Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   BÖYÜKLÜYÜN İŞIĞINDA

BÖYÜKLÜYÜN İŞIĞINDA

Hörmətli alimimiz, əziz ağsaqqalımız Teymur müəllim!

Sizin mənə hədiyyə elədiyiniz “Mirzə İbrahimov” foto-albomuna baxıram. Baxıram, varaqlayıram, oxuyuram, dönüb bir də oxuyuram. Kitaba hər dəfə yeniliklərlə, təzə elmi mətləblərlə qarşılaşıram. Nə yaxşı sənin Mirzə müəllimlə doğmalığınız, yaxınlığınız, dostluğunuz olub. Yoxsa bu kitab belə canlı və gözəl alınmazdı. Bu kitab təkcə axtarışların, araşdırmaların məhsulu deyil, həm də böyük sevginin, doğmalığın, məhəbbətin əsəridir. Buna görə sizə ürəkdən əhsən deyirəm. Nə yaxşı ağsaqqallar var, nə yaxşı onların yolunu davam elətdirənlər var.

Bu kitab böyük şəxsiyyət, görkəmli yazıçı, dramaturq, ictimai xadim, gözəl insan, öz xalqının işıqlı oğlu, xalq yazıçısı, akademik, sosialist əməyi qəhrəmanı Mirzə İbrahimov haqqında bir bədii salnamədir. Biz bu salnamə vasitəsiylə Mirzə İbrahimovun dövrünün mühitini, həyat yolunu, müasirlərini, qalxdığı-endiyi pillələri, uşaqlıqdan qocalığa və ucalığa gedən ömrünün bütün keçidlərini çox yaxşı şəkildə görür və dərk edirik. Dərk edirik ki, Mirzə İbrahimovdan geniş şəkildə, elmi, psixoloji, fəlsəfi, bədii, həyati, ictimai istiqamətlərdə söz açmaq üçün belə bir böyük kitabı çox böyük ehtiyac varmış.

Bu kitab sonsuz alim zəhmətinin, vətəndaşlıq yanğısı ilə dolu bir ürəyin, böyük diqqətinin barı-bəhrəsidir. Mirzə İbrahimovun adına layiq bir kitabdır. İstər mətnlər, istər şəkillər, istər məşhur insanların Mirzə müəllim haqda fikirləri insanı-oxucunu qanadlandırır, ucaldır, sevindirir. Fəxr edirsən ki, xalqın belə bir övladı olub və o bütün şumlu həyatını canı-qanı qədər sevdiyi xalqına həsr edib.

Mirzə İbrahimovun həyat və ömür yolu mədəniyyətimizin, mənəviyyatımızın, ədəbiyyatımızın, ictimai fikirlərimizin yoludur. Bu yolda istedad, zəhmət, inadkarlıq, ardıcılılıq, böyümək və böyütmək eşqi, fəhləlikdən alimliyə, ictimai mühitə gələn bir aydınlıq var.

Bu yol Cənubi Azərbaycandan, Təbrizdən, Sərab mahalının ..... kəndindən başlanıb. Bu kənddə doğulan körpə sonradan bütöv Azərbaycanın oğlu olub və Azərbaycanı dünyada tanıdan şəxsiyyətlərdən birinə çevrilib. Onun həyatı, fəaliyyəti, yaradıcılığı, apardığı məsul dövlət işləri, ictimai işlər onu bir ziyalı kimi xalqın gözündə ucaldıb. Bütün bu keyfiyyətlər foto-albomda olan tarixi şəkillərlə çox gözəl əks olunmuşdur. Əlli ildən artıq fəaliyyətinin elə bir sahəsi yoxdur ki, unudulmuş, yaddan çıxmış, diqqətdən kənarda qalmış olsun.

Mirzə İbrahimov dövrünün çox görkəmli nümayəndələrinin fikirləri şəkillərin və mətnlərin dili ilə çox aydın və gözəl danışır. Foto-albom Mirzə İbrahimovun öz doğma xalqına müraciəti ilə başlayır.

“Ey mənim xalqım, ey mənim ümidim və pənahım! Ürəyimin istiliyi səndədir, fikrim işığını səndən alır, həyatımın nəşə və sevincinə bais sənsən! Həyat yolunun sürüşkən döngələrində qolumdan tutan, məni yıxılmağa qoymayan sən olmusan. Amansız qorxu başımın üstünü alaraq məni ağır fikirlərə saldığı zaman, xoş günün dönük dostları, zəif və qorxaq yoldaşlar məndən üz döndərdiyi zaman yeganə dayanacağım sən olmusan.”

