan illik ömründə çoxlu sayda əzizlərini və doğmalarını itirmişdi, uzun illər həbsdə yatmışdı. Dövrün, zamanın çal-çarpaz dağlarını görmüşdü. Ona deyəndə ki, ay Uğurlu dayı, neçə yaşın var, yaşını demirdi, acı bir təbəssüm ilə “Göyə tulladım fındığı, vecimə deyil sındığı” cavabını verirdi. Yazıçının yaratdığı obraz o zaman uzunömürlü olur ki, o həqiqətən də xalqın ruhundan doğulur. Sizin Qoca palıdınız, mənim Qara Uğurlum kimi!
Bağban yol kənarında bir söyüd çubuğu əkir ki, böyüsün, gələcəkdə insanlar onun kölgəsində dincəlsinlər. Onu küləkdən qorumaq üçün gətirib dibinə bir az yoğun quru odun ağacı çalır ki, söyüdü əyilməyə qoymasın. Tez-tez söyüdə su verir, onun nazıyla oynayır. Söyüd çubuğu ona kömək üçün dibinə basdırılan quru oduna baxıb sevinir ki, nə yaxşı onu bura basdırıblar, yoxsa ocaqda yandırıb külə döndərərdilər.
Söyüdlə odunun arasındakı qısaca dialoqu çox gözəl vermisiniz.
“Söyüd çubuğu nəvaziş dolu zərif səsi ilə odundan soruşdu:
– Sən hansı ağacdansan?
Odun:
– Mən heç bilmirəm ki, hansı ağacdanam... – dedi. – Axı mən odunam, qurumuşam, yaddaşım da quruyub...”
Fikir belə tamamlanır ki, həmin bu əslini, nəslini, kökünü tanımayan quru odun parçası bitir, pöhrələnir, nəhəngləşir, söyüdün yerini dar eləyir, nəhayət, tərsinə olur, quruyan söyüd çubuğu olur, boy atan oleandr ağacı.
Bağban görür ki, artıq söyüd çubuğu quruyub, onu çıxarıb çör-çöpdən qaladığı odun içinə atır. Beləcə oleandrın taleyinə qurumuş odun kimi baxıb ağlayan söyüd, nəticədə özü quruyub odun parçasına dönüb ocağa atılır. Nağıl istedadlı yazıçı qələminin qüdrətiylə çox gözəl bir sonluqla bitir... “Və hərdən də yanıb külə dönmüş o söyüd çubuğunun ruhu uçub gəlib uzaqdan o oleandra baxırdı, amma oleandr əlbəttə onu görmürdü. Söyüd çubuğunun havadan ona dikilmiş baxışlarını hiss etmirdi, çünki oleandr canlı idi, canlılar isə ruhları görmürlər.” Yaşadığımız cəmiyyətdə “qurunun oduna yanan yaş”lar, “yersiz gəldi yerli qaç”lar, ədalətsiz yerdəyişmələr, başqasının hesabına ucalıb, sonra böyük yaxşılıqları tamamilə unudanlar, çiy süd əmənlər təbiətin dili ilə çox ustalıqla verilib. Ustalıq ondan ibarətdir ki, yazıçı təbiətin dili ilə cəmiyyətə, söyüdün dili ilə insana bu hadisələrdən ibrət götür – deyib həyəcan təbili çalır, insanı insanlığa çağırır.
220 il yaşayan qara qarğanın qara niyyəti ev sahibinin qayğısı və nəvazişi ilə böyüyən ev bənövşəsinə guya yaxşılıq eləmək istəyib onu bədbəxt bir günə salır. Ev bənövşəsini caynaqlarında qutu qarışıq evin damına qaldırır, dibçəyin qırağında tutub onu arxası üstə çevirir. Ev bənövşəsini kirəmitin üstündə görən ev sahibi bənövşəni öz dibçəyindən götürüb, başqa böyük bir dibçəyə torpaq doldurub yenidən orda əkir.
    “Ev bənövşəsi balaca, doğma, isti yuvasını – kiçik dibçəyi çox sevirdi, bu böyük, soyuq yuva – yekə dibçək isə tamam yad idi və yəqin ki, bu ev bənövşəsinin ömrünün sonuna qədər də beləcə yad qalacaqdı və ev bənövşəsi ləçəklərini sallayıb incə, yaşıl saplağının içində ağladı.”
El arasında bir söz var. Xeyrə-şərə yaramaz, bədniyyət bir adam haqda deyirlər: “Ondan xeyir gəlsə, Allahdan bəla gələr”. Deyirlər, əzrail bala paylayır, eşidənlər deyir: Balamıza dəyməsin, balası özünün olsun. Burda yazıçının məntiqi ondan ibarətdir ki, heç kəs qaraniyyət adamların dırnaqarası yaxşılıqlarına uyub, isti yerini soyuq eləməsin. Hər kəs öz yuvasında xoşbəxt olur.
