Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   QÜRUR DUYMAĞA HAQQIN VAR

 

QÜRUR DUYMAĞA HAQQIN VAR

 Əzizim Elçin!

Azərbaycan müstəqillik qazandıqdan sonra milli düşüncə tərzinin formalaşması, milli varlığımızın dərki, tarixə qayıdışdan qidalanan tarixi əsərlərin meydana çıxması, açılmamış səhifələri açmaq cəhdi, tarixin həqiqətinə, həqiqətin tarixinə ayna tutan kitabların yaranması məni həddindən çox sevindirir. Ona görə həddən çox ifadəsini xüsusi vurğu ilə işlədirəm ki, 70-80 illik bir tarixi mərhələdə tariximiz tərsinə yazılıb, tərsinə tədris olunub, tarixçi alimlərimiz həm çaşıb, həm də onları bilə-bilə, şüurlu surətdə çaşdırıblar. Həqiqət tarixinin üstünə qalın qara pərdələr çəkib görünməz bir hala salıblar ki, heç kəs öz kimliyini dərk edə bilməsin. Ancaq cidanı çuvalda, Ayı buludda, səsi sükutda gizlətmək mümkün olmadığı kimi, həqiqəti də öldürmək, gizlətmək, dəfn etmək mümkün olmur. Ya zəlzələdən, ya vəlvələdən bir gün zəncirlər qırılır, qollar açılır, zindanlar, məhbəslər dağılır, böyük həqiqət dərindən nəfəs alıb ayağa qalxır və yenidən daha böyük güclə, şahanə addımlarla, təmkinli yerişlə gələcəyə doğru yeriyib gedir.

Əzizim Elçin!

Sənin əsərlərini maraqla izləyən, diqqətlə oxuyan oxucularından biri də mənəm. “Don Juan”ı həvəslə oxuyub başa çatdırmışdım. Əsərlə bağlı fikirlərimi həm telefonda, həm də müxtəlif görüşlərimizdə sənə çatdırmışdım. O əsərin məntiqindən hiss edirdim ki, dünyaya yeni bir tarixi roman gəlir. “Don Juan”ı necə həvəslə oxumuşdumsa, “Şah Abbas”ı da eyni həvəslə gözləyirdim.

Artıq kitab oxucuların ixtiyarına verilib. Yeni yaradıcılıq uğuru münasibətiylə səni təbrik edirəm.

Açıq və səmimi şəkildə etiraf eləmək lazımdır ki, Şeyx Cüneyddən, Şeyx Heydərdən başlamış, sonuncu səfəvi şahlarına və şahzadələrinə qədər tariximizin səfəvilər dövrü hələ lazımi şəkildə nə tarixi, nə də bədii yaradıcılıq baxımından arzu olunan səviyyədə açılmayıb. Hətta Şah İsmayıl Xətai dühası belə tam təfərrüatı ilə bu günkü nəslə çatdırılmayıb.

İnsaf və ədalət naminə deməliyik ki, səfəvilər dövrü ilə bağlı məşhur tarixçi alimimiz Oqtay Əfəndiyevin elmi araşdırmaları, Fərman Kərimzadənin, Əzizə Cəfərzadənin, Əlisa Nicatın bədii əsərləri hələ sovetlər dönəmində bu sahədə elmimiz və ədəbiyyatımız üçün xeyli iş gördü. Ancaq bu günkü müstəqillik dövrü bizə imkan verir ki, daha obyektiv, daha aydın şəkildə biz öz tariximizi işıqlandıraq. Müstəqillik işığında hər şeyi öz rəngində görək, hər kəsi əməllərinə görə qiymətləndirək.  Bu baxımdan sizin qələminizdən çıxan “Şah Abbas” tarixi romanı XXI əsrdən XV-XVI əsrlərə baxış kimi çox maraqlıdır və Səfəvilər dövrünə maraq həmişə güclü olub, bu da şübhəsiz Şah İsmayıl Xətai kimi bir şəxsiyyətin dünyəvi nüfuzu ilə bağlıdır.

