Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   ÜRƏK NƏĞMƏLƏRİ, KÖNÜL SÖZLƏRİ

ÜRƏK NƏĞMƏLƏRİ, KÖNÜL SÖZLƏRİ

   Əziz oxucular!
   Ulu öndərimiz, ümummilli  liderimiz Heydər Əliyevlə bağlı yazdığım “Böyük ömrün dastanı” poeması bu misralarla tamamlanırdı:

Həsrətinlə gəzəcəyəm
                      ömrüm boyu,
Kövrək qəlbim oyum-oyum
   oyulacaq.
Səndən ötrü yaratdığım
bu dastanın
Son nöqtəsi mən öləndə
                                 qoyulacaq!

   Bəli, bu söz yenə qüvvədə qalır. Allahın mənə verdiyi ömür davam elədikcə bu əsər də davam edəcək. Çünki Heydər Əliyevin ömründə həmişə davam edən bir tükənməzlik var. Ona görə də düşündükcə düşündüm, yazdıqca yazdım. Axı, mən vicdanım, Allahım və Heydər Əliyevin ruhu qarşısında söz vermişdim ki:

Nə qədər ki, canda ruh var,
Ruhda can var, yazacağam!
Nə qədər ki, səni sevən,
Səni duyan Zəlimxan var,
                    Yazacağam!

    Yazdım. Onu gördüyüm, onu sevdiyim anlardan, saatlardan, dəqiqələrdən, heyrətli və ibrətli mənzərələrdən yazdım. Səsi qulaqlarımda, sözü ürəyimdə, qayğıları taleyimdə, əli kürəyimdədir. O sevgidən, o səsdən, o qayğıdan, o böyüklükdən, o heyrətdən, o ucalıqdan yazdım. Öz xalqını ucaltmaq eşqinə göylərə uzanan əlindən, xalqı səfərbər eləyəndə buludları yaran yumruğundan, çaylar daşıb sədləri dağıdanda suları dayandıran hökmündən yazdım.
Məkkə səfərindən yazdım:

O əl qaldırıb məni
                       Qara daşa, Kəbəyə,
O əl çatdırıb məni
                       ən uca mərtəbəyə!

Çin səddindən yazdım:

Durmadan, dayanmadan
                          qalxanda Çin səddinə,
Çin səddi kimi baxdım
                         əyilməyən qəddinə!

   Türk dilli dövlətlərin zirvə toplantısında, “Manas” dastanının min illiyində onun çıxışını dinləyəndən sonra:

Yeni mizan, yeni dünya qurandı,
İlk andımız, son andımız Turandı.
Nişan verən peyğəmbərdi, Qurandı,
Nə yozulsa xeyrə yozum olacaq,
Əzəl-axır dünya bizim olacaq!

Vaxt Təbrizin, dünya Ərkin dünyası,
Yol Tanrının, Haqqı dərkin dünyası.
Əzəl-axır dünya Türkün dünyası,
Üç gün, beş gün gecim, tezim olacaq,
Əzəl-axır dünya bizim olacaq!    
        –         dedim.

    Hər dəfə kürsülərdə, səfərlərdə, məclislərdə  onun uca boyunu, məğlubedilməz şəxsiyyətini görürdüm, haqlı mübarizəsini, həqiqətini görürdüm, müstəqil, möhtəşəm dövlətini görürdüm.
    Görə-görə, duya-duya, sevə-sevə ondan yazdıqlarımı təkcə varaqlara yazmırdım, həm də dağa-daşa yazırdım, toxunub ürəklərin ən incə simlərinə, hər ürəyə köçürüb, həm yaddaşa yazırdım. Onun torpaq kimi əkilən, toxum kimi səpilən, çiçək kimi öpülən mübarək ömründən yazırdım.
Dədə Qorquda olan sevgisindən, Füzuliyə olan heyrətindən, Ələsgərə olan məhəbbətindən, Şəhriyara olan həsrət və rəğbətindən, Mirzə Cəlilə olan yanğısından, Cavidə olan sədaqətindən, Vurğuna olan hörmətindən yazdım. Qarabağda Vaqifin məqbərəsinə dönən, Naxçıvanda Cavidin türbəsinə dönən, Bakıda Nəsiminin, Nərimanın, Cabbarlının heykəllərinə çevrilən, heykəlləşən ömründən-günündən yazdım.

