Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   “OZAN DÜNYASI”NA ŞAİR XEYİR-DUASI

 “OZAN DÜNYASI”NA ŞAİR XEYİR-DUASI

 

     1979-cu il idi. Azərbaycan Dövlət Filarmoniyasında Qarayazı aşıqlarının konserti keçirilməliydi. O konsertin təşkilini elimizin və elmimizin fəxri, zəma­nəmizin böyük filosof alimi Camal Mustafayev mənə həvalə eləmişdi. Unudulmaz xalq şairimiz Osman Sarıvəllinin də iştirak elədiyi o məclisi mən idarə edirdim.

   Qarayazılı mərhum ustad Aşıq Alxanın ağsaqqallığı ilə keçirilən məclis el bayramına çevrilmişdi. Gecəni gözəlləşdirən aşıqlarımızdan biri də ilk dəfə üzünü o zaman gördüyüm Aşıq Aslan Kosalıydı. 30 il bundan qabaq gördüyüm, tanıdığım, sevdiyim Aşıq Aslan 80 yaşında da o təravəti, o gözəlliyi, o səliqə-səhmanı qoruyub saxlayıb, püxtələşib, müdrikləşib. Onun bir şəxsiyyət kimi çox maraqlı, çoxşaxəli, dastanlara düşməyə layiq tərcümeyi-halı, taleyi, sənətkarlığı və şəxsiyyəti var.

   Dinimizə, dilimizə, elimizə, ustadlarımıza, sazımıza layiq olan bir ömür yaşayıb ustad aşığımız. Öz nəsil şəcərəsinə, kökünə, ruhuna dərindən bağlı olan Aşıq Aslan kamil ustadlardan qidalandı, dərs aldı, öyrəndi, özü də Borçalı mahalının adı hörmətlə çəkilən ustadları cərgəsində dayandı. Sazımızı da yaşatdı, sazbəndliyimizi də, dastanlarımızı da ellərə-obalara yaydı, müasir dövrdə dastanlaşan kişilərimizi də.

   Əlimin altında onun “Ozan dünyası” kitabının əlyazması var. Onu çox böyük maraqla oxuyuram, Borçalı mahalının hər birimiz üçün nə qədər müqəddəs olduğunu onun şeirlərindən və haqqında böyük səmimiyyətlə yazılan yazılardan bir də dərk edirəm. Onun şəxsiyyətində və yaradıcılığında adət-ənənələr, ustad-şagird münasibətləri, toyumuz-yasımız, ağsaqqallıq, ağır oturub batman gəlmək mədəniyyəti, kəsərimiz, kişiliyimiz, tarixi keçmişimiz, aranımız, yaylağımız dil açıb danışır. Onun qoşmaları, divaniləri, deyişmələri, xüsusən bu yaşda da möhkəm olan yaddaşı bizə çox mətləblərdən xəbər verir. Bu qəbildən olan kişilərimizi göz bəbəyi kimi qorumalıyıq. Kitabın adı düz seçilib. Onun dünyası kökü min illərin dərinliklərinə gedən əsil ozan dünyasıdır.

   80 yaşlı müdrik sənətkarımızın haqqında belə bir kitabın  araya-ərsəyə gəlmə­sində kimlərin zəhməti, qayğısı varsa onların hamısına öz təşəkkürümü bildirirəm. Belə bir kitabın nəşr olunması təkcə Aşıq Aslana yox, Borçalı aşıq məktəbinə, onun azman ustadları Əmrahın, Kamandarın, Xındı Məmmədin, Aşıq Hüseyn Sa­raç­lının, Aşıq Alxan Qarayazılının, Aşıq Əhməd Sadaxlının, Qırxılı Aşıq Hüseynin və başqalarının müqəddəs ruhuna dərin hörmətin və tükənməz sevginin ifadəsidir.

   Bu cür ağıllı qayğılarla biz təkcə Aşıq Aslanı yox, onun şəxsində özümüzsü, sözümüzü, ruhumuzu, yaddaşımızı yaşadırıq. Yaşadırıq ki, bizdən sonra gələn nə­sil­lər öz kökündən üzülməsin. Əksinə, getdikcə dərinlərə doğru getsinlər ki, sənətin bö­yük gələcəyini yarada bilsinlər. Borçalının mərd və sərt, möhkəm və ötkəm sə­nət­kar oğluna, Qarayazı məclislərinin yaraşığna Zəlimxan Yaqubdan salamlar ol­sun.

 

17.09.2009

  Geri