Əzizim Elçin, Şah Abbas körpəlik və uşaqlıq illərimin, uzun qış gecələrinin, nağıllı-dastanlı dünyamın ən sevimli obrazı kimi mənə əzizdir. Ömrümün dünənində o, mənim nağıllarımın, dastanlarımın qəhrəmanı idi. Bu günsə artıq tarixi şəxsiyyət kimi, bir roman qəhrəmanı kimi sənin sayəndə mən onu sevdim, ona acıdım, ona ağladım, onunla qürur hissi keçirdim, ağlına, qabiliyyətinə, sərkərdəlik məharətinə heyran qaldım, heyrət elədim.

“– Bilmək üçün neyləmək lazımdır?

  • Öyrənmək və axtarmaq.
  • Nəyi öyrənmək və axtarmaq?
  • Məni.
  • Biz səni tapmışıq.
  • Məni tapmamısınız. Eşitmisiniz. Yaxşı-yaxşı axtarın. İndi isə gedin. Mən dincəlmək və xatırlamaq istəyirəm...”

Mənə belə gəlir ki, bütövlükdə “Şah Abbas” romanı bu sual-cavabların, neyçünlərin, niyələrin axtarışları üzərində qurulub və sonda öz bədii həllini tapıb.

Şah Abbas bütün uğurlu və qüsurlu cəhətləri ilə, bütün zəif və güclü cəhətləri ilə oxucuya təqdim olunub. Bu obrazın şəxsində az qala 50 illik bir tarixi mərhələ bütöv ağrı-acıları, qələbə və məğlubiyyətləri ilə açılıb, şərh olunub.

Şah Abbas ömrünün son günlərində öz şahlıq taxtını nəvəsi Səfi Mirzəyə etibar edəndə ona belə bir tapşırıq verir: “Mənim canamaz dəm-dəsgahımı, sazımı da özünlə götürərsən, bir də Şeyx Səfi xalısını”. Canamaz, saz və Şeyx Səfi xalısı.  Bütün döyüşlərdə bu üç müqəddəslik ona həmişə qüvvət vermişdi. Ona görə də tapşırıqla elə bil nəvəsinə demək istəyirdi ki, bu canamazda dinini, sazda ruhunu, xalıda Şeyx Səfi müqəddəsliyini yaşada bilsən sənə zaval yoxdu.

Şah Abbas atası Məhəmməd Xudabəndədən şahlıq tacını alan kimi faciələrlə dolu səhnələr insanı sarsıdır və bu sarsıntılar, saraydaxili didişmələr, sui-qəsdlər əsərin sonuna kimi davam edir. Şah Abbasın anası fars qızı Xeyrənnisənin ustaclı, sanılı, qızılbaş tayfalarına qənim kəsilməsi, Xeyrənnisənin və onun anasının qızılbaşlar tərəfindən qətlə yetirilməsi, Şah Abbasın anasının qisasını almaq üçün 22 qızılbaş əmirinin başını kəsib Qəzvin darvazalarının ucluqlarına sancdırması, Şah Abbasın əmri ilə iki ogey qardaşının – Təhmasib Mirzənin və Əbutalib Mirzənin  gözlərinə mil çəkdirib, onları ömürlük kor eləməsi hətta öz lələsini belə qətlə yetirməkdən çəkinməməsi elə bir ustalıqla təsvir olunur ki, bu məqamları oxucuya sənətkarlıqla çatdırmaq üçün sənin şəxsində yazıçı qələmi tarixçi qələminə, tarixçi istedadı yazıçı ilhamına qüvvət verir. Nəticədə 40 ildən artıq şahlıq edən Şah Abbasın şəxsi keyfiyyətləri bütün çalarları ilə üzə çıxır. Bu zəhərləmələr, kirişlə boğulmalar, başkəsmələrlə bağlı Kərbəla müsibətlərini xatırlatmağın çox dəqiqi yerinə düşür. Hakimiyyəti möhkəm və uzunömürlü etmək üçün qəddarlığın son həddi əksər şahlara xas olan keyfiyyətdi. Şah Abbasın bu qəddarlıqlarına baxmayaraq ardı-arası kəsilməz müharibələrdə həmişə qalib gəlməsi, yüksək sərkərdəlik məharəti, bütün hərbi manevrlərdən ustalıqla, üzüağ çıxması istər-istəməz insanı – oxucunu heyrətə gətirir. Bütün əsər boyu ürəkləri parçalayan acı bir həqiqəti fani çılpaqlığı ilə açıb bu günün oxucusuna təqdim elədiyin üçün çox sağ ol. Bu əsər götürmək qabiliyyətimiz olsa, tarixin ən böyük ibrət dərsidir. Biz qardaş qırğınlarından söhbət düşəndə nədənsə həmişə Sultan Səlimlə Şah İsmayılın  qarşılaşmasını – Çaldıran faciəsini xatırlayırıq. Ancaq bu əsəri oxuduqca hər səhifədə, hər fəsildə təəssüf hissi keçiririk, qəlbimizdən qara qanlar axır.