    “Məhkum qaysı ağacının nağılı”nda bir bioloq alimin qaysı ağacına vurduğu calaqdan, peyvənddən söhbət açılır. Əgər imkanım olsaydı bu əsər haqqında heç bir fikir söyləmədən hekayəni bütövlükdə bu yazıya köçürərdim.
    Əzizim Elçin müəllim!
    Bu hekayəni, nağılı oxuyanda heyranlığımı gizlədə bilməyib var səsimlə üç dəfə dalbadal “Əhsən!” – dedim. Təbiətə, onun yaratdıqlarına bu qədər dərindən nüfuz etmək, ağacın ağrısını, kəsilən budaqların iniltisini öz canının ağrısı qədər doğma hiss etmək, calaq olunanla calaq edilənin acınacaqlı, işgəncəli mühitinin təsviri, yadların, ögeylərin, özgələrin zor gücünə doğmalaşmaq əzabı, calaq edilənin ağrısı, qorxusu, səksəkəsi, bağbanın bıçağının iti ağzını öz ağrıyan canında hiss edən ağacın titrəməsi, az qala öz ağac yuxusunda sayıqlaması o qədər canlı və təbii verilib ki, az qalır insan – oxucu bayağılığa, süniliyə, qondarmaçılığa, hibridləşməyə qarşı üsyana qalxsın. Yaxşı olmazmı ki, hər ağac öz kökündən güc alsın, hər budaq öz gövdəsindən mayalansın, hər çiçək öz əslindən boylansın. Biz təbiətdən ağıllımı çıxmışıq. O bilmirmi ki, hansı ağac hansı torpaqda, hansı meyvə hansı budaqda yetişir. Bəlkə təbiətə ağıl verməyimiz bizim üçün “ağıldan bəlay”ya çevrilib sunamilərə, zəlzələlərə, təbiətin qəzəbinə dönüb ona görə üstümüzə gəlir. “Artıq yaşlanmış Qaysı ağacı o bağda ən ağıllı ağaclardan biri idi. Bütün içini sarsıdan daimi bir kədərlə düşünür və öz taleyinə etiraz edirdi. Nə üçün belədir? Nə üçün Yaradan məni insanın başqa budaq qırıntılarına məhəbbəti ilə mükafatlandırıb?... Yaradan məni belə yaradıb? Axı mən daha onun yaratdığı deyiləm. Mən indi adsız, eybəcər, Yaradanın yox, insanın yaratdığı əcaib bir varlıq olmuşam.” Unudulmaz Əli Kərim demişkən:
                    
“Daha heç nə demərəm,Nöqtə, nöqtə və nöqtə!”
    
    Açığını deyim ki, hamısı bir-birindən maraqlı və düşündürücü olan bu əsərlər içərisində məni ən çox sarsıdan, doğrudan da nağıllar və əfsanələr aləminə aparan     “Tarzənin və köhnə tar ilə təzə tarın nağılı” oldu.
    Bu əsəri oxuyanda olum və ölüm, beşik və məzar, köhnə və təzə, gənc və qoca, açılmaq və solmaq, doğulmaq və ölmək duyğuları arasında çırpına-çırpına var-gəl edir, bir yerdə dura bilmirdim. Görəsən niyə belədir? Təzə Ay doğulanda köhnənin doğrayıb ulduz eləmək insafdandımı? Musiqi aləminə yaxşı bələd olduğum üçün köhnə tarla təzə tarın taleyini düşünəndə gözümün qabağından çox şəxsiyyətlər, çox talelər, çox hadisələr gəldi keçdi. Qeyri-ixtiyari ustad şairimiz Hüseyn Arifin məşhur
 
Səsin tutulanda bağrım qar olur,Sən niyə qocaldın, ay Mirzə dayı.
 
– şeiri yadıma düşdü. Kökdən düşmək dərd, zildən bəmə düşmək dərd, köhnəlmək dərd, qocalmaq dərd, gözdən düşüb sandan çıxmaq dərd, durna kimi qatardan üzülmə dərd! Doğulmaq sevinc, təzələnmək sevinc, zilə qalxmaq sevinc, gənclik sevinc, sevib-sevilmək sevinc, alqışlar dalğasında üzmək sevinc! Sevinclə kədərin arasında yaşanan ömür müəmma. Tapmaca, nağıl. Bu əsərdə tar təkcə tar deyil, birbaşa insandır, insan taleyidir, sənətkar ömrünün keçdiyi yoldur. Hər gün qarşılaşdığımız, çoxumuzun görə bilmədiyi təbiət və cəmiyyət mənzərələridir.