Göylər üçün yaranıb üfüqlərin şahini,
Analardı yetirən yenilməzi, dahini.
Özünə dost elədi Tanrını, İlahini,
Tanrılara qovuşan, fələklərə yetəndi,
Nə qədər zirvələr var hamısını ötəndi
Ömrün Heydər zirvəsi!

– deyib, yaratdığı və yaşatdığı uca zirvələrdən yazdım, tarixə çevirdiyi həqiqətdən, həqiqətə çevirdiyi tarixdən yazdım!
    Onun torpaq sevgisindən, bayraq sevgisindən,  ocaq sevgisindən, Atabəy Məhəmməddən, Əcəmi Naxçıvanidən, Şah İsmayıl Xətaidən qaynaqlanan, Üzeyir bəyin “Koroğlu”sundan qanad alıb uçan Azərbaycan sevgisindən, “Mən Azərbaycanlıyam!” deyən millət və dövlət sevgisindən yazdım.

Düşüncələr içində
                        ən kövrək bir andayam,
Yenə ziyarətində,
                       Fəxri xiyabandayam.
Qarlı bir qış günündə
Başım sinəmin üstə
                       dayanmışam önündə.

– deyib, yatdığı torpaqdan, uyuduğu məzar–abidədən yazdım.

Baxıram, ellər yenə
                       sel-sel, axın-axındı,
Bu yerdə Haqq evinə
                       insan daha yaxındı.
Şair, sən də qəlbini
                       yandır indi, yax indi,
Dərdinə əlac oldu
                          Heydər ziyarətgahı,
Başımıza tac oldu
                          Heydər ziyarətgahı.

– deyib, ziyarətə çevrilən böyük və uca, ulu və möhtəşəm şəxsiyyətindən, ziyarətindən yazdım.
     Ondan sonra meydanı boş qoymayan, özü kimi boyu hər yerdən görünən, hər millətin öz dilində danışan, səsi hər yerdən eşidilən, iş kabinetindən daha çox xalq içində, el arasında olan, ləyaqətli varisdən, qeyrətli davamçıdan, sağlam vətəndaşdan, milli zəminə, milli kökə bağlı oğuldan, eşqindən, inamından, tanıdığı, sevdiyi, seçdiyi İlhamından – bu gün hamımızın qürur və iftixar mənbəyimiz olan İlham Heydər oğlunu bizə bəxş edən səxavətindən, əfsanəni həqiqətə çevirən cəsarətindən yazdım.
Sevdiyim, seçdiyim, əzizlədiyim, yüksək qiymət və dəyər verdiyim Xəlil Rza şeirinin vulkanından,  Məmməd Araz şeirinin tufanından, Zəlimxan Yaqub şeirinin meydanından, “Göylərdən göndərdi yaradan səni” deyib, Onu Yaradan Allahın qüdrətindən, Onu yetirən Tanrının səxavətindən, Onu yaşadan torpağın bərəkətindən, Onu ucaldan xalqın ucalığından, Allahın Ona verdiyi ömrün əbədiyyətindən yazdım.
Sabah zaman məndən soruşanda ki, dövründə, zamanında yaşadığın, tükənməz qayğılarını gördüyün, dəfələrlə əllərini sıxan, dönə-dönə əllərini sıxdığın, səni Vətənin uca mükafatlarıyla şərəfləndirən, tarixi səfərlərdə səni yoluna yoldaş eləyən, məclislər başında şairə yer göstərən ulu öndər, uca kişi, böyük insan Heydər Əliyevlə bağlı nə yazmısan, nə yaratmısan? – onda mənim zamana cavabım bundan ibarət olacaq: “Böyük ömrün dastanı” və “Böyük ömrün davamı” adlı iki əsəri birləşdirən “Əbədiyyət dastanı”nı, əbədiyyətə doğru yol gedən könül nəğmələrini yaratmışam! O könül nəğmələri ki, mən o nəğmələri yaradanda dağa-daşa düşmədim.

Bir ömrün tarixini
                   oxuyub varaqladım,
Sözün canı nədirsə,
                  mən o canı yazmışam.

Nə zaman qaldırırdı
                    yumruğunu havaya,
O dalğanı, o tufanı,
                    o meydanı yazmışam.