Faciəmizin böyüklüyünə baxın ki, Şah Abbas Osmanlıları məğlub eləmək üçün Avropa ölkələri ilə güclü əlaqələr yaradır, İspaniya kralına elçi göndərir,  Osmanlıları zəiflətmək istəyən Venesiya və İtaliya ilə güc birliyi yaratmağa can atır,  Fransadan silah almaq üçün alverə girişir, öz qılıncımız özümüzü kəsir, qardaş öz qardaşının qanını tökür, biri Osmanlı kimi, biri də qızılbaş kimi bir-birini məhv edir, avropalıların fitvasına uyur, bu bədbəxt atabir, anabir qardaşlar  heç vaxt başa düşmür və başa düşmək istəmir ki, qardaş qırğınından qazanan ancaq Batı ölkələri olur. Nəticədə Osmanlı imperiyasının ölümü yaxınlaşır, Azərbaycanın parça-parça olması üçün gələcəyə zəmin hazırlanır.  Bütün türk-müsəlman dünyasını içəridən çökdürmək üçün rusların, ingilislərin əlinə yaxşı fürsət meydanı keçir. Bu günkü bəlalarımızın kökü elə o zamanlardan gəlir. Şiə-sünnü məsələsindən istifadə edənlər bizi bütövlükdə ölümə, məhvə, parçalanmaya aparır. Amansız düşmənə fürsəti həmişə özümüz vermişik. Qırılan da özümüz olmuşuq, qıran da. Ölən də özümüz olmuşuq, öldürən də. Bir-birini qıran eyni millətin tapdağı altında Şirvan, Bakı, Təbriz, Gəncə, Dərbənd, Naxçıvan, Qarabağ, Çuxursədd, bir sözlə Azərbaycan adlı bir cənnət məmləkət cəhənnəmə çevrilib bölük-bölük olmasaydı bu gün erməniyə, rusa, gürcüyə yem olmazdıq.

Qalib gələn İran aslanı Şah Abbasla məğlub olan Osmanlı paşanın sual-cavabına fikir verin:

“Şah Abbas ayağa qalxmadan soruşdu: Sən bu qədərmi özündən razıydın, döyüşçüləri evlərinə buraxdın, özünsə ova getdin, məni saymadın?

Əli paşa başını qaldırmadan:

Mən özümdən yox, taleyimdən arxayın idim, o isə sizin üzünüzə güldü, – dedi. Bu cavab şahın xoşuna gəldiyinə görə daha bir sual verdi: Ağlınımı qınayırsan, bəxtinimi?

