Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   ONUN YAŞADIĞI ÖMÜR

 

 ONUN YAŞADIĞI ÖMÜR

  

İkimiz də eyni ildə, eyni ayda dünyaya gəlmişik. 1950-ci ildə. XX yüzilliyin tən ortasında. O, yanvarın 5-də Tovuz mahalının Alımərdanlı kənində, mən yanvarın 21-də Borçalı mahalının Bolnis-Kəpənəkçi kəndində. Allah ona da sazı buta vermişdi, mənə də. Xasiyyətimizdə, xarakterimizdə, təbiətimizdə oxşar cəhətlər çox idi.

  Mən ona ömrüm boyu vəfalı oldum. Ancaq o, mənə qarşı vəfasızlıq elədi. Məndən çox tez və vaxtsız ayrıldı. 25 il dostluq elədiyim bir əvəzsiz dostu, saz dahisini 50 yaşında əllərimlə torpağa tapşırdım. Dünyanın bəlkə də nadir insanı idi ki, dərmansız, həkimsiz, heç kəsə əziyyət vermədən saz sinəsində öz ömrünə layla çala-çala mələk kimi uçub bu dünyadan getmişdi.

   İndi öz-özümə fikirləşirəm. 25 illik bir dostluğu, qardaşlığı, mənəvi qohumluğu, ruh bağlılığını, ünsiyyəti, əlaqəni, gördüyümüz, keçirdiyimiz məclisləri, eşitdiyimiz söhbətləri, dastanları, şeirləri, atmacaları, zarafatları, acılı-şirinli günlərimizi bir xatirəyə, bir məqaləyə sığışdırmaq mümkündürmü?

  Yox!

  Yox!

  Yox!!!

  Mümkün deyil. Çünki onun yaşadığı ömür ustadların, ozanların, el ağsaqqallarının, el şairlərinin ömrü idi. Onun yaşadığı ömür sazın, məclislərin, bir-birindən ləngərli havaların, havacatların ömrü idi.

   Yüz sazın içindən bir xalından tanıyırdım onun çaldığı havaları. Kiməsə təqdimat verməyə, başa salmağa, xatırlatmağa, “Bu, aşıq Xanların havasıdır”, – deməyə ehtiyac yox idi. Onun vurduğu xallar deyirdi: “Mən aşıq Xanların barmaqlarından süzülmüşəm, mən onun xallarıyam, mən onun endərməsi, döndərməsi, eydirməsiyəm”.

   Aşıq Əmrah və Aşıq Ədalət kimi saz tanrılarından sonra o yüksəkliyə ucalmaq, özünəməxsus yol seçmək, seçilmək, əzizlənmək, xalq sevgisi, el məhəbbəti qazanmaq hər oğlun yox, ər oğlun işidir. Bu misilsiz işi Xanlar bacardı, özü də yaxşı bacardı. O, bir sənətkar kimi çox tez şöhrət qazandı. Bu şöhrət qısa bir vaxta bütün saz vurğunlarının əzizinə, istəklisinə çevirdi onu. Sadə idi, təvazökar idi, köhnə kişilər kimi ağır oturub batman gələn idi. Şöhrətini kiminsə gözünə soxub qürrələnməzdi. “Mən belə çaldım, mən belə oxudum” yekəxanalığından çox uzaq idi. Hamı onu sevirdi. Açıq ürəyinə, səxavətinə, qonaqpərvərliyinə, səxavətinə görə Allah onu şirin yaratmışdı.

   Ömrünün ən təravətli vaxtında mən onu ilk dəfə Borçalı mahalının Keşəli kəndində, o mahalın şair oğlu Osman Əhmədoğlunun toy məclisində böyük sənətkarımız Azaflı Mikayılla birlikdə görmüşəm. Elə ilk görüşdən, ilk tanışlıqdan Tanrı bizi dosta, qardaşa çevirdi. Bu bağlılıq bu gün də övladlarımız arasında davam edir. Ata kimi Zəlimxan-Xanlar dostluğunu oğul kimi Bəhlul-Azər davam elətdirir. Mən onun havalarıyla nəfəs alır, o, mənim şeirlərimlə yaşayırdı. Haqqa şükürlər olsun ki,  bu gün az da olsa mənim şeirlərim onun ifasında videolentin yaddaşında qalır.

   Mən onu ilk dəfə görəndə qaraqaş, qaragöz, qarasaç, qarayağızın göyçəyi, qara sudan qaymaq tutan bir şirinliyə, cismani və mənəvi gözəlliyə sahib idi. Tale belə gətirdi ki, mən onun toy məclisinin ağsaqqalı oldum. Tovuz aşıqlarının iştirakı ilə keçən toy məclisi Xanların toyundan daha çox, elin saz-söz məclisinə bənzəyirdi. Kimlər yox idi o məclisdə. Aşıq İmran, aşıq Əkbər, aşıq Ələsgər, Mikayıl Azaflı, Seyid Rza, aşıq Əli, aşıq Aydın. Kimlərin adını xatırlaya bilmədimsə onlardan üzr istəyirəm. Bu məclis Alımərdanlı kəndinin yox, bütün Tovuz mahalının məclisi idi. Bu, belə də olmalı idi, çünki sazın-sözün beşiyi olan Oğuz yurdunda, Tovuz mahalında Aşıq Xanların toyu belə keçməli idi.