Tarzən atasından qalma tarı çox çalmışdı. Qoca ustaya sifariş verib təzə bir tar düzəltdirir ki, birdən köhnə tar qırılsa təzə tarını dilə gətirsin. Tar açıq dolab rəfində, həmişəki yerində idi və o təzə Tapın çaldığı o “Humayun”a qulaq asa-asa başa düşdü ki, daha bundan sonra Tar deyil, köhnə Tardı. Qulağın eşidə-eşidə kar olmaq, gözün görə-gör kor olmaq, dilin ola-ola lal olmaq, səsin ola-ola susmaq, sahibin dura-dura sahibsiz qalmaq nə böyük dərddi? Köhnə tar təxminən bu vəziyyətə düşür. Köhnə şöhrətini qaytarmaq üçün fürsət gəzir köhnə tar. Köhnə və təzə tar arasında heç tarzənin də başa düşə bilmədiyi gizli tar gedir. Hər iki tar bir-birinin bəhsinə möcüzələr yaradır. Heyrətdən musiqiçilər çaş-baş qalır. Bir gün qastrol səfərlərinin birində təzə tar “Heyratı”nı ifa edəndə elə bir yüksəkliyə qalxır ki, “bir anın içində simlər qırılır, çanağın pərdəsi dağılır – qoca usta bu pərdəni öküz ürəyinin pərdəsindən düzəltmişdi – partladı, içinin dayaq ağacı elə bil köpək dişi idi, eşiyə çıxdı.” Təzə tar sınandan sonra tarzən köhnə tarı da kökləyib ürəklə çala bilmir. Tarzən köhnə tarın sədəflərini sökdürüb təzə tarı bəzətdirir, köhnə tarın qalıqlarını isə lazımsız qalmış taxta-tuxtanın içinə atır. Bu da tale, bu da son. Şekspir demiş: hər şeyin sonu sükutdur.
Muxtar kişinin zeytun ağacının gövdəsinə kiçik mərmər lövhədə bu sözlər yazılır: “Yaşı 3000 ildən çox olan bu zeytun ağacı milli sərvət olaraq dövlət tərəfindən qorunur.” Bu qədim və möhtəşəm ağacın tarixindən və taleyindən çox incə müşahidələrlə söhbət açan yazıçı əsəri belə bir məntiqi sonluqla bitirir. “Bu dünyadakı 3 min ildən artıq həyatında Muxtar kişini darıxdıran bir şey yox idi, təkcə yaraşıqlı, gödək qayalara bərkidilərək onu dövrəyə almış o nikel zəncirdən başqa. “Təbiətin yaratdığı ilahi varlıqların azadlığını, yaşamaq haqqının əlində alıb onu zəncirləmək olmaz! Budur həqiqətin məntiqi və məntiqin həqiqəti!
“Arzunun nağılı”nda insanın uçmaq eşqi faciəylə, ölümlə nəticələnir. Övladını itirən ana – “Arzu adının dalınca uçdu...” deyib, gözünü bir nöqtəyə zilləyib qəmli düşüncələrə qərq olur.
    “Şeyxin nağılı”ndakı ağlamalı və gülməli insan taleyi oxucunu düşündürür. Burda ömrün mənası və mənasızlığı ön plana çəkilir. Həyatının boşuna keçirdiyi illərin mənasını başa düşən, dərk edən Şeyx havalanır, qışqıra-qışqıra kəndin küçələri ilə qaçır, xalqı özünə güldürür. “Şeyx dəli olub”, – deyirlər. Ömrün hər fəslini mənalı yaşaya bilməyən insan ömrünün faciəsi inan özünü dərk edəndə başlanır. Sonluq faciə ilə bitir.
   “Üzmək istəyən ağ qovağın nağılı”nda da öz xoşbəxtliyini böyüdüyü torpaqda yox, dənizin qoynunda üzməkdə axtaran ağacın torpaq sürüşməsi nəticəsində dənizin qoynuna düşməsi, oradakı taleyi, ağacın düşüncələri, yaşadığı hisslər çox maraqlı verilib. Burdakı ağac da əslində insandı, insan taleyidi.