Əli paşa bu sözün də altında qalmadı:

– Bu döyüşdə nə mənim ağlım, nə də bəxtim günahkardı. Anadan xoşbəxt doğulan sənsən. Çünki qalib xoşbəxtlikdən şişir, məğlub isə boşalır”.

Bu ürəkağrıdan parçanı ona görə misal çəkirəm ki, bu iki bədbəxtin heç biri bilmir ki, hər ikisi böyük gələcək qarşısında məğlub olub. Sabah Türk dünyasını, böyük Azərbaycanı ruslar, farslar, ermənilər, ingilislər yağlı tikələr kimi udacaq, bahalı parçalar kimi doğram-doğram edəcəklər. XV əsrdə dünyanın yarısı olan Azərbaycanı dağıtmaq üçün “Türkmənçay” və “Gülüstan” müqavilələri bağlanacaq, onun arxasınca Qarabağın, Dərbəndin, Borçalının, Zəngəzurun, Göyçənin faciələri gələcək.

1605-ci ildə Cığaloğlu Sinan Paşa ilə Şah Abbasın savaşında qızılbaşlar 34 türk paşasını əsir almışdılar. Əgər bir savaşda 34 türk paşası əsir alınıbsa, indi görün hər dəfə Osmanlılarla qızılbaşlar qarşılaşanda sayı 50 mindən az olmayan qoşunlar bir-birinin qanını sel kimi axıdanda biz nələri və kimləri itirmişik. Dünyanın heç bir milləti tarixdə bir-birinə bu qədər qənim kəsilməyib. Bu günün gözüylə baxanda Şah Abbasın “böyük köçü”nə tarixin böyük səhvi də demək olar. Əgər o dünən Çuxursəddi, Borçalını, Rəvanı köçürüb farsların içinə doldurmasaydı bəlkə də Ermənistan və Gürcüstan azərbaycanlılarının daha dəhşətli qaçqınlığı, köçkünlüyü də olmazdı. Şah Abbas  o torpaqları boşaltmaqla özündən xəbərsiz erməni kimi kəmfürsət düşmənə dövlət olmaq üçün ərazi hazırlayırmış.

Əzizim Elçin Hüseynbəyli!

Əsərin bir yerində çox qiymətli bir fikir işlətmisən: “Tarix hər zaman ağadır. Ancaq onu ağa kimi də görmək olar, gədə kimi də. Tarixi gədə kimi görənlərin halına yazıq!”

Mən sənə təşəkkür edirəm ki, çox böyük zəhmət, axtarış, istedad bahasına tarixi ağa kimi görməyi və onu bizə ağayana çatdırmağı bacarmısan. Sən əsərdə heç bir yerdə oxucuya hökm eləmirsən, oxucuya təzyiq göstərmirsən, oxucunun hansı nəticəni çıxarmasını onun öz öhdəsinə buraxırsan. Əsərdən çıxan məntiq, qayə budur.

Mənim düşüncəmə görə bu əsər bizə və bizdən sonra gələnlərə belə deyir: Tarixini yaxşı öyrən, şəxsiyyətlərini dürüst tanı, keçmişinə sahib ol, öz qılıncınla özünü kəsmə, dilinə, dininə, əqidənə, etiqadına sadiqlik hissini itirmə, milliliklə millətçiliyi qarışdırma, gələcəyini düzgün qurmaq üçün tarixin acı həqiqətlərindən, böyük dərslərindən ibrət al. Özün ol, özgələşmə. “Mən kimdən” demə, “kim məndən” de. Gücü kökünə ver ki,  budaqların tufanlara yem olmasın. Xalqdan millətə, millətdən dövlətə doğru get, millətdən tayfaya enmə, tayfadan millətə doğru get. Getdinsə, getməyi bacardınsa dünya sənindi. Bacarmadınsa nə dünya sənindi, nə də sən dünyanınsan!

Vəssalam, şüttamam!

Öpürəm səni! Sənə yeni yaradıcılıq zirvələri arzulayıram!

 

12. 05.2009

  Geri