Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   XATİRƏLƏR YARAŞIĞI

XATİRƏLƏR YARAŞIĞI

     Dövlətə, dövlətçiliyə həmişə dərin hörmət bəsləyən, bütün şüurlu həyatını öz xalqının mənəvi dəyərlərinin, mənəviyyatının, mətbuatının inkişafına həsr edən unudulmaz ziyalımız Rəşid Mahmudov mənim yaddaşımda nəcib bir insan gözəl şəxsiyyət kimi qalıb. Mən onu ilk dəfə Zaqatala rayonunun birinci katibi işləyəndə hörmət və məhəbbət hissiylə kənardan seyr etmişəm. Onun sağlam, gümrah, yaratmaq enerjisi ilə dolu vaxtlarını görmüşəm.
Sonralar tale elə gətirdi ki, bizim aramızda çox doğma və isti bir münasibət yarandı. Rəşid müəllim Dövlət Mətbuat Komitəsinin sədri işləyəndə mən “Yazıçı” nəşriyyatında poeziya şöbəsinin müdiri işləyirdim. Yaradıcılıq işləri ilə əlaqədar tez-tez ünsiyyətdə, münasibətdə olurduq. Sonralar Rəşid müəllim “Kommunist” qəzetinin baş redaktoru işləyəndə onun mənə olan sevgisinin və qayğısının sayəsində o qəzetin ən fəal müəlliflərindən birinə çevrilmişdim. Baxmayaraq ki, “Kommunist” qəzeti sırf siyasi  qəzet idi və çox böyük tirajla nəşr olunurdu o qəzetin səhifələrində Rəşid müəllim tez-tez mənim şeirlərimi oxuculara təqdim edirdi.
     “Nizami” kinoteatrı ilə üzbəüz olan binada indiki “Xalq” qəzetinin yerləşdiyi mərtəbə o zaman “Kommunist” qəzetinə mənsub idi. Rəşid müəllimin iş otağı üçüncü mərtəbənin baş tərəfində, dəhlizin sonunda yerləşirdi. Onun qapısı həmişə mənim üzümə açıq olardı. Nə qədər əlində işləri çox olsa da mənə səxavətlə vaxt ayırar, şeirlərimi sevə-sevə oxuyar, elə oradaca qol çəkib qəzetin növbəti nömrəsinə göndərərdi. Dəfələrlə bir-birindən şirin söhbətlərimiz olub onun iş otağında. Ədəbiyyata gələn yeni nəsillərlə, ağsaqqal yazıçı və şairlərimizlə bağlı çox şirin və maraqlı söhbətlər edər, mənə öz tövsiyyələrini verərdi.
Ünsiyyətində çox zərif  insan idi. İncə bir tonda astadan və çox şirin bir danışığı vardı. Söhbətlərində heç vaxt məişət səviyyəli məsələlərə yer verməz, həmişə insanı, şəxsiyyəti böyüdən ciddi məsələlərə toxunar, onu dinləyən həmsöhbətini böyük ideallar, böyük arzular üstündə kökləyər, öz müdrikliyi, dəyərli məsləhətləri ilə gəncliyi güclü vətəndaşlıq mövqeyinə doğru yönəldərdi. Onun adı gənc jurnalistlər içərisində çox hörmətlə çəkilər, ağsaqqal həmkarları arasında “ustad” kimi xatırlanardı.
    Ümumiyyətlə, Rəşid müəllimin sayəsində məşhur alim və ziyalı qardaşları ilə  – Hikmət Mahmudovla, Ədhəm müəllimlə çox doğma münasibətlərim vardı. İndi oğlu Bəhruz müəllimlə Rəşid müəllimdən gələn doğmalıq, dostluq ənənəsini qoruyuruq.
Yadımdadır, hüquq-mühafizə orqanlarında adı hörmətlə çəkilən qardaşı Fikrət müəllim rəhmətə gedəndə mən də Rəşid müəllimin dərdinə şərik olmaq üçün İsmayıllıya yas mərasiminə getmişdim. Xalqın belə bir deyimi var: “İnsanın nəyə qadir olduğunu bilmək istəyirsənsə onun doğulduğu yeri ziyarət elə”. Bəli, mən orda Rəşid müəllimin nəyə qadir olduğunu çox gözəl dərk elədim. O dəfn mərasimi elin, xalqın matəminə çevrilmişdi.  Azərbaycanın bütün məşhur adamları orda idi. Camaatın sıxlığı o həddə çatmışdı ki, iynə atsan yerə düşməzdi.
Mən Rəşid müəllimin doğulduğu kəndin təbiətini görəndə anladım ki, Rəşid müəllimin, Ədhəm müəllimin, Hikmət Mahmudovun üzündəki nur, işıq haləsi, dodaqlarındakı təbəssüm, gülərüzlülük hardan qaynaqlanır.
    Son illərdə zaman öz hökmünü vermiş, Rəşid müəllim qocalmış, minlərlə insanın varlığına, yaradıcılığına işıq çiləyən gözlərinin nuru sönmüşdü.  İnsan sevgisinin gücünə, ağsaqqallığın etibarına baxın ki, bu vəziyyətdə də mənim uğurlarımın heç biri onun diqqətindən yayınmaz, həmişə mənə zəng edər, televiziyada çıxışlarımla, yeni çıxan kitablarımla, aldığım fəxri adlarla bağlı öz sevincini və təbrikini çatdırar, bir ata sevgisi ilə sevinər, məni də sevindirərdi.
Allah bütün yaxşı insanların yerini cənnət eləsin. İnanıram ki, öz milləti, dövləti, xalqı, övladları, dostları, doğmaları üçün yaxşı və xeyirxah əməllərini bizlərə yadigar qoyub gedən Rəşid müəllimin yeri də cənnətdədir.
     Ruhun şad olsun, Rəşid müəllim! Həmişə qəlbimdə, ruhumda, xatirələrimdəsən!!!

 

25.02.2009

  Geri