“Taleyindən razı zoğal ağacının nağılı”ndakı deyingən, dedi-qodu həvəskarı, qaşınmayan yerdən qan çıxardan zoğal ağacının obrazı bizim hər gün rastlaşdığımız, böyür-başımızda dolanan insanların içindədir. Biz onu hər gün görür, hər gün eşidib və onları çox yaxşı tanıyırıq. Dedi-qodu üçün bəhanə axtaran, hər şeyə bir mız qoyan, hamının zəhləsini tökən, tanrısına təpik atan “Zoğal ağaclarını” azmı görmüşük?! Bu cür təbiət sahibləri həm təbiətin, həm cəmiyyətin bəlaları, fəsadları, faciələridir ki. Siz onu çox ustalıqla oxucuya təqdim etmisiniz!
   Zor gücünə insan əlləri ilə qanadları kəndirlə arxadan bağlanan və iti bıçaqla dibindən kəsilən Qu quşunun faciəsi də möcüzəli təbiətin qoynunda pavilyon tikmək xatirinə qoşa dayanmış yaşıl saçları suya tökülmüş söyüd ağacının gümüşü tellərinin dibindən doğranması da təkcə ağacın yox, həm də insanın və insanlığın faciəsi deyilmi?
    “Ağlayan böyürtkənin nağılı” özünü ağıl ucundan ağlamalı günə qoyan, Allahın ona verdiyi xoşbəxtliklə razılaşmayan, daha böyük ucalıq və yüksəklik axtaran böyürtkənin göz yaşları həyatını, gələcəyini, arzularını düzgün istiqamətləndirə bilməyən, sonrakı peşmançılığı fayda verməyən bütün canlıların ağrılı tərcümeyi-halı, yaralı taleyidir.
    “Bütün bitkilər kimi o böyürtkən çubuğunun da gözləri – yarpaqları var idi və böyürtkən çubuğu hönkür-hönkür ağladıqca onun yarpaqlarından göz yaşları axmağa başladı.”
“Böyürtkən ağacının xəbəri yox idi ki, aşağıda, yolun kənarına qalmış böyürtikan kolları bu eybəcər Böyürtkən Ağaca baxıb xəcalət çəkirdilər.”
Allah bizi cəmiyyətdəki Böyürtkən ağacının hirsindən, hikkəsindən, kinindən, küdurətindən qorusun. Hər şey öz yerində olduğunu bilsə, hər kəs özünü dərk edə bilsəydi nə vardı ki?! Hər şey təbiətin ahəngi kimi öz axarı ilə gedər, kainatın ahəngi, Allahın nizamı insan əlləri ilə pozulmaz, insan ürəyinin incə telləri kökdən düşüb xaric səs verməzdi.
      Hörmətli Elçin müəllim!
    Mən əsərləri – nağılları oxuduqca sevinc-kədər qarışıq duyğular yaşayırdım. Sevinclərimin səbəbi o idi ki, dövlətçiliyimizdə, ədəbiyyatımızda halal haqqı və danılmaz payı olan, ömrünün müdrik çağlarını yaşayan, bir-birindən qiymətli roman və povestləri, səhnə əsərləri ilə həm oxucuları, həm tamaşaçıları sevindirən, xalqımız arzuolunan mötəbər kürsülərdə ləyaqətlə təmsil edən məşhur bir Azərbaycan yazıçısının gənclik həyəcanı və ağsaqqallıq təmkini ilə yazdığı əsərləri sevə-sevə, sevinə-sevinə oxuyurdum. Yarpağın, torpağın, gülün, çiçəyin, quşun, balığın, daşın dilində də danışmaq və təbiəti öz dilində danışdırmaq məharətinə heyran olurdum. Min dəfə gördüyüm təbiəti sizin gözlərinizlə, sizin baxışlarınızla yenidən kəşf edirdim. Kədərlənməyin onunla bağlı idi ki, bu mövzuların hamısında insan ürəyini sızıldadan, qovuran, ağrıdan talelərin bir ürəyin yükünə çevrilən, daşınması çətin olan əks-sədası var idi. Ürəkağrıdan mövzuları işləmək yazıçı ürəyi üçün nələrə başa gəlir, onu ancaq sözün böyük mənasında ürəyi olanlar bilər. Yunus İmrə demişkən:
   “Bilməyən nə bilsin bizi, Bilənlərə salam olsun!”
   Kökü qədim və müqəddəs qaynaqlardan su içən, min illərin əvvəlindən gələn, bu gün sizin ustad qələminizlə müasirləşən, daha da cilalanan və gözəlləşən nağıllar aləminin gözəgörünməz telləri qəlbinizdə heç vaxt kökdən düşməsin. Böyük bədii həqiqətləri kəşf etmək üçün nağıllar aləminə gedən yolunuz sizi qaranlığa yox, həmişə işığa aparsın, əzizimiz Elçin müəllim!
 
26.03.2011
  Geri