Zəlimxan Yaqub
Xalq şairi
YAŞAMAQ
Bu il kənddə ölüm-itim olmadı. Camaat sağ-salamat qışdan yaza çıxdı. Qəbir qazılmadı, yas çadırı qurulmadı. Kənddən qəbiristana gedən yolları ot-əncər basdı, cığırlar güllə-çiçəklə örtüldü, otların arasında qəbir daşları görünməz oldu. İnsanlar qarışqa kimi qaynamağa başladı. Hər kəs öz işinin dalınca getdi. Əkin əkən, yer belləyən, torpaq şumlayan, toxum səpən, ağac budayan, tənəkləri doğrayıb təmizləyən, darayan yorulmaq bilmədən çalışırdı. Hərə öz işinin dalınca gedirdi. Bel, kürək, qazma, külüng, dırmıq, yaba, dəhrə, tənək qayçısı, balta insan əlinin istisindən güc alıb işləyirdi.
Kəndin bir tərəfində həyat qaynayırdı, o biri tərəfində sükut hökm sürürdü. Mən sükut hökm sürən tərəfə getdim. Fikirli-fikirli qəbiristanlığı dolaşmağa başladım. Göy otu yarıb yerimək olmurdu. Sükutun səsi adamın beynini dəlirdi. Qu desən qulaq tutulardı. Vahimələnirdim. Bədənimə soyuq tər gəlirdi. Tüklərim biz-biz olurdu. Ancaq inadla qəbiristanlığı dolanırdım. Baş daşlarına baxır, yazıları oxuyur, tarixlərə fikir verir, uzağa-yaxına boylanırdım. Sinə daşlarında bayatıları, yaralı sözləri oxuduqca təzədən yaralanırdım.
Bir at mindim başı yox,
Bir çay keçdim daşı yox.
Burda bir qərib ölüb,
Qohumu, qardaşı yox.
Dağda qan,
Dağda bitər dağdağan.
Ovçu bir ceyran vurub,
Göl-göl olub dağda qan.
Qəbir daşlarına fikir verirəm. Yazın seli, qışın qarı, payızın acı küləyi, yayın istisi-bürküsü daşlarda yazıları görünməz hala salıb, qədim qəbir daşları mamır bağlayıb. Qəbirlərə fikir verirəm. Bu qəbiristanda yatanların çoxu ilə duz-çörək kəsmişəm, məclislər keçirmişəm, yaddan çıxmayan söhbətlər eləmişik. İndi onlar haqdadı, mən yalançıda. Birdən qulağıma bir səs gəldi: “Allah səni qorusun!” bilmədim bu səs qəbirdən, ölülərdən gəlir, yoxsa dirilərdən. Bu səs alqış kimi, dua kimi səslənir, məni yaşamağa çağırırdı. Gördüm sükutdan bağrım partlayır, qəbiristanlığı tərk elədim. Sükutdan səsə, ölümdən həyata doğru addımladım. Bu addımlar mənə deyirdi: Nə qədər ki, gözündə işıq var, qolunda qüvvət, dizində taqət var, nə qədər ki, canında can var, yarat, insan yaratdıqca gözəlləşir. Ölməyə tələsmə, yaşamağa tələs. Bu sözlər məni möhkəm silkələdi. İnsan Günəş kimi doğmaq, dan yeri kimi sökülmək, səhər kimi açılmaq, üfüq kimi ağarmaq istəyir. Çünki həyat əzabı, iztirablarıyla, gözyaşı, nisgili, həsrətiylə, ayrılığı, həkimi-dərmanı, ağrı-acısıyla şirindir, doyulmazdır. Dağına, aranına, gülünə, çiçəyinə, daşına, qayasına, başı qarlı zirvəsinə nə qədər baxarsa baxsın, həyatdan nə göz doyur, nə könül əl çəkir.
Ah, mən gündən-günə bu gözəlləşən,
İşıqlı dünyadan necə əl çəkim.
Bu yerlə çarpışan, göylə əlləşən,
Dostdan, aşinadan necə əl çəkim.
İstəkli dilbərim qarşımda durdu,
Yenə şairliyim başıma vurdu,
Məndən dəli könül burdaca sordu,
Bu saçı leyladan necə əl çəkim!
deyən şairimiz bu misraları elə-belə, gəlişigözəl söz kimi deməyib, ürək yanğısını, insan sevgisini dilə-qələmə gətirib. Məhəbbətin sonsuzluğunu göstərib.
Mən zirvəsi göyləri dələn dağ olmaq istəyirəm, dalğası, ləpəsi könül güldürən dəniz olmaq istəyirəm, mən budaqları buludlarla öpüşən ağac olmaq istəyirəm, mən üzünü daşlara sürtə-sürtə dağdan arana doğru axan dağ çayı olmaq istəyirəm, mən bütün ağacların anası meşə olmaq istəyirəm. Mən hərəkətdə və bərəkətdə olan həyat olmaq istəyirəm! Mən yaşamaq istəyirəm, yaşamaq!
15.03.2015
|