Saya gəlməz duyğularla
                    hər gün verib baş-başa,
Pillə-pillə haqqa varan
                     adı-sanı yazmışam.

Ümid yeri, iman yeri,
                     güman yeri bilmişəm,
Talellərə ünvan olan
                     o ünvanı yazmışam.

Doğum günü var olsa da,
                     ölüm günü yoxdu, yox,
Ölümlərə qılınc çəkən
                      bir insanı yazmışam.

Neçə ildi içərimdə
                      nur çeşməsi qaynayır,
Dastan mənə dayaq olub,
                      mən dastanı yazmışam.

Onu görüb, onu duyub,
                         onu sevib həyatda
Zəlimxanın içindəki
                     Zəlimxanı yazmışam.

Qoca dünya, qoca tarix
                       öz işini görəcək,
Ağılların, ilhamların
                      meyvəsini dərəcək.
Açılacaq aydın səhər,
                     söküləcək qızıl dan,
Oxunacaq!
              Oxunacaq!
                         Oxunacaq bu dastan!!!


     Bu dastan ona görə zaman-zaman yazılacaq və oxunacaq ki, onun ilk xeyir-duasını bir neçə il bundan əvvəl gecənin tən yarısında yuxuma girmiş nurani-pirani, saçından, saqqalından nur tökülən mələk donlu, mələk misallı bir qoca kişi vermişdi. İlhamıma coşqu, qəlbimə təpər, qələmimə qüvvət arzulamışdı. Mən də gördüyüm və eşitdiyim nə varsa, o səsi, mənzərəni olduğu kimi “Böyük ömrün dastanı” əsərinin proloquna çevirmişdim.

Verdi salamını müdriklər kimi,
Önümdə bir aqil qoca dayandı.
Sandım ki, Tanrıdı, qarşıma çıxan,
Qalxdı, ucalardan uca dayandı.

“Eşitdim öndərdən əsər yazırsan,
Gəldim əllərini sıxmağa, oğul.
Dizində güc gərək, qəlbində təpər,
O qarlı zirvəni çıxmağa, oğul.

Gör sənə nə qədər güc verib Allah,
Sən də öz gücünü bu əsərə ver.
Onun havasına, onun eşqinə,
Səsini ən odlu nəğmələrə ver.

Sənə bu kitabı bir göndərən var,
Dincəlmə, yuxlama, uyuma, oğul.
Qələmdən od yağsın, varaqdan atəş,
Soyuma, soyuma, soyuma, oğul.

Rəssamın silahı rəngdi, fırçadı,
Memarın sərvəti qayadı, daşdı.
Sözdən elə yarat o heykəli sən,
Desinlər ən böyük heykəltəraşdı”.

Onun könül açan ürək sözləri
Döndü qanadlara, döndü qollara.
Böyük bir  dahidən yazmaq eşqinə,
Allahı çağırıb düşdüm yollara.

Axdı qələmimdən odlu sətirlər,
Yollarda işığım, çırağım oldu.
Dərələr dəftərim, qayalar masam,
Düzlər qalaq-qalaq varağım oldu.

Sevgin paylananda durmadım geri,
Öpdüm gül qarışıq sən yatan yeri.
Çiynimdə göylərə qaldırdım yeri,
Əqidən sarsılmaz dayağım oldu.

Gəldi dostluq günü, gəldi dost anı,
Qoymadım qılıncım qında pastanı.
Adına yazdığım “Heydər dastanı”
Başımın üstündə bayrağım oldu.

    O bayraq müstəqil Azərbaycanın, bu müstəqilliyi qorumaq üçün bütün varlığını dövlətə, dövlətçiliyə, xalqa, millətə həsr edən, xalqın azadlığını böyük çaxnaşmalardan sağ-salamat çıxardan, özündən sonra gələn nəsillərə müqəddəs əmanət kimi təqdim edən ulu öndərin, ümummilli liderin, böyük xilaskarın, ilhamlı qurucunun və onun ləyaqətli varisi möhtərəm Prezidentimiz İlham Heydər oğlu Əliyev cənablarının göylərin yeddinci qatına qaldırdığı Azərbaycan bayrağıdır!!!


8.12.2008

  Geri