   1977-ci ildə Borçalıda – Bolnis-Kəpənəkçidə, mənim toyumda Mikayıl Azaflı, Həsən Mülkülü və Aşıq Xanlar da iştirak edirdi. Aşıq Əmrah Gülməmmədovun və Aşıq Hüseyn Saraçlının ağsaqqallıq elədiyi bir məclisdə meydan almaq, sevgi qazanmaq çətin məsələ idi. Burda da Aşıq Xanların böyük istedadı dada çatdı. Aradan 33 il keçməsinə baxmayaraq, bu günün özündə də Aşıq Xanların o məclisdə yaratdığı saz möcüzəsini, saz tufanını Kəpənəkçi camaatı minnətdarlıq duyğuları ilə xatırlayır. Elə bil o gecə Allah yığıb-yığışdırıb nəki qüdrət var hamısını Aşıq Xanlara ərməğan eləmişdi. Qara Xanlar qara başını qara sazın üstünə endirib insanları mat qoymuşdu, məclisi sehrləmiş, könülləri ovsunlamışdı.

 

   Deməsin dəlidi huşsuz görəndə,

   Yersiz qınamasın baxanlar məni.

   Qalarmı başımda ağlım, kamalım,

   Azdımı yandırıb yaxanlar məni.

 

   Aşiqin istəyi, gözəlin nazı,

   Gətirər hər ömrə baharı, yazı.

   Bilər nə deməkdi aşığın sazı,

   Duyar selə dönüb axanlar məni.

 

   Ruhlar cərgəsində çəkər sanımı,

   El deyər itirdim Zəlimxanımı.

   Xalları, gülləri alıb canımı,

   Ya saz öldürəcək, ya Xanlar məni. 

 

   Unudulmaz dostumun, əziz qardaşımın şərəfinə yazılan bu qoşma ona olan dərya sevgimin bir damlasıdır.

   Mən onu dövlət tədbirlərində də, toy-nişan mərasimlərində də, səhnələrdə də həmişə alqış selinə düşən, gül-çiçək yağışında itən görmüşəm.

   Heç yadımdan çıxmaz 1994-cü ildə İstanbulda Azərbaycan ədəbiyyatı və incəsənəti günləri keçirilirdi. Türkiyənin indiki baş naziri Rəcəb Taib Ərdoğan onda İstanbulun bələdiyyə başqanı idi. İstanbulun ən böyük salonlarının birində mədəniyyət günlərinin açılış mərasimi keçirilirdi.

   Azərbaycandan gedən nümayəndə heyətinin tərkibində Anar, Fərhad Bədəlbəyli, Fərhad Xəlilov, Zifayət Abbasov, Rasim Balayev, Ramiz Əzizbəyli, Ramiz Rövşən, Aşıq Xanlar, bu sətirlərin müəllifi və başqa nümayəndələr iştirak edirdi.

   O gün o səhnədə çoxları çıxış elədi. Hərəsinin öz yeri, öz gözəlliyi. Ancaq Aşıq Xanların çaldığı “Ruhani” havası Ərdoğan da başda olmaqla 3 min nəfərlik salonu alqış tufanı ilə ayağa qaldırdı. Azərbaycanın müstəqillik dövrünün ilk çağlarında Türkiyəyə təzə-təzə ayaq açdığı bir vaxta bu mənzərə təkcə Aşıq Xanların deyil, Azərbaycan ozan-aşıq sənətinin böyük bayramı, böyük qələbəsi idi.

   Qış fəsliydi. Bilgədə müalicə olunurdum. Bir gün axşam üstü Xanlar öz telli sazını da götürüb bir neçə ürək dostu ilə mənim yanıma gəlmişdi. Dedi: – “Ay Zəlimxan, yaxşı eləyib gəlmişəm bura. Son zamanlar ürəyim sözümə baxmır, o ki, sən burdasan, mən də gələcəm müalicə olunmağa. Bəzi işlərim var, onları yoluna qoyum, mütləq gələcəm”. Rəhmətlik özüylə bağlı bu sözü çox işlədərdi: “Mən oxumuram ki, ciyərimlə əlləşir, ürəyimə zülüm verirəm”.