Hörmətli Teymur müəllim! 

Kitabın bu müraciətlə başlaması nə qədər təbii və gözəldir. Bu müraciət Mirzə müəllimin ömür yoluna işıq salan bir əsərdir. Bu əsərdə müəllifin xalqına məhəbbəti, sevgisi, dostlara münasibəti, düşmənlərə nifrəti, zəiflərə, qorxaqlara, üzü dönüklərə tərs şilləsi, nəşəsi-sevinci, qorxulu anları, xalqın böyüklüyünə inamı çox aydın şəkildə ifadə olunub. Kitabın sonuna qədər bu fikirlər müxtəlif şəkillərdə davam etdirilir.

Kitab ulu öndərimiz Heydər Əliyevin Mirzə İbrahimova Lenin ordenini və “Oraq və çəkik” qızıl medalını verdiyi şəkillə açılır və böyük ədibin 100 illik yubiley şəkilləri ilə tamamlanır.

Bu iki mənzərə arasında yüzlərlə şəkil var ki, hamısı tarixdir. Bu tarixi yaradanlar Mirzə İbrahimov və onun dünyada, keçmiş SSRİ-də və Azərbaycanda olan müasirləridir.

Mirzə İbrahimovun işığında olan adlara fikir verin.

Üzeyir Hacıbəyov, Bülbül, Səməd Vurğun, Heydər Hüseynov, Rəsul Rza, Süleyman Rüstəm, Şəfaət Mehdiyev, Adil İsgəndərov, MirCəlal, Əli Vəliyev, Seyid Cəfər Pişəvari, Əli İndə, Qılman İlkin, Osman Sarıvəlli, Süleyman Rəhimov, Aşıq Hüseyn Cavan, Cövdət Hacıyev, Yusif Məmmədəliyev, Məmməd Cəfər, Abdulla Şaiq, İlyas Əfəndiyev, İman Mustafayev, cavl Heyət, İsmayıl Şıxlı, İsa Hüseynov, Balaş Azəroğlu, Tofiq Bayram, Firudin Şuşinski, Bəxtiyar Vahabzadə, İmamverdi Əbilov, Mikayıl Abdullayev, Nəriman Həsənzadə, Anar, Elçin... bu siyahını nə qədər desən uzatmaq olar.

Azərbaycandan kənarda olan ziyalılarla Mirzə İbrahimovun əlaqələrini göstərən şəkillərə, adlara fikir verin. Konstantin Simanov, Pavel Antakolski, Konstantin Fedin, Mixail Soloxov, Nikolay Tixonov, Nazim Hikmət, Əziz Hesin, Çingiz Aytmatov, Şərəf Rəşidov, Qaysın Quliyev, Mirzə Tursunzadə... bu siyahını da nə qədər desən artırmaq olar. Bu adları mən ona görə yada saldım ki, Mirzə İbrahimovun fəaliyyət meydanının genişliyinə və əhatəsində olan şəxsiyyətlərin kimliyini hörmətlə xatırlayaq. Çünki hər adın yanında bir şöhrət, bir tarix var.

Mirzə İbrahimovun dramaturgiyasında “Həyat”, “Madrid”, “Məhəbbət”, “Közərən ocaqlar”, “Kəndçi qızı”, “Yaxşı adam”, nəsrində “Gələcək gün”, “Pərvanə”, “Böyük dayaq”,, tərcüməsində Şekspirin “Kral Lir”, “On ikinci gecə, yaxud hər nə istəsəniz”, N.Ostrovskinin “Quduz pullar”, “Müdrik olan hər kəsə kifayətdir”, Çexovun “Üç bacı”, Molyevin “Don inan”, Bernard Sonun “Şeytanın şagirdi” əsərləri Azərbaycan ədəbiyyatını zənginləşdirən əsərlərdir.

Mirzə İbrahimov Amerikada, İngiltərədə, Fransada, Portuqaliyada, Misirdə, Suriyada, Kiprdə, Zambiyada öz ölkəsinin adını ləyaqətlə təmsil etmişdir.

Özbəkistan akademiki Zahid Zahidovun fikrini xatırlamaq istəyirəm.

“1931-ci ildə kitabdakı şəkli ilə qarşılaşdığım sadə fəhlə oğlanın şöhrəti indi bütün ölkədə, onun sərhədlərindən çox-çox uzaqlarda yayılmalıdır. O indi məşhur alim, beynəlxalq aləmdə tanınan, ictimai xadim, gözəl romanlar, publisistik sanballı, elmi əsərlər müəllifidir.” Məşhur akademikin bu fikrini müxtəlif şəkillərdə müxtəlif yazıçılar və şairlər deyəcək. Çünki Mirzə müəllim insanlığa ləyaqətlə xidmət etmişdir.

Mirzə müəllimdən danışmaq Vətənin iki yerə bölünməsindən, torpaqlarımızın parçalanmasından, o taylı-bu taylı Azərbaycanın taleyindən, Səttərxan Şeyxməhəmməd Xiyabani və Pişəvari dövründən, Təbrizdə baş verən hadisələrdən, “21 Azər” hərəkatından danışmaq deməkdir. Mirzə İbrahimovdan danışmaq odlu-alovlu müharibə illərindən, uzaq şərq cəbhəsindən, on və arxa cəbhədə yazıçılarımızın fəallığından, xalqımızın qəhrəmanlığından, döyüşçülərimizin ruh yüksəkliyindən danışmaq deməkdir.

Unudulmaz alimimiz Əkrəm Cəfərin bu kitabdakı bir fikrini misal gətirmək istəyirəm. “Həqiqət budur ki, Mirzənin bu qədər böyük, geniş fəaliyyətinin hər sahəsi ayrılıqda bir adamın işidir. Bu o deməkdir ki, Mirzə təkbaşına neçə adamın işini görür. Belkə bir gücü, bu qədər enerjini o haradan, nədən ala bilər? Bu suala cavabımız yalnız budur: öz xalqına sonsuz sədaqət və dərin məhəbbətdən! Yalnız böyük məhəbbət insana bu qədər sarsılmaz iradəni, tükənməz qüvvəti verə bilər. Onun istedadındakı qüvvət və qüdrətin səbəbi də, mənbəyi də məhz bundadır.”

Bu fikir Mirzə müəllimlə bağlı ....... xalqın, elin, millətin fikridir.

Mirzə İbrahimovdan danışmaq dilimizin qorunmasından, inkişafından, ruhumuzun, milli duyğularımızın, ............ ...............alarımızın bütövlüyündən danışmaq deməkdir.

Mirzə İbrahimovdan danışmaq elmi sahələrin inkişafında gənclərə qayğıdan, köməkdən, elmi kadrların yetişməsindən danışmaq deməkdir.

“Hər kimin ixtiyarında torpaq və su varsa və o “yoxsulam” deyirsə, ən aciz və Allahın xoşuna gəlməyən bir bəndədir”. Bu fikir Mirzə müəllimin həyat devizi olub.

Kitabda gedən şəkillərin hamısı baxımlı və maraqlı olsa da, Şuşada çəkilən şəkillər məni çox kövrəltdi. Xalqımızın böyük oğlu Heydər Əliyev Molla Pənah Vaqifin movzaleyini açmaq üçün lenti kəsir. Mirzə İbrahimov bütün şəkillərdə Heydər Əliyevlə çiyin-çiyinə dayanıb. Onun belə dayanmağa haqqı var. Quşbaşı qar yağsa da, könüllərdə Vaqif sevgisi qanad açıb. Bütün yazıçı və şairlərin üzündə təbəssüm, gözündə gülüş var. Susa, 1982-ci il, yanvar ayının 14-ü. Şuşalı, Vaqifli, Heydər Əliyevli, Mirzə İbrahimovlu Şuşa!

Hörmətli Teymur müəllim!

“Mirzə İbrahimov” albomuna görə sizə ən böyük təşəkkür düşür. Siz bu kitaba gözünüzün nurunu, ürəyinin odunu, adınızın fəxrini, əlinizin hərarətini, qəlbinizin sevgisini qatmışınız. Məndə qəti şübhə yoxdur ki, bu kitab haqqında maraqlı yazılar yazılacaq. Həm Mirzə İbrahimov, həm də sizə məhəbbətlə! Bu məhəbbət, bu sevgi halalınız olsun!

Zəlimxan Yaqub

Xalq şairi

22.02.2015 

  Geri