   Özünəməxsus bir təmkin və səbrlə yavaş-yavaş sazı köynəkdən çıxarıb kökləməyə başladı. O, sazı kökləyə-kökləyə həm də içini, ruhunu kökləyirdi. Özünü, sözünü, sazını tam nizama salanda başını qaldırdı mənə sarı:

- “Qardaş, ölüm-itim dünyasıdı, dünyanın işini nə bilmək olar? Deyirəm iki qardaş sazımızı qoşalaşdıraq, vaxta körpü salaq, harda ağlımız kəsər orda da dayanar, karvanı əyləyərik”.

   Zəlimxan ola, Xanlar ola, sazlar qoşalaşa, indi gəl doy bu tamaşadan. Bütün sanatoriya bizim səsimizin işığına yığılmışdı. “Şahsevəni”, “Qəhrəmanı”, “Baş Sarıtel”, “Ovşarı”, “Dilqəmi”, “Süsənbəri” havaları qoşa səsdə, qoşa nəfəsdə dinləyiciləri göyün yeddi qatına qaldırdı. Məclisi başa çatdırıb söhbətə son verəndə, birdən Xanlar yuxudan ayılan kimi əllərini dizinə çırpıb çox böyük təəssüf hissi ilə dedi: - “Ayə, ay Zəlimxan, bu nə dərgah idi biz yaratdıq, heyf bunlar yazılmadı. Bir də belə çalıb oxumaq bizə qismət olacaqmı, nə bilim”. Mənim də ürəyimdən olan bu arzunu həyata keçirmək üçün söz verdim ki, heç narahat olma, mən müalicəmi qurtarıb Bakıya qayıdan kimi hökmən bu işi həyata keçirərik. Razılaşdıq, ayrıldıq. 10 gündən sonra mən Bilgəhdən evə qayıtdım. Onda mən Yeni Yasamalda yaşayırdım, evə gəlişimdən 3-4 gün keçmişdi. Bir gün gördüm səhər tezdən qapı döyüldü. Gələn Xanların ölüm xəbərini gətirmişdi. O xəbəri ki, yatanda yuxumuza, düşünəndə ağlımıza gəlməzdi. Ancaq başımıza gəldi, gördük. Mənim Xanlarım ölmüşdü. Elə bil məni ildırım vurdu, ürəyimi tutub divana yıxıldım...

   Aşıq Xanları Tovuzdan, Alımərdanlıdan, Bahar bulağından, Cökəli bulaqdan uzaqda – Bakıda, Patamdar qəbiristanlığında torpağa tapşırdıq. Bu yerdə böyük şairimiz Hüseyn Arifin çox sevdiyim ölməz misraları yadıma düşür:

 

Qorxardım ağlamaqdan,

Ürəkdən qəh-qəh çəkib

Gülənlər olmasaydı.

Mən qorxardım ölümdən,

Məndən sonra dünyaya

Gələnlər olmasaydı.

   Bu gün mənim üçün ən böyük təsəlli odur ki, Xanların ocağı sönmədi. Onun bağrının parası, gözünün nuru, böyük istedad sahibi Azər Xanlaroğlu onun yolunu, sənətini bir kişi qeyrəti ilə, çox ləyaqətlə davam etdirir. Hər dəfə Azərə qulaq asanda gözümün yaşını saxlayammıram. Xanlar gəlir duru gözlərimin qabağında. Boyu-buxunu da, çalğısı-havacatı da, ləngəri-təmkini də Aşıq Xanlardı ki, Aşıq Xanlardı. Ata üçün, sənətkar üçün bundan böyük nə xoşbəxtlik ola bilər.

   Aşıq Xanlar sözün əsl mənasında xoşbəxt taleli sənətkardı. Ona görə ki, ata öz sənətkar və insan ömrünü övlad ömründə, Azər ömründə yaşayır. Xanlar bir də ona görə xoşbəxtdir ki, bu gün o tayda, Cənubi Azərbaycanda, Təbrizdə nəki saz-söz vurğunu var onların hamısı Xanların xatirəsini çox əziz tutur, onun havaları ilə nəfəs alırlar.

   Xanlar bir də ona görə xoşbəxtdir ki, onun Zəlimxan Yaqub kimi könül dostu, ruh qardaşı var. Bütün bunlar sərvətdir. Xalqın, elin-obanın milli və tükənməyən sərvəti.

   Xanların ömrü sazın ömrü, “Baş sarıtel” havasının ömrüdür. Saz yaşadıqca Aşıq Xanlar yaşayacaq, öz sehrkar sənəti ilə milyonları da yaşadacaq. Azər kimi bir övladın sənin sənət yurdunda ocaq kimi yanması münasibətilə sənin ruhunu təbrik edir, məzarın qarşısında baş əyib deyirəm:

 

Neçə dost ayrılıb, neçə yar gedib,

Gələn bu dünyaya təzə-tər gəlir.

Sazın meydanından bir Xanlar gedib

Sazın meydanına bir Azər gəlir.

 

Krım, Yalta,

15. 6. 2010